SOVET HAKİMİYYƏTİ İLLƏRİNDƏ AZƏRBAYCANDA ATEİZM TƏBLİĞATI

0

Fanatizm ilə mübarizədə inqilabdan qabaqkı maarifçilik hərəkatının naliyyətləri sovetlərin ateizm siyasətindən daha səmərəli idi.

Bunu yalnız bir şəkildə aydınlaşdırmaq olar: onların məqsədləri fərqli olmuşdur. Azərbaycan maarifçilərinin İslamı müsəlmanların ictimai və məişət həyatından bütövlükdə çıxarmaq niyyətləri olmamışdır. Burada yalnız dinin inkişaf etməkdə olan sekulyar cəmiyyətdə yerinin və rolunun təbii müəyyənləşdirilməsi prosesi gedirdi və bu proses fanatizmin, onun qorunmasında maraqlı olanların kəskin tənqidi ilə müşayiət olunurdu. Uğur və naliyyətlər tədricən cəmiyyətin ümumi və hərtərəfli inkişafı ilə paralelləşidi. Bu uğurlar o qədər ciddi idi ki, hətta bir sıra mütərəqqi din xadimlərini də hərəkat ətrafında birləşdirə bilmişdi.

Sovetlər isə bu hərəkatın avanqardı olan liberal-demokrat ziyalıları məhv etməklə və onun yerinə süni yollarla, sinfi seçmələr vasitəsilə, keyfiyyətin kəmiyyətə qurban verilməsi hesabına formalaşdırılmış yeni zümrəni gətirməklə Azərbaycan cəmiyyətinin təbii islahatlar inkişafının qarşısını alırdılar. Hətta M. Bağırov çaqınlıqla partiya kolleqalarına müraciət edərək soruşurdu: “Niyə bizim məktəblər fanatizmlə mübarizədə bacarıqsızdır?” və həqiqi stalinist kimi bir nəticəyə gəlirdi: “Əgər biologiya elmi ilə, darvinizmlə tanış olan həkim özünü dindar kimi qələmə verirsə, o, bizi şüurlu surətdə aldadır. Əslində, o, dindar deyil, o sadəcə düşməndir, o bizə, bizim quruluşumuza müxalifətdə olduğu üçün özünü dindar adlandırır” (85, 84). Bu günü prizmasından baxdıqda M. Bağırovun görmədiyi və ya görmək istəmədiyi bir məqam nəzərə çarpır – sovet ziyalı zümrəsi dini biliklər almaq imkanından məhrum edilməklə keyfiyyət etibarı ilə sovetləşməyə qədərki intibah dövrü intelligensiyasının səviyyəsinə çata bilməmişdir.

Sosializmə keçid və “mədəni inqilab” dövründə İslam dininə qarşı bütün cəbhə boyu hücum ardıcıl və düşünülmüş şəkildə davam etmişdir. “Fəhlə sinfinin birinci düşməni dindir” – şüarı və tələbi yerli partiya, komsomol və ictimai təşkilatların qarşısında duran ən mühüm məsələlərdən biri idi. Dövrü mətbuatın, jurnal və qəzetlərin, həmçinin broşür tipli kitabların dinə qarşı aparılan mübarizədə rolu böyük idi. Sovet təbliğat və təşviqatı bu sahəni xüsusi diqqətdə saxlayırdı. Bir sıra tarixçilərin araşdırmasına əsasən demək olar ki, “mədəni inqilab” dövründə ən güclü zərbəyə məruz qalan sahələrdən biri İslam dini olmuşdur.

1936-cı ildə SSRİ-də sosializmin tam qələbə çaldığı elan edildi. Sosializmin tam qələbəsi həmin ilin 5 dekabr tarixli “SSRİ Konstitusiyası”nda təsbit edildi. Və həmin ildə bu “tarixi qələbənin” eyforiyasından təsirlənən bolşeviklər Bakıda Bibiheybət məscid ziyarətgahını, müqəddəs Aleksandr kilsəsini və alman lüteran kirxasını yerlə yeksan etdilər, bir sıra məscidləri bağladılar və hətta Təzəpir məscidini bir müddət çay fabrikinə (daha sonralar mağaza anbarı və yay kinoteatrı da olmuşdur) çevirdilər.

Ateizm oktyabr inqilabının yetirməsi, elmi ateizm isə müharibədən sonra SSRİ ərazisində bütün din və dini görüşlərə qarşı yönəldilmiş marksizm-leninizm ideologiyasının tərkib hissəsi idi. “Ateizm” ifadəsinə “elm” sözü də əlavə etməklə sovet dövləti dinə qarşı mübarizəni guya elmi əsaslarla – elmi ateizm mövqeyindən aparılması məntiqini irəli sürürdü.

Keçən əsrin 60-cı illərindən başlayaraq ateizm bir fənn kimi ali məktəblərdə tədris olunmağa başladı. Bu fənnin tədrisi üçün mütəxəssislər hazırlanmasına xüsusi diqqət verilirdi. 1966-cı ildə Azərbaycan Dövlət Universitetində Elmi ateizm kafedrası təşkil edildi. Moskvada və İttifaqın başqa yerlərində elmi ateizm barədə yazılan kitablar sürətlə Azərbaycan dilinə tərcümə edilərək kütləvi tirajla nəşr olundu.

Azərbaycanda ateizm təbliğatı xalqın əsrlərlə qazandığı milli-mənəvi dəyərlərin yox olmasına yönəldilir, minillik adət-ənənələrə “gerilik”, “mövhumat”, “feodalizm qalığı” damğası vuraraq kütlə şüuruna psixoloji təzyiq edilirdi.

Bununla belə dini təşkilatlara dini iclaslar, mərasimlər təşkil etmək, qiraətxana və kitabxana açmaq, habelə dini təlim edən dərnəklər yaratmaq qadağan idi. Sovet qanunları əslində dini etiqadına görə vətəndaşları sıxışdırmağı, dindarların etiqad azadlığı hüququnu pozmağı qadağan etsə də, bu qanunlar addımbaşı dövlətin özü tərəfindən pozulurdu. Təhsil müəssisələrində dini təlimin tədrisinə icazə verilmirdi, əksinə ateizmin təbliğ və tədrisinə xüsusi diqqət ayrılırdı. Kütləvi informasiya vasitələri sovet ideoloji maşınına tam şəkildə tabe edilmişdi. Sovet dövləti gənc nəslin elmi-materialist dünyagörüşü və kommunist idealları ruhunda tərbiyə olunmasını daxili siyasətinin əsas vəzifəsi kimi müəyyənləşdirmişdi. Beləcə, əslində bir sıra dekret və qanunlarla sözdə dini etiqad azadlıqlığının təminatçısı rolunda çıxış edən, hər hansı bir dinə sitayiş etmək və ya heç bir dinə sitayiş etməmək məsələsinin vətəndaşın öz işi olduğunu göstərən SSRİ dövləti ateizmi dövlət siyasəti səviyyəsində təbliğ edir, vətəndaşların hüquqlarını pozaraq onları sırf ateist ruhunda tərbiyə etməyə çalışırdı. Əvvələr üstüörtülü şəkildə aparılan bu siyasət, sonralar daha açıq müstəviyə keçmişdi.

Əslində İslam əleyhinə aparılan uzun illik siyasət müəyyən nəticələr versə də, sovet hakimiyyətinin tənəzzülünün ilk əlamətləri görünən kimi İslam əks-hücum mövqeyinə keçməyə hazırlandı. Kütlə şüurundakı devrim özünün kulminasiya saatını gözləyirdi.

bizimaile.az

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURANDA SEVGİ VƏ İNSAN SEVGİSİ

Allahın Qurandan keçən bir adı da Vəduddur. Vədud çox sevən və sevilən mənası daşıyır. Demək Allah, sevginin qaynağıdır. Sevgini O...

Bağla