SEVGİNİN DƏ ƏDƏBİ VAR

0

Sevdiyin, xətrini çox istədiyin və dəyər verdiyin birini saymaq, ona hədiyyə almaq, dəyər verildiyini hiss etdirmək və bunu dilə gətirmək yaxşı bir davranışdır. Necə ki, Hz. Peyğəmbərimiz (s.ə.s) bir hədisində: “Sevdiyiniz insana bunu söyləyin” deyə buyurmaqdadır. (Əbu Davud, Vitr 26)

İnsan kimi sevər? Əlbəttə, ilk olaraq inancından qaynaqlanan dəyərlərini, Rəbbini, Peyğəmbərini sevər; dinini, vətənini, ata-anasını, qohumlarını, övladlarını, ailəsini və s.

Müasir insanın sevgi anlayışı və ya sevginin hədəf kütləsi dar çərçivəyə salınmaqda, hətta sevginin ülviliyi ortadan qaldırılmaqdadır. Sevgi, sayğı, məhəbbət, rəğbət, hörmət və s. kimi məfhumların içərisi boşaldılaraq nəfsani və dünyəvi istək və mənalarla doldurulmaqdadır. Sevgi deyəndə müasir insanın (xüsusən də gənclərin) ağlına ilk əvvəl oğlan və qız arasındakı duyğu və hisslər gəlməkdədir.

Bu da bir həqiqətdir ki, Allah-Təala insan oğlunu kişi və qadın olmaqla iki cins olaraq yaratmış və insan nəslinin davamını bu iki cinsin birgəliyinə bağlamışdır. Bu birgəlik də sevgi ilə olmaqdadır. Tarixən olduğu kimi, bu gün də şeirlərin, musiqilərin, film və romanların əsas mövzusunu kişi və qadın (qız-oğlan) arasındakı evlilik əvvəli və sonrası münasibətlər təşkil etməkdədir. Sevgi məfhumunun öz dərin mənasından sıyrılaraq cılızlaşmasında bunun da böyük payı vardır.

Yetkinlik dövrü ilə birlikdə insan bədənində və psixologiyasında meydana gələn dəyişikliklərin nəticəsində fərdlər (qız-oğlan) arasında bir-birinə maraq və əlaqə yaranmaqdadır. Bu bir-biri arasındakı maraq və əlaqə böyüdükləri mühit, ailə, aldıqları təhsil, inanc və dəyərlərə görə formalaşır. Bəs bu əlaqə və ünsiyyət necə olmalıdır?

Birdəfəlik bilinməlidir ki, bu məsələdə dinin və adətlərin qoyduğu bəzi ölçülər (meyarlar) vardır. Bu meyarlarda cəmiyyətdən cəmiyyətə, çevrədən çevrəyə, ailədən ailəyə və insandan insana bəzi dəyişikliklər ola bilər. Ancaq heç bir cəmiyyətdə tamamilə sərbəstlik yoxdur. Bütün yeniyetmələri və gəncləri düşündürən məsələlərdən biri də elə bunun, qız-oğlan münasibətlərinin necə olması ilə bağlıdır.

Yuxarıda da qeyd etdiyimiz kimi, sevgi məfhumunun içərisi boşalmış, sadəcə cılız bir ifadə olaraq mənası qalmışdır. İlk əvvəl bu kəlmənin əsl mənası geri qaytarılmalı, ülviliyi qorunmalı və dəyərlər müstəvisindəki yeri bərpa olunmalıdır.

Ümumilikdə davranışları müəyyən edərkən bu sualların yeniyetmələrə və gənclərimizə kömək edə biləcək mahiyyətdə olduğunu düşünürük:

– Cəmiyyətin dəyər mühakimələri sənin (mənim) üçün bir şey ifadə edirmi?

– İnancın və yaşadığın cəmiyyətdəki ənənələrin qoyduğu ölçülərə riayət etməliyikmi? Riayət etməməyin bədəlini ödəyə biləcəksənmi?

– Bacın və ya qardaşının bu mövzuda necə davranmalarını istəyirsən? Onlar da sənin kimi olsunlarmı?

– Atan, anan və digər sevdiklərinin görməsini, eşitməsini və bilməsini istəyərdin?

– Gələcəkdə ailə quracağın qızın (oğlanın) evlənməmişdən əvvəl  sənin etdiyin şeyləri etməsi səni narahat edərmi?

– İndi etdiklərini gələcəkdə xanımına (ərinə) və uşaqlarına danışa biləcəksən?

– Gələcəkdə qızının və ya oğlunun sənin etdiklərini etməsini istəyərdin?

Bu suallar əslində necə və nə cür davranış müəyyən ediləcəyinə dair bir nümunədir. Həyat insana bir dəfə verilir. Ona görə də geri dönüşü olmayacaq, düzəldilməsi mümkün olmayan bir davranışın dünya və axirət həyatımıza  bilavasitə təsir edəcəyini unutmamaq lazımdır.

Bu arada bir şeyi də sizinlə paylaşmaq istərdim. Statistikaya görə, Azərbaycanda uşaqlara ən çox verilən, ilk onluğa girən adlar arasında: oğlanlarda Yusif, qızlarda isə Zeynəb adı yer alır.

Əslində bu gün cəmiyyətin həqiqi Yusiflərə və Zeynəblərə çox ehtiyacı var; öz məsuliyyətini bilən, davranışlarında orta yolu tutan, hər cür mənfilikdən uzaq duran, vətənini sevən, dinini-dəyərlərini sevən, inancına sayğı göstərən, “sevdiyini də Allah üçün sevən” kəslərə…

Ona görə də:

Elə yaşa ki, xəcalət çəkməyəsən, utanmayasan, peşman və məyus  olmayasan, kədərlənməyəsən.

Elə yaşa ki, müdafiə edə biləsən (müdafiə ediləcək bir tərəfin olsun).

Elə yaşa ki, rahat olasan (sənə mənəvi əzab verəcək işlərdən uzaq durasan).

Elə yaşa ki, başqalarına da tövsiyə ediləsən.

Elə yaşa ki, atana, anana, qardaş-bacına və gələcəkdə xanımına (ərinə), uşaqlarına və nəvələrinə anlada biləsən.

Elə yaşa ki, sənə əcəl gəldiyində ardınca rəhmət oxunsun.

Elə yaşa ki, bu dünyadan köçdüyündə “bir günəş batdı, bir ulduz söndü” deyilsin.

Çətindir, təbii ki…

Lakin əsla yorulma; uca zirvələr böyük səylərlə aşılır.

Həzi ASLANOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏBƏDƏ VƏ RAVZADA DA NAMAZ YASAQLANDI

Koronavirusla (kovid-19) mübarizə tədbirləri çərçivəsində Məscidi-Haramda və Məscidi-Nəbəvidə də namaz qılmaq yasaqlandı. İslamveirfan.com xəbər verir ki, bu barədə “Harameyn” idarəsinin...

Bağla