QURTULUŞ AYI RAMAZAN

0

Əvvəli Rəhmət, Ortası Məğfirət, Sonu Cəhənnəm əzabından qurtuluş olan Ramazan ayındayıq. Artıq Rəhmət və Məğfirət günlərini geridə qoyub Ramazanın sonuna doğru addımlayırıq. Bu ay yetimlərin, kimsəsizlərin, ehtiyac sahiblərinin dərdləri ilə dərdlənmə ayıdır.

Ramazan Quran, təravih, təhəccüd, dua-zikir-istiğfar, təfəkkür ayıdır. Bu ayda ibadət və itaətlərimizə sıx sarılmalıyıq. Qeybəddən, dedi-qodudan, nəmmamlıqdan uzaq durmalıyıq.

Heç bir peyğəmbərə və ümmətə verilməyən min aydan daha xeyirli bir gecə məhz Ümməti Muhammədə verilmişdir. Rəsulullah (s.ə.s)-belə buyurur: “Ramazan gəldi! Bu mübarək bir aydır. Allah təala sizə bu ayda oruc tutmağı fərz etdi. Bu ayda səma qapıları açılır, Cəhənnəm qapıları bağlanır və azğın şeytanlar zəncirə vurulur. Allahın bu ayda bir gecəsi var ki, min aydan daha xeyirlidir. Kim o, gecənin xeyrindən məhrum qalarsa həqiqətən bir çox xeyirdən məhrum qalmış olur” (Nəsai, Siyam, 5).

Səhabədən Ubadə bin Samit (r.a)-belə rəvayət edir: Ramazan gəldiyi bir gün Rəsulullah (s.ə.s)-belə buyurdu: ” Ramazan gəldi! O, bərəkət ayıdır. O ayda Allah təala sizi bərəkəti ilə əhatə edir, rəhmətini endirir, xətalar silinir, dualara qarşılıq verilir! Allah təala sizin (ibadət və xeyir yolunda) bir-birinizlə yarışmanıza baxar və sizinlə mələklərinə qarşı öyünər. Elə isə Allah təalaya xeyirli əməllər etməyə təşəbbüs göstərin! Həqiqi bədbəxt bu ayda Allah təalanın rəhmətindən məhrum qalan kimsədir”.( Təbərani, Müslədüş-Şamiyyin 3:271)

Bu Ramazan və hər Zaman deyərək yolumuzu kimsəsizlərin, yetimlərin, xəstələrin, dərdli insanların yoluna salaq. Onların çəkdiyi əzab əziyyətə bizdə sinə gərək. Bağışlanma mövsümü olan Ramazan ayı, müsəlmanın günahlarına tövbə etmə fürsətidir. Bir daha Ramazan ayına çıxıb çıxmayacağımız məchuldur. Fürsət bu fürsət dəmdə bu dəmdir.

Oruc insanı bədən və ruh yönü ilə təmizləyən bir ibadətdir. Orucun əsil qayəsi daimi bir ibadət şüuru içində olmaqdır. Allah rizası üçün tutmaq insana elə bir hüzur halı bəxş edər ki, bu mənəvi zövq başqalarının duymadığı, yaşamadığı, hətta anlaya bilmədiyi dadlı bir hisdir.

Həqiqətən insan, Allah üçün etdiyi fədakarlıq nisbətində qulluq zövqünü hiss edər. Oruc insanı bəlli bir iradə və nəfs tərbiyəsinə tabe tutaraq təqvaya çatdırır.

Orucdan məqsəd mənən yüksələrək Allahın əmr və qadağaları qarşısında həssasiyət qazanmaqdır. Rəzulullah (s.ə.s)-belə buyurur: “Elə oruc tutanlar var ki, oruclarından onlara quru aclıqdan başqa heçnə qalmaz. Gecələr elə namaz qılan adamlar var ki, namazdan əldə etdikləri yalnız yuxusuzluqdur”.(İbn Macə, Siyam, 21)

Ramazan ayı Qurani Kərimdə adı çəkilən tək bir aydır. Onun üçün bu aya Quran ayı deyilir. Bu ayda nə qədər Qurani Kərim ilə həm hal olarsansa, əmr və qadağaları haqda təfəkkür edərsənsə bir o, qədər xeyir əməl işləmiş olarsan.

Oruc çox fərqli və dərin mənalar ehtiva edən bir aydır. Riya və göstərişdən uzaq olan ibadət yenə oruc ibadətidir. Hər yaxşılığın on mislindən yeddi yüz mislinə qədər savab verilir. Ancaq oruc bunun xaricindədir. Onun qarşılığını Allah təala verəcəkdir.

Allah Rəsulu (s.ə.s)-belə buyurur: “Cənnətdə Rəyyan deyilən bir qapı vardır ki, qiyamət günü oradan ancaq oruclular girəcək, onlardan başqa heç kəs girməyəcəkdir… (Buxari Savm, 4; Müslim,Siyam 166).

Rəsulullah (s.ə.s) orucun günahlara, pisliklərə və cəhənnəm əzabına qarşı qalxan olduğunu bildirmişdir.

Əbu Hüreyrə (r.a)-dan rəvayət edildiyinə görə Rəsulullah (s.ə.s)-belə buyurmuşdur: ” Yalan və yalana əsasən davranmaqdan əl çəkməyənin yeyib-içməkdən əl çəkməsinə Allahın ehtiyacı yoxdur”.( Buxari, Savm 8 )

Ramazan şərif Qurani Kərimin ən çox tilavət edildiyi aylardan biridir. Bu ayda Qurani Kərimi oxuyub həyatımıza tətbiq etməliyik. Əgər oxumağı bilmiriksə bilənlərdən öyrənməliyik. Çünki Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədəndir deyir Rəsulullah (s.ə.s).

Qurani kərimdə “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizədə vacib edildi ki,(bunun vasitəsi ilə pis əməllərdən) çəkinəsiz- buyurulmuşdur. Oruc insanı pis əməllərə qarşı əmələ gətirdiyi mənəvi qorunma halı olan təqvanı, möhkəm və sağlam bir qalxana çevirir.

Bu səbəbdən oruc yalnız müəyyən müddət yemək və içməkdən uzaq durmaq deyil, eyni zamanda hər cür pis əməldən çəkinmək üçün iradənin gücləndirilməsi təlimidir. Hər şeyin bir qapısı vardır, ibadətin qapısıda orucdur (İbn Mübarək, Zöhd.)

MÜBARİZ  İSAOĞLU

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RƏHMƏT AYI

Hər il ramazan ayının gəlişi İslam dünyasında sevinclə qarşılanır. Bütün müsəlmanlar bu sevinci yaşayırlar.

Bağla