SƏİD İBN CÜBEYRƏ GÖRƏ KÜFR VƏ ƏDALƏTİN NÖVLƏRİ

0

Həzrət Peyğəmbərdən (s.) sonra gələn ilk üç nəsil böyük əhəmiyyətə sahibdir. Bu nəslin ilk pilləsini “səhabələr” təşkil edir. Həzrət Məhəmmədin (s.) ətrafında pərvanə kimi uçuşan bu mübarək nəsil haqqında Qurani-Kərimdə ayələr vardır (əl-Bəqərə 2/143; Ali İmran 3/172-173; Tövbə 9-100; Həşr 59/8-9; Əl-Ənfal 8/74). İkinci pilləni “tabein”, üçüncü pilləni isə “ətbau`t-tabein” nəsli təşkil edir. Bu üç nəsil İslamın ilk öncüləridir.

            Səid ibn Cübeyr, bu halqanın ikinci pilləsinə (tabeinə) aid böyük müfəssirlərdən biridir. O, Həzrət Peyğəmbərin əmisi oğlu və eyni zamanda təfsirdə özünəməxsus yeri ilə seçilən İbn Abbasın ən ümdə tələbələrindən biri olmuşdur. Səid ibn Cübeyr, təfsir sahəsində mötəbər bir əsər qələmə almışdır. Ancaq bilinməyən səbəblərdən dolayı kitab günümüzə qədər çatmamışdır. Onun fikirləri və təfsirinə aid rəvayətlər vəfatından sonra qələmə alınan bir çox əsərdə yerini almışdır (Akpınar, 2021:91-94).

            Səid ibn Cüybeyrə görə küfrün bir neçə növü vardır. Həmin növlər aşağıdakılardır:

  1. Şirk qoşmaq: Allahdan başqa ilahların mövcudiyyətini qəbul etmək.
  2. Allahın kitabını və peyğəmbərini inkar etmək.
  3. Allaha övlad istinad etmək.
  4. Özlərini müsəlman olaraq adlandıranların işlədikləri küfrlər: Bu şəxslər Allahın nazil etdikləri xaricindəkilərlə əməl edənlər, yer üzündə fitnə-fəsad çıxaranlar, qəsdən adam öldürənlərdir.

Səid ibn Cübeyrə görə əməllərdə iki cür küfr vardır. Bunlardan birincisi Allahın nemətlərinə qarşı nankor olmaqdır. İkincisi isə Allahı inkar etməkdir.

            Böyük alim Səid ibn Cübeyrə görə ədalət üç yerə ayırır:

  1. Hökmdə ədalət: Belə ki, bu ayə hökmdə ədalətə işarə edir; “Əgər aralarında hökm verəcəksən, ədalətlə hökm ver!” (Əl-Maidə 5/42).
  2. Sözdə olan ədalət; “Danışanda ədalətli ol” (Ənam 6/152).
  3. Fidyə mənasına gələn ədalət; “Heç kəsdən fidyə qəbul edilməz” (Əl-Bəqərə 2/123).

Görüldüyü kimi Səid ibn Cübeyrin küfr və ədalət mövzusunda bildirdiyi fikir çox gözəl və mənalıdır. O, böyük ehtimalla bu mövzuda bəyan etdiyi fikrini İbn Abbasın düşüncələrinə istinad edərək söyləmişdir. Çünki Səid ibn Cübeyr ciddi mənada müəlliminin təsiri altında qalmışdır. Həmçinin o, fikirlərini gücləndirmək üçün ayələrə yer vermişdir. Bu nöqteyi-nəzərdən məsələyə yanaşdıqda Səid ibn Cübeyrin dərin elmi insanı valeh edir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan sərhədçiləri Ermənistanın təxribat törətdiyi postunu darmadağın edib

Azərbaycan sərhədçiləri Ermənistanın təxribata başladığı postunu darmadağın edib. “Report” xəbər verir ki, iyunun 15-də Ermənistan silahlı qüvvələri Zəngilan rayonu istiqamətində...

Bağla