SUAL-CAVAB

0

Sual: Qusmaq dəstəmazı pozarmı?

Cavab: Həzrət Peyğəmbərin (s.ə.s) qusmaq nəticəsində təzədən dəstəmaz aldığı rəvayət edilmişdir (Tirmizi, Təharət, 64). Ancaq dəstəmazı pozması üçün bu, ağızdolusu olmalıdır. Belə olan halda istər yemək, istər başqa bir şey olsun, ağızdolusu qaytarıldıqda dəstəmaz pozulmuş olur. Bəlğəm isə tüpürcək kimidir və buna görə də dəstəmazı pozmur. Ağızdolusu sayılmanın ölçüsü gələn qusuntunun tutulmasının qeyri-mümkün olmasıdır. Həmçinin eyni yerdə gəlib hamısı birlikdə ağızdolusu qədər olan qusuntular da dəstəmazı pozur. Bundan əlavə, qeyd edək ki, Şafeilərə görə, dəstəmaz yalnız ön və arxadan çıxanlar nəticəsində pozulur. Bunlardan başqa yerlərdən gələn mayelər dəstəmazı pozmur. Odur ki, onların fikrincə, qusmaqla dəstəmaz pozulmur.

Sual: Saç boyası, xına kimi şeylər dəstəmaz və qüsl üçün hər hansı bir əngəl təşkil edirmi?

Cavab: Qüsldə əsas olan suyun saçın diblərinə dəyməsidir. Əgər saç boyası və ya xına buna əngəl təşkil etmirsə, qüslün etibarlı sayılması baxımından hər hansı bir problem yoxdur. Bundan əlavə, tərkibində qan kimi dini baxımdan təmiz olmayan maddələr olmadığı müddətcə əl və ya başa qoyulan xına, boya kimi maddələr yaxşıca yuyulduqdan sonra dəri və saçlarda əmələ gələn rəng suyun dəriyə təmas etməsinə əngəl təşkil etmir. Odur ki, dərinin üstündə təbəqə meydana gətirməyən və suyun dəri ilə təmasına mane olmayan xına və saç boyası kimi maddələr dəstəmaz və qüsl üçün hər hansı bir əngəl təşkil etmir.

Sual: Dəriyə və ya dırnaqlara yapışdırılan və yaxud sürtülən maddələr dəstəmaz və qüsl üçün əngəl təşkil edərmi ?

Cavab: Qüsl və dəstəmaz alarkən yuyulmalı olan bütün vücudun və ya müəyyən üzvlərin quru yer qalmayacaq şəkildə yuyulması şərtdir. Əks təqdirdə qüsl və ya dəstəmaz etibarlı sayılmır. Belə olan halda qüsl və ya dəstəmaz alan bir müsəlmanın bədənində və ya dəstəmaz üzvlərində suyun təmasına mane olan bir maddə olmamalıdır. Ancaq öz peşəsini yerinə yetirərkən, öz işini görərkən dırnaqlarının arasına boya girən və ya dırnaqlarının arasına palçıq girib təmizlənməyən usta, fəhlə, əkinçi və bunun kimi peşə sahibləri bundan müstəsnadır. Odur ki, bu kimi işlərlə məşğul olan şəxslərdə dəriyə yapışan və dırnaqların arasında qalan xəmir, mum, boya və digər şeylər dəstəmaz və qüsl üçün əngəl təşkil etməz. Ancaq bu kimi işlərlə məşğul olmayan və yalnız zövq üçün vücuda yapışdırılan və yaxud sürtülən maddələr suyun dəriyə və ya dırnağa təmas etməsinə əngəl təşkil edirsə, dəstəmaz və ya qüslün məqbul olmasına manedir.

Sual: Dəstəmaz alarkən tam qurtarmadan əvvəl yuyulan üzvü qurulamaq olarmı?

Cavab: Dəstəmaz alan bir şəxsin dəstəmaz üzvlərindəki islaqlığı dəsmal və ya başqa şeylərlə qurulamasını ən axıra buraxması sünnədir. Çünki Həzrət Peyğəmbərimizin (s.ə.s) dəstəmaz aldıqdan sonra üzünü quruladığı bir dəsmalının olduğu hədis kitablarında nəql edilmişdir. Dəstəmaz alarkən dəstəmazda yuyulmalı olan bütün üzvləri fasilə vermədən dalbadal yumaq sünnə olduğuna görə, bir üzr olmadan dəstəmaz qurtarmadan yuyulan üzvlərin qurulanması ilə sünnə tərk edildiyi üçün məkruh işlənmiş olur. Ancaq dəstəmaz alan şəxs dəstəmaz əsnasında bir üzvünü yuduqdan dərhal sonra allergiya və ya başqa səbəblərdən qurulama ehtiyacı duyarsa, bunda hər hansı bir qəbahət yoxdur.

Sual: Təyəmmüm ilə cənazə namazı qılmaq olarmı?

Cavab: Əgər dəstəmaz almaqla məşğul olduğu təqdirdə cənazə namazı qılınıb qurtaracaqsa, təyəmmüm edərək cənazə namazı qılına bilər. Çünki cənazə namazının qəzası yoxdur. Mömin qardaşına (bacısına) qarşı son vəzifəsini yerinə yetirmək istəyən bir müsəlman bu kimi hallarda cənazə namazını təyəmmüm ilə qılaraq ona dua etməli və savabdan məhrum qalmamalıdır. Dəstəmazsız və ya yuxarıda qeyd olunduğu kimi zərurət halı olmadan alınan təyəmmümlə cənazə namazı qılmaq isə caiz deyildir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÜÇ ŞƏHİDİN HEKAYƏSİ

“Yərmuk döyüşü sona çatmışdı. Bizansla müsəlmanlar arasında gedən şiddətli müharibə səngimişdi. Ox və mizraq zərbələri ilə ağır yaralanan müsəlmanlar qızmar...

Bağla