QURANA DƏSTƏMAZSIZ TOXUNA BİLƏRİKMİ?

0

Qurani-Kərim bütün müsəlmanlar üçün çox müqəddəs və əziz bir kitabdır. Çünki Uca Allahın göndərdiyi son ilahi vəhylər onda cəmləşib. Buna görə də on dörd əsrdir ki, müsəlmanlar bu müqəddəs kitaba daim təzim edir və ehtiramla yanaşırlar. İlk dəfə Həzrət Əbu Bəkrin (r.ə) xilafəti dövründə kitablaşdırılan Qurani-Kərimi əlimizə alıb oxuyarkən dəstəmazlı olub olmamaq mövzusuna toxunacağıq. İslam alimləri dəstəmazı olmayanın Quran kitabına əl vura bilməyəcəyini söyləmiş və buna

اِنَّهُ لَقُرْاٰنٌ كَر۪يمٌۙ ﴿77﴾ ف۪ي كِتَابٍ مَكْنُونٍۙ ﴿78﴾ لَا يَمَسُّهُٓ اِلَّا الْمُطَهَّرُونَۜ ﴿79﴾ ﴿79

“O, həqiqətən, dəyərli Qurandır. Qorunmuş bir Kitabdadır (Lövhi-məhfuzdadır). Pak olanlardan (mələklərdən) başqası ona toxuna bilməz” (Vaqiə, 56/77-79) ayələrini dəlil göstərmişlər. Onlara görə, bu ayələrdə nəzərdə tutulan “Qurani-Kərim” məhz əlimizdəki kitab halındakı Qurani-Kərimdir. Ayədəki “pak olanlar” ifadəsi ilə də dəstəmazlı möminlər nəzərdə tutulmuşdur.

Yenə, ayələrə diqqətlə nəzər yetirildiyi zaman pak olanlardan başqasının ona toxunmaması gərəkdiyi yox, toxuna bilmədiyi də qeyd olunur. Yəni Quran Lövhi-məhfuzda Allah tərəfindən qorunan ilahi kəlamdır ki, heç bir cin və ya şeytan ona yaxın dura bilməz və Qurana hər hansı bir əlavə edə bilməz. Pak olanlar isə o dərgahdakı mələklərdir. Səhabə və tabiunun əksəriyyəti ayəni bu şəkildə təfsir etmişlər. Yəni, müşriklərin iddialarına cavab olaraq qeyd olunur ki, Quran Allah tərəfindən birbaşa Peyğəmbərinə (s.ə.s) vəhy olunur və hər hansı xarici müdaxiləyə məruz qalmır.

Nəsainin nəql etidyi bir hədisdə də Peyğəmbərin (s.ə.s) Yəmən xalqına yazdığı bir məktubda “Yalnız təmiz (tahir) olanlar Qurana toxuna bilər” yazdırdığı qeyd olunur. Hədisdəki “tahir” ifadəsi həm dəstəmazlı, həm qüslü olan, həm də ürəyində iman təmizliyi olan kimi mənalarda şərh edilir.

Bir də Həzrət Əlidən (r.ə) nəql edilən bir rəvayətə görə o belə demişdir: “Cənabət halı istisna olmaqla, heç bir şey Peyğəmbəri (s.ə.s) Qurandan uzaq tuta bilməzdi”. Bu rəvayət isə göstərir ki, cənabətli olaraq Quran oxumaq və ya ona toxunmaq qətiyyən olmaz.

Nəticə etibarilə, İslam mədəniyyətində Qurana dəstəmazlı toxunmamaq və onu göbək hizasından yuxarıda daşımaq gözəl bir ənənə halını almışdır. Bunu mühafizə etmək və dəstəmazlı olaraq Qurana toxunmaq ən gözəl davranışdır.  Eyni zamanda bütün məzhəblərin alimləri də dəstəmazsız olaraq Quran kitabına əl vurula bilməyəcəyi və bu şəkildə Quranın əldə daşınmasının caiz olmadığı məsələsində həmfikirdirlər. Lakin müasir dövrümüzdə komputer və telefon kimi informasiya vasitələrinə də müəyyən Quran proqramları yüklənə bilir və insanlar buradan istifadə edə bilirlər. Buna görə də imkan daxilində Quranın yazılı olduğu bu kimi cihazlara dəstəmazlı toxunmaq daha gözəl olar.

f.f.d. Ələddin SULTANOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ XALQIN VƏ SİYASİ HAKİMİYYƏTİN TERRORÇULARA QARŞI QAZANDIĞI QƏLƏBƏNİN İLDÖNÜMÜDÜR

Türkiyədə uğursuz hərbi dövlət çevrilişi cəhdindən 4 il ötür. 2016-cı il 15 iyul tarixində hərbi formalı bir qrup terrorçu Türkiyədə...

Bağla