Türkiyə-Azərbaycan enerji əməkdaşlığı regional və qlobal bazarlara çıxışı gücləndirir.
“Report” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda bildirib.
Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin özünəməxsus bir xüsusiyyəti var: “Bizim əlaqələrimiz sıradan bir qonşuluq əlaqəsi deyil və ya hər hansı bir ticarət tərəfdaşlığı ilə məhdudlaşmır. Bu əlaqələr sarsılmaz qardaşlığa, qarşılıqlı etimada və tarix boyu əldə etdiyimiz uğurlara söykənir. Dolayısı ilə bu forumu sadəcə iki ölkənin enerji sektorlarının bir araya gəlməsi kimi görmürük. Bura “Bir millət, iki dövlət” şüarı ilə birgə gələcəyimizi təsəvvür etdiyimiz, bu baxışı konkret layihələrə çevirdiyimiz, əslində, strateji bir platformadır”.
A.Bayraktar qeyd edib ki, enerji ölkələrimiz arasındakı güclü əlaqələrin ən konkret və mühüm sahələrindən birini təşkil edir: “Bu gün geriyə dönüb baxdıqda iki ölkənin birlikdə reallaşdırdığı layihələrin yalnız sayının deyil, eyni zamanda keyfiyyətinin də nə qədər mühüm bir nöqtəyə çatdığını görürük. Təbii qaz sahəsindəki əməkdaşlığımız, karbohidrogen sahələrindəki tərəfdaşlığımız, Azərbaycanın enerji resurslarının ölkəmiz üzərindən regional və qlobal bazarlara çıxarılmasını təmin edən kəmərlərimiz əməkdaşlığımızın ən mühüm nümunələri arasında yer alır. Bu layihələr enerji resurslarının bir ölkədən digərinə daşınmasından daha çox, ölkələrimizin bir-birinə duyduğu etimadın, uzunmüddətli baxış bucağının və birlikdə hərəkət etmək iradəsinin konkret nümunələridir. Üstəlik, enerji sahəsindəki əməkdaşlığımız sadəcə neft və təbii qazla məhdudlaşmır. Dağ-mədən sənayesindən bərpa olunan enerjiyə, karbohidrogenlərdən enerji səmərəliliyinə, elektrik bazarlarından ötürülmə və paylanmaya qədər çox geniş bir alanda qurumlarımız arasında əməkdaşlığı gücləndirməyə davam edirik”.



