SINAQ İMTAHANI

0

Yer üzündə yaşayan təxminən yeddi milyard insanın hər birinin həyat tərzi, mədəniyyəti, düşüncəsi, hadisələrə baxışı, xarakteri fərqlidir.Milyonlarla insan həyatlarını davam etdirərkən,bunlardan yalnız az bir hissəsi mühüm bir həqiqətin şüuru içində ömür sürür. Bu mühüm həqiqət hər kəsin yaşadığı həyatın hesabını şəxsən Uca Yaradana verəcəyidir… Bunu sözlərin ən doğrusunu söyləyən Allah-Təala içərisindəkilərə zərrə qədər şübhə olmayan müqəddəs kitabı Qurani-Kərimdə belə bəyan edir:

“Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik.” (əl-Ənbiya, 47)

Deməli, istisnasız olaraq hər bir insan gün ərzindəki düşüncəsindən, danışığından, davranışlarından, bir sözlə hər bir hərəkətindən hesaba çəkiləcəkdir. Uca Yaradanın hüzuruna çıxarıldıqda dünya həyatında bir ömür boyu etdiklərimizin hesabatını verəcəyik.  

Bu yerdə belə bir sual ağla gələ bilər ki, bəs bir ömür içərisində etdiklərimiz o gün hardan bilinəcək ki? Bunun da cavabını Uca Allah belə bildirir:

“Bu, Bizim kitabımızdır (sizin əməl dəftərinizdir). O sizin əleyhinizə haqqı deyər. Biz sizin etdiyiniz əməlləri (orada mələklərə bir-bir) yazdırmışıq!” (əl-Casiyə, 29)

Bir halda ki, dünya həyatındakı əməllər qeyd edilir və bir gün bunun hesabı soruşulacaq, o zaman insanın əməllərini hələ həqiqi hesab günü gəlmədən test etməsi doğru olmazmı? Axı, müvəqqəti dünya həyatında hər hansı bir imtahana girəcək şəxs dəfələrlə sınaq imtahanlarına qatılaraq özünü sınayır. Və əgər sınaq imtahanlarında müvəffəqiyyət qazana bilirsə, imtahan günü özünə arxayın olur, biliyinə güvənir, beləcə imtahanda da müvəffəq olur.

Bu, insan psixologiyasından irəli gələn bir həqiqətdir ki, axirət imtahanında müvəffəqiyyət əldə etmək düşüncəsiylə o böyük hesab günündən alnıaçıq, üzüağ çıxa bilmək üçün Xəlifə Hz. Ömər “Hesaba çəkilmədən əvvəl özünüzü hesaba çəkin. Allahın hüzurunda verəcəyiniz o böyük hesaba özünüzü indidən hazırlayın. Özünü hələ dünyada ikən hesaba çəkənlərin axirətdəki hesabları asan olacaqdır.” -buyurmuşdur.

Hicri üçüncü əsrdə yaşamış Əbu Bəkr Şibli həzrətləri hər dəfə təkidlə bu sözləri təkrar edərək vəzə başlayardı:

“Hesaba çəkilmədən əvvəl özünüzü hesaba çəkin!”

Bunun hər dəfə təkrar edildiyini görən bir şəxs ondan soruşur:

– Ey İmam, hər dəfə “Hesaba çəkilmədən əvvəl özünüzü hesaba çəkin! deyirsiniz. Biz burada özümüzü hesaba çəksək, axirətdə bir daha hesaba çəkilmərik?

İmam ona bu ibrətli cavabı verir:

Hansı yaş qrupuna və ya sosial təbəqəyə aid olursa-olsun, insan öz-özünə hesabat verməyi bacarmalıdır. Beləcə hər bir şəxs danışdığı hər sözün, etdiyi hər bir hərəkətin doğru və ya yanlış olduğunu vicdanı sayəsində asanlıqla dərk edər. Vicdanın səsinə qulaq verənlər isə necə bir ömür yaşadıqlarını görə bilərlər.    

Əgər əxlaqımızı və davranışlarımızı nəzərdən keçirib davamlı olaraq özümüzü hesaba çəkə bilsək və vicdanımızın bizə göstərdiyi əskiklikləri anında düzəltsək dünyada və axirətdə Allahın razı olacağı bir bəndə olarıq. Ancaq özümüzü haqlı görüb etdiyimiz səhvlərin fərqində olmasaq, bu, bizi xətalı davranışlara sürükləyər. Zənnimcə sonradan geri dönməsi əsla mümkün olmayacaq böyük bir peşmançılıq yaşamaqdansa, dünyada ikən özümüzü hesaba çəkərək daha mükəmmələ doğru irəliləmək ağıllı bir davranış olar. Uca Allah buyurur:

“Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!” (əl-Həşr, 18)

Dünya adlı okeanın təlatümlü sularında həyat gəmisini doğru istiqamətdə üzdürə bilmək üçün hər gün hesabat limanına yan almaq ümidilə… 

 ELŞƏN RZAYEV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AXİRƏT PƏNCƏRƏSİNDƏN DÜNYA

Dünya pəncərəsindən axirətə baxanda məçhula doğru bir baxış varkən  axirətdən dünyaya baxış heç də elə olmayacaq. Bir xeyli dünya xatirəsi...

Bağla