QURANİ-KƏRİMDƏ “ƏDALƏT” PRİNSİPİ

0

 Uca Allah bəşər tarixi boyunca neçə-neçə peyğəmbərlər göndərmiş və onları ilahi mesajın insanlara çatdırılması üçün vəzifələndirmişdir. Onlar da Allah-Təalanın əmr etdiyi qayda-qanunları həm öz həyatlarında tətbiq etmiş, həm də öz ümmətlərinə təbliğ etmişlər. Peyğəmbərlərin təbliğ etdiyi və Qurani-Kərimdə də xüsusilə qeyd edilən həmin əmrlərin ən önəmlilərindən biri məhz “ədalət” prinsipidir. Qeyd edək ki, “ədalət” sözü ərəb dilindəki “عدل/ədl” kökündən törəmiş və “bərabərlik, bərabərcə bölüşmək, eynilik, orta yol, istiqamət” kimi mənalara gəlir.

Ədalət İslam dininin ən əsas şüarlarından biridir. Buna görə də Uca Allah bir çox ayədə ədalətli olmağı, ədalətlə hökm etməyi və haqsız etməməyi təkidlə əmr etmişdir. Bu mənada ədalətli olmağın ən vurğulu şəkildə ifadə edildiyi ayələr bunlardır:

“Allah sizə əmanətləri sahiblərinə (işi əhlinə) verməyinizi və insanlar arasında hökm verdiyiniz zaman ədalətlə hökm verməyinizi əmr edir. Allah bununla sizə necə də gözəl nəsihət verir! Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir”. (Nisa, 4/58)

“Ey iman gətirənlər, Allah üçün ədaləti təmin edən şahidlər olun! Bir qrup insana qarşı bəslədiyiniz kin sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır”. (Maidə, 5/8)

“Şübhəsiz ki, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, əxlaqsızlığı, pisliyi və haqsızlığı isə qadağan edir! O, düşünüb ibrət alasınız deyə sizə öyüd verir”. (Nəhl, 16/90)

Nəticə etibarilə, Uca Allah bizə dinindən, dilindən və ya mənsəbindən asılı olmayaraq heç kimə qarşı zülm və haqsızlıq edilməməsini əmr edir. Bir sözlə, ədalət hər bir kəsə layiq olduğunu və haqqı olanı verməkdir.

f.f.d Ələddin Sultanov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATININ KOMİTƏ İCLASINA SƏDRLİK EDƏCƏK

Noyabrın 24-25-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) 37-ci iclası keçiriləcək. "Anadolu" agentliyi xəbər...

Bağla