QURAN VƏ İNSAN PSİXOLOGİYASI

0

Gözəl söz söylə, sənə qarşı edilən xətaları bağışla və etdiyin yaxşılıqlar unut!

قَوْلٌ مَعْرُوفٌ وَمَغْفِرَةٌ خَيْرٌ مِنْ صَدَقَةٍ يَتْبَعُهَا أَذًى ۗ وَاللَّهُ غَنِيٌّ حَلِيمٌ

Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir, Həlimdir. (Bəqərə, 2/263)

Zahiri gözəllik gözləri, daxili gözəllik isə qəlbləri cəlb edər. İnsanın zahiri gözəlliyi üzündə, daxili gözəlliyi isə xoş sözlərində və əməllərində təcəlli edər.  Zahiri gözəl olan insandan doymaq mümkündür, daxili gözəl olan insandan isə əsla. Əməlləri gözəl olan insana hər gün bir az daha aşiq olarsan. Ona yaxınlaşdıqca daxili gövhəri səni daha da valeh edər. Onun gəlişi sənin həyatına sevinc qatar, ayrılaraq gedişi ömründə bir hüzn buraxar.  Zahiri gözəl olub daxili dünyası eybəcərliklərlə dolu olan insandan isə yaxınlaşdıqca uzaqlaşmaq istəyərsən. Ona görə də cəmiyyətdə etibar qazanmaq üçün ilk diqqət edəcəyin vəzifə daxili dünyanı zənginləşdirib insanlara qəlbinin dərinliklərindən süzülüb gələn xoş sözlərlə müraciət etməkdir.

Xoş sözlər gözəl düşüncələrin, səmimi qəlblərin məhsuludur. Duyğu və düşüncələrin gözəl deyilsə, o kəlimələrə çevrilib dilindən ətrafa gözəlliklər yaya bilməz.  Yalandan ifadə edilən xoş sözlər sadəcə qulaqlara xitab edər, qəlblərə sirayət etməz.  İnsanın qəlbi və düşüncələri qulaqlarından zəhərlənər. Hər eşitdiyi yanlış söz onun könlünə bir ləkə salar. Başqaları haqqında danışılanları dinləməməklə bərabər, başqaları haqqında da yaxşı danışmağa cəhd etməkdir ən böyük fəzilət. Gözəl sözlər sərf edə bilmirsənsə, susaraq öz dəyərini göstərməyə çalış.

Bağışlamaq ən böyük insani keyfiyyətdir. Sənə qarşı edilən yanlışın böyüklüyünə baxmadan bağışlamaq sənin böyüklüyünün göstəricisidir. Bağışlamağı bacaran insan həyatını daha xoşbəxt yaşayar. Başqalarının ona dediklərinə və etdiklərinə fokuslanıb dərd edən insanlar öz həyatlarını yaşanmaz hala salarlar. Burada ediləcək ən gözəl davranış keçmişdə olanları unutmaq, ancaq olanlardan alınan  dərsi əsla unutmamaqdır. 

Yaxşılıqlar Yaradanın rizası üçün edildiyi zaman yaxşılıq statusu alar. Əks təqdirdə sevilməyən bir vəzifə kimi adamı yorub usandırar. İnsanların təqdirini qazanmaq üçün edilən hər bir yaxşılıq müvəqqəti xoşbəxtlik duyğusu yaşatsa da, uzun müddətli xoşbəxtliyə səbəb olmaz. Yaradılanı Yaradan üçün sevmək yaradılanın kimliyinə baxmadan yaxşılığa təşviq edər. Əks təqdirdə insanlara şəxsi keyfiyyətlərinə görə yaxşılıq edilməyə çalışılsa hər bir insanda nöqsan tapılar və demək olar ki, yaxılış ediləcək insan qalmaz. Qarşılıq gözlənilmədən edilən hər bir yaxşılıq bir gün mütləq ən yaxşı şəkildə insanın qarşısına çıxar.

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN İSTANBULDA 20 MİN NƏFƏRLİK MƏSCİDİN AÇILIŞINI EDİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Barbaros Hayreddin Paşa məscidinin açılışını edib. Bu barədə “Report”un Türkiyəyə ezam olunan əməkdaşı xəbər...

Bağla