Həm Azərbaycan, həm də Özbəkistan çox ciddi resurslara malik olan ölkələrdir.
Bunu Daşkənddə Azərbaycan və Özbəkistan arasında “Müttəfiqlik Münasibətləri haqqında Müqavilə”nin (Əbədi Dostluq Sazişi) imzalanmasını şərh edən Ankara Siyasi Düşüncə İnstitutunun rəhbəri, ehtiyatda olan general-mayor, dosent Güray Alpar “Report”un Türkiyə bürosuna açıqlamasında deyib.
Onun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan lideri Şavkat Mirziyoyevin iki ölkə arasındakı strateji tərəfdaşlığı və regional əməkdaşlığı gücləndirmək qərarı bu çərçivədə atılan mühüm addımdır:
G.Alparın sözlərinə görə, Azərbaycan xüsusilə son dövrlərdə gələcəyə yönəlmiş miqyaslı layihələrə imza atır və bununla öz mövqelərini xeyli gücləndirir:
“Uzun müddət işğal altında qalmış torpaqlarını qısa müddətdə azad edərək böyük zəfərə imza atan Azərbaycan həmin əraziləri dağıntı və xarabalıq vəziyyətindən çıxarmaq məqsədilə çox böyük işlər həyata keçirir. Azərbaycan, həqiqətən, Türküstan coğrafiyasında strateji körpü rolunu oynayır və bu mövqeyinə görə regional təhlükəsizliyin təmin olunmasına çox ciddi töhfə verir”.
General Azərbaycan Prezidentinin Daşkənddə Yüksək Səviyyəli Dövlətlərarası Şuranın iclasında regional əməkdaşlığın əhəmiyyətini önə çəkməsini, Özbəkistan Prezidentinin isə Azərbaycanı etibarlı müttəfiq, strateji tərəfdaş və qardaş dövlət kimi xarakterizə etməsini ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından mühüm mesajlar kimi qiymətləndirib:
“İki ölkə arasında mövcud olan ortaq tarixi köklərə, əsrlərə söykənən dostluğa, sarsılmaz mənəvi dəyərlərə, oxşar mədəniyyətə və ənənələrə istinad edilməsi qarşılıqlı münasibətləri daha da möhkəmləndirir. Ümumiyyətlə, həm Azərbaycan, həm də Özbəkistan çox ciddi resurslara malik olan ölkələrdir. Qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi ilə bu resurslardan istifadə imkanları da xeyli genişlənir”.



