QURANİ-KƏRİMDƏ MƏSCİDLƏR

0

 “مَسْجِد / Məscid” sözü ərəb dilindəki “əyilib alnı yerə qoymaq, səcdə etmək” mənalarına gələn “سَجَدَ / səcədə” feilindən düzələn və “səcdə edilən məkan” mənasına gələn bir sözdür. Həm Qurani-Kərimdə, həm hədisi-şəriflərdə, həm də digər İslami mənbələrdə məscid sözü müsəlmanların Allaha ibadət etdikləri müqəddəs yer və məbəd mənasında keçir. Çünki Uca Allaha ibadətdə bəndənin Rəbbinə ən yaxın olduğu an səcdə anıdır və bir ayədə: “Səcdə et və (Rəbbinə) yaxınlaş!”,[1] – buyurularaq buna işarə olunur.

Yer üzündəki ilk məscidin Kəbə olduğu bir ayeyi-kərimədə belə xəbər verilir: “Şübhəsiz, insanlar üçün bərəkət və doğru yol rəhbəri kimi tikilən ilk ev (məbəd), Məkkədəki (Kəbə)dir.”[2]

Quranda Uca Allah məscid tikən və onları təmir edən müsəlmanları bu şəkildə tərifləyir: “Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namazı qılan, zəkatı verən və Allahdan başqa heç kimdən qorxmayan kimsələr təmir edərlər. Ümid edilir ki, onlar doğru yolda gedənlərdən olarlar”.[3]

Məscidləri dağıdıb viranə qoyanlar isə Qurani-Kərimdə açıq şəkildə tənqid olunurlar və onların dünyadakı ən zalım kimsələr olduğu belə ifadə olunur: “Allahın məscidlərində Onun adının çəkilməsinə mane olan və onların xarabalığa dönməsinə cəhd edəndən daha zalım kim ola bilər?! Halbuki onlar ora (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır!”[4] Digər bir ayədə də belə kimsələr haqqında: “Müşriklər özlərinin kafir olduqlarını bildikləri halda Allahın məscidlərini təmir etməyə layiq deyillər! Onların əməlləri puça çıxmışdır və onlar cəhənnəmdə əbədi qalacaqlar”,[5] buyurulur.

Məscidə getməyin və orada tək olan Allaha ibadət etməyin üstünlüyündən bəhs edən ayələrdə isə Allah-Təala belə buyurur: “İlk gündən etibarən təqva üzərində qurulmuş məscidin (Quba məscidinin) içində namaz qılmağın daha doğrudur. Orada paklanmağı sevən insanlar var. Allah pak olanları sevər”.[6] “Şübhəsiz ki, məscidlər Allahındır. Ona görə də Allahdan başqa heç kəsə dua etməyin!”[7]

Bununla yanaşı, Peyğəmbərimiz (s.ə.s) də məscid tikməyin və məscidə getməyin fəziləti ilə bağlı öz hədislərində belə buyurmuşdur:

 “Kim Allah üçün bir ev (məscid) inşa edərsə, Allah da cənnətdə onun üçün bir ev hazırlayar”.[8]

“Bir kimsənin məscidə gəlib-getdiyini görsəniz, onun mömin olduğuna şahidlik edin. Çünki Uca Allah belə buyurur: “Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirənlər təmir edərlər”.[9]

“Şəhərlərin ən sevimli yerləri məscidlərdir. Şəhərlərin ən sevimsiz yerləri isə bazarlardır”.[10]

f.f.d. Ələddin Sultanov

[1] Ələq, 96/19.

[2] Ali-İmran, 3/96.

[3] Tövbə, 9/18.

[4] Bəqərə, 2/114.

[5] Tövbə, 9/17.

[6] Tövbə, 9/108.

[7] Cinn, 72/18.

[8] Buxari, “Səlat”, 65.

[9] Tirmizi, “Təfsir”, 2.

[10] Müslim, “Məsacid”, 288.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FRANSA MÜSƏLMANLARI AZƏRBAYCANA HUMANITAR YARDIM GÖNDƏRİB

Fransanın müsəlman icması Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirib. Məlumata görə, Fransada fəaliyyət göstərən “Böyük Məqrəb” Assosiasiyası Azərbaycana humanitar yardım...

Bağla