RƏSULULLAHIN GƏNCLƏRİ

0

İnsan kainatın əsası, peyğəmbərlər bəşəriyyətin ən saf qaymağı, Həzrət Məhəmməd də peyğəmbərlər arasından seçilmiş, peyğəmbərlərin baş tacıdır. 

Bu səbəblə Allah Rəsulu varlığın özəyi, kainat ağacının ən mükəmməl meyvəsidir. Kainat o ən gözəl meyvə üçün yaradılmışdır. Kainatın yaradılış qayəsi də məhz odur.

Şəfqəti yalnız insanları deyil, bütün məxluqatı qucaqlayan, aləmlərə rəhmət olaraq göndərilən o rəhmət peyğəmbərinin sevgisinə bu gün hər birimiz möhtacıq.

Rəsulullahı nə qədər sevirik? Hz. Ömər (r.a) “ya Rəsulallah, canım xaric səni hər şeydən daha çox sevirəm” dedikdə Hz. Peyğəmbər (s.ə.s):

“Olmadı, ya Ömər! Məni canından da çox sevmədikcə kamil iman etmiş olmazsan” –buyurdu.

Ömər (r.a):

“Canımdan da çox sevirəm, ya Rəsulallah!” dedikdə “İndi oldu, ey Ömər!” buyurmuşdur. Bəs biz nə qədər sevirik? Sevgi fədakarlıq istər. Biz nələri fəda edə bilirik? Televizorun qarşısında keçən uzun bir vaxtdan sonra yuxu basdığı üçün sünnələri tərk edirik yoxsa?

Tıfl ikən ol dilərdi ümmətin

Sən qocaldın tərk edərsin sünnətin.

Vaxt çox azdır. Qəlbinin ən gözəl guşəsini kimə həsr etmişik görəsən? Orada kimi qonaq edirik?

Kitab rəfində Hz. Peyğəmbərdən bəhs edən neçə kitabın var və onlardan neçəsini oxudun? Oxuduğun kitablarda altından xətt çəkdiyin sətirləri qəlbinə həkk etdinmi? Yaşadıqlarınla yazdığın həyat kitabında Hz. Peyğəmbərə aid nələr etdin, ömür kitabının neçə fəsli ona aiddir?

Səhabələr Hz. Ömər timsalında olduğu kimi hər hal və vəziyyətdə “Fədakə bi əbi və ummi, ya Rəsulallah! – Atam-anam sənə fəda olsun, ya Rəsulallah!” –deyə bilirdilər. Sən nəfsinlə mücadilədə nəfsin istəklərinə əlvida deyib Musab bin Ümeyr kimi dünyalığı əlinin tərsi ilə itələyib könlünün ən gözəl guşəsini Rəsulullaha ayıra bildinmi?

Əsas məsələ də budur!

Rəsulullah Vəhb bin Kəbşə həzrətlərini dəvət üçün Çinə göndərmişdi. Mədinəyə qayıtdıqda Allah Rəsulunu görmədiyi zaman qəlbi titrədi, hıçqırıqlara boğuldu. Amma ona bu vəzifəni verən Rəsulullahdı. “O yaşasaydı məni orada (Çində) görmək istəyərdi.” –deyib həsrətini qəlbinə gömərək təkrar dəvət üçün göndərildiyi Çinə üz tutdu. Budur Peyğəmbər sevgisi…

 Yoxsa bu quraq dünyada insanı yetişdirmək mümkünmü?

Hər bir səmimi möminin ömrü boyu üfüqü və hədəfi ağlının məşğul olduğu bütün düşüncələri qəlbindəki duyğuları, hətta alıb-verdiyi nəfəslərə qədər hər şeyi ilahi riza ilə birləşdirməyə çalışmaq olmalıdır. 

Hz. Peyğəmbərin gənclər üzərindəki təsiri və onlarla maraqlanması gənclərin bütün əngəlləri və çətinlikləri aşaraq Rəsulullahın yanında yer almalarına səbəb oldu. Bu mövzuda ən təqdirəlayiq nümunə isə 10 il Həzrət Peyğəmbərin yanında qalaraq ona xidmət edən Ənəs bin Malik idi. O zamanlar 8-10 yaşı vardı. Ənəs bin Malik Rəsulullahın insana verdiyi hörmətini belə nəql edir: “10 il Rəsulullahın yanında, onun xidmətində oldum. Etdiyim hər hansı bir işə görə “niyə belə etdin?”, etmədiyim hər hansı bir işə görə də “niyə etmədin?” dediyini xatırlamıram.”

Bu gənclərin çoxu rifah və etibar sahibi olan ailələrini tərk edərək böyük çilə və fədakarlıqlardan keçərək Hz. Peyğəmbərin səfində yer almağı seçirdilər. Musab bin Ümeyr varlı bir ailənin övladıydı. Məkkədə ən lüks və dəbdəbəli geyinən, bahalı ətirlərdən istifadə edən bir gəncdi. Məkkədə Qüreyş gəncləri arasında onun qədər firavan həyat sürən başqa bir gənc yox idi. Heç bir tərəddüd etmədən İslamı qəbul etdi. Ancaq ailəsi yaxasını buraxmadı. Uhudda şəhid olarkən kəfən üçün qısa bir köynəyindən başqa heç nəyi yox idi.

Hz. Peyğəmbər Muaz bin Cəbəli hələ 21 yaşında ikən Yəmənə vali təyin etmiş, o da ömrü boyu ona vəfa və sevgi duyğuları içində yaşamışdı. Yenə başqa bir gənc olan Əbu Hüzeyfə Qüreyş liderlərindən kafir olaraq ölən Utbənin oğluydu. Əbu Hüzeyfə zəngin, əsil-nəcabətli, bolluq içində yaşayan bir adamdı. Atasından sonra Qüreyş liderliyi onu gözləyirdi. O, bütün sərvət, etibar və rahatlığı tərk edərək, İslamı və onunla birlikdə çiləni və fəqirliyi seçdi. Onlar İslamı eşqlə yaşadılar. Sevdiklərinə qovuşdular. Allahı sevdilər və sevdiyinə tabe oldular.

Mədyundur o məsuma bütün bir bəşəriyyət

Ya Rəbb bizi məhşərdə bu iqrar ilə həşr et.

Sedat DEMİR

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KİMLƏRİ SEVMƏLİYİK?

Sevgi Allah tərəfindən insana verilmiş ən üstün bir duyğudur. Sevgi xoşbəxtliyin açarıdır. Sevgi ictimai asayişin təminatıdır. İnsanın sağlam bir sevgiyə...

Bağla