Hz. Peyğəmbər (s.ə.s) bütün insanlara qarşı böyük sevgi və mərhəmət nümunəsi idi. İnsanları heç bir ayrı-seçkilik etmədən sevər, ümmətinə isə daha xüsusi və dərin bir sevgi ilə yanaşardı. O, insanlarla münasibətlərində ata-oğul əlaqəsini nümunə göstərərək, “Mən sizin atanız kimiyəm, sizi öyrədir və tərbiyə edirəm” (Əbu Davud, Təharət, 4) deyərdi. Onun məqsədi yalnız ümmətini deyil, bütün insanları hidayətə, doğruluğa və gözəlliyə çatdırmaq idi. Əxlaqı, ədəb və həyası gözəl olanları çox sevər və “Aranızda əxlaqı ən gözəl olan mənə ən sevimlinizdir” (Buxari, Mənaqib, 23) buyurardı. Sevgisində isə həddi aşmaz, hər kəsi Allah rizası üçün sevərdi. “Dostunu sevərkən həddi aşma, bir gün düşmənə çevrilə bilər. Düşməninə də nifrətdə həddi aşma, o da dostun ola bilər” sözləri ilə hər kəsə sevgidə və nifrətdə ölçülü olmağı tövsiyə edərdi (Tirmizi, Birr, 60).
Hz. Peyğəmbərin (s.ə.s) sevgi, mərhəmət və ədalət anlayışı Qurani-Kərimdə də müxtəlif ayələrdə təsvir edilir. Bu ayələr onun davranışlarının Allahın təlimatlarına uyğun olduğunu göstərir: “Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik” (Ənbiya, 107) Bu ayə Hz. Peyğəmbərin (a.s) bütün insanlara rəhmət olaraq göndərildiyini vurğulayır. Allah, Peyğəmbərin əxlaqını yüksək qiymətləndirir və bir ayədə: “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən” (Qələm, 4) buyurur.
Hz. Peyğəmbər ədaləti ilə də seçilərdi. Həyatı boyunca “Əmr olunduğun kimi istiqamət üzrə ol” təlimatına uyğun davranmış, doğruluqdan heç vaxt ayrılmamışdı. İnsanlara qarşı sevgi ədalət anlayışına əsaslanar, nə kiminsə haqqını yeyər, nə də haqqını yedizdirərdi. “Haqsızlığın qiyamət günü hesabı ağır olacaq” deyərək, haqsızlıqdan çəkinməyi vurğulayardı. İnsanlar arasında sosial status və mövqeyə görə ayrı-seçkilik etməz, zənginləri və qəbilə başçılarını xüsusi münasibətə layiq görmədiyi kimi, kasıbları da xor bilməzdi.
Mübahisələrdə tərəfləri barışdırmağa çalışar, yalnız obyektiv dəlillərlə hökm verərdi. Yalançı şahidliyi böyük günah sayar, şahidlərin düzgünlüyünə önəm verərdi. Cinayətkarlar üçün qanunları tətbiq edərkən də cəzalandırmada ədalətli və şəfqətli idi. Günah edənlərə belə sevgi ilə yanaşar, onların islahını əsas məqsəd olaraq görərdi. Beləcə, Hz. Peyğəmbərin həyatı sevgi və ədalətin mükəmməl vəhdətini göstərən nümunə olmuşdur.
Rəşad Manafov