ÜMİD; UCA ALLAHIN İNSANA BƏXŞ ETDİYİ NUR

0

İnsanın cövhərində ilahi həqiqət gizlidir. O, fərqli vəsilələrlə bu cövhərin mahiyyətini dərk etməyə çalışır. Bu yolda bəzən müvəffəq olur, bəzən də çıxış yolundan uzaqlaşaraq fərqli yolda axtarışına davam edir. Təbi ki, hər insan bu məsələ üzərinə düşünmür və ya xəyallara dalmır. Lakin müsəlmanlar zehni fəaliyyətlərinin bir hissəsini ümid məsələsinə cəmləşdirərsə fərqli və bir-birindən gözəl nəicələr əldə edə bilərlər.

Ümid ilahi həqiqətin fərqli təzahürlərindən biridir. Ümid, ilk baxışda sadə bir söz kimi görünə bilər. Ancaq bəşər övladı Allah-ümid-insan üçbucağına diqqət yetirərək təfəkkür edərsə ümidin, əslində, insana bəxş edilmiş sirli bir xəzinə olduğunu anlayacaqdır. Uca Allah Qurani-Kərimin fərqli ayələrində ümidin xarakteristikasına toxunur, onun fərqli yönlərini açıqlayır. Ayələri oxuduqca “ümid nə üçün Uca Allah tərəfindən bəxş edilibdir?” sualının cavabını da ala bilərik. Oxuyucunun zehnində ümid psixologiyasının saf bir mövqe qazanması üçün ayələrin bir neçəsinə müraciət edək;

            “Ey oğullarım! Gedin, Yusifi və qardaşını axtarıb araşdırın. Allahın rəhmətindən ümidinizi üzməyin. Çünki Allahın rəhmətindən yalnız kafirlər tayfası ümidini kəsər.” (Yusuf, 12/87)

            “(İbrahim) dedi: ‘Rəbbinin rəhmətindən azğınlardan başqa kim ümidini kəsər?’” (15/56)

            “Allah iman gətirib saleh əməllər işləyənlərin dualarını qəbul edər və Öz lütfündən onlara daha artığını bəxş edər…” (Şuara, 26/26)

            “De: ‘Ey özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmətindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayar. Həqiqətən, O, çox bağışlayan və sonsuz mərhəmət sahibidir.’” (Zumər, 39/53)

            “Şübhəsiz, çətinliklə bərabər rahatlıq vardır. Həqiqətən, çətinliklə bərabər rahatlıq vardır.” (İnşirah, 94/5-6)

            Yuxarıdakı ayələr bizə ümidin xarakteristikasını açıqlayır. Allah ən gözəl açıqlayandır sözü bir daha öz hökmünü göstərir. Ayələr eyni zamanda dünya və axirət səadətinin ümid üzərinə inşa edildiyini də xəbər verir. Yəni, Allahın rəhməti hər şeydən üstündür. Bəşər övladının işlədiyi bütün günahlar iman dairəsinin içərisində yox olub gedir və aydınlıq günlər bir addım daha yaxın olur. Elə isə inanmaq və ümidli olmaq ümidsizlik içərisində batıb getməkdən daha yaxşıdır.

Görüldüyü kimi insanın çətinliklərlə qarşılaşdığı bir anda ümidini itirmədən səbrlə hərəkət etməsi ona veriləcək hədiyyələrin bir növ carcısıdır. Sınaqlar nə qədər çətinsə ümid də o qədər güçlü olmalıdır. Ümid olmadan qurtuluş olmaz. Elə isə ilahi rəhməti sirli xəzinə kimi daxilində saxlayan ümidin açarı insanın əlindədir. Bəşər övladı ümidli olaraq xoşbəxt və firavan həyat yaşayar. Ümidsizlik isə insanı çətin bir sınağın ortasında tərk edib gedər. Belə olan halda onun tək dostu özü və qaranlıq arasında itib gedən xəyalları olacaqdır.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. "Report" xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezident...

Bağla