Türk Dövlətləri Təşkilatına üzv ölkələr dini radikalizmə qarşı birgə fəaliyyət imkanlarını genişləndirirlər.
“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu TDT-yə üzv dövlətlərin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Şuşa şəhərində keçirilən Birinci görüşündəki çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.
O bildirib ki, TDT ölkələri ilk dəfə olaraq dövlət səviyyəsində mərkəzləşdirilmiş informasiya və təcrübə mübadiləsi aparmağa başlayıblar:
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində talana məruz qalan, təhqir edilərək ümummüsəlman və ümümbəşəri mənəviyyatına ağır zərbə vuran vandalizm aktlarına qarşı tarixi-dini mədəni irsimizin qorunması, bərpası və bu əməllərin beynəlxalq müstəvidə ifşası istiqamətindəki əməkdaşlığımızı strateji xəttə çeviririk. Biz ilk dəfə olaraq dövlət səviyyəsində mərkəzləşdirilmiş informasiya və təcrübə mübadiləsi apararaq radikalizmə, kənar ideoloji müdaxilələrə və cəmiyyətlərimizin ənənələrinin əleyhinə yönəlmiş təhdidlərə qarşı ortaq mövqedən çıxış etmək imkanlarımızı genişləndiririk.
Əminəm ki, əsasını qoyduğumuz bu yeni əməkdaşlıq platforması dini sahəyə məsul dövlət qurumlarımızı ortaq hədəflər ətrafında daha sıx birləşdirəcək, gələcəyə doğru gedən yolda ən güclü mənəvi və hüquqi sütunlardan biri olacaqdır”.



