VƏHY

0

Vəhy sözü ərəb dilində “gizli danışmaq”, “işarə etmək”, “əmr vermək”, “ilham etmək”, “pıçıldamaq”, “məktub yazmaq”, “elçi göndərmək”,  “səslənmək” kimi mənalara gəlir.

Dini terminologiyada isə vəhy Uca Allahın birbaşa və ya müxtəlif vasitələrlə əmrlərini peyğəmbərlərinə bildirməsi mənasında bir Quran terminidir. “Vəhy” sözünün yuxarıdakı mənalarda istifadə edilməsinə dair Qurani-Kərimdə bir çox nümunə vardır:  

“Zəkəriyyə mehrabdan qövmünün qarşısına çıxıb səhər axşam rəblərini təsbeh etmələrini vəhy etdi” (Məryəm, 11). Buradakı vəhy sözü işarə etmək mənasında işlədilmişdir.

“Biz hər peyğəmbərə insan və cin şeytanlarını düşmən etdik. Onlar bir-birlərini aldatmaq üçün bəzəkli sözlər vəhy edərlər” (əl-Ənam, 112). Şeytanların bir-birlərinə vəhy etməsi pıçıldaşmaq, gizli danışmaq mənalarında işlədilmişdir.

“Şeytanlar dostlarına sizinlə mübarizə etmələrini vəhy edərlər” (əl-Ənam, 121). Bu ayədəki “vəhy” sözü təşviq etmək, təlqin etmək mənalarında işlədilmişdir.

“Çünki Rəbbin vəhy etmişdir” (əz-Zilzal, 5) ayəsində keçən “vəhy” sözü əmr etmək mənasında işlədilmişdir.  “Mənə və Rəsuluma iman edin, deyə vəhy etmişdim” (əl-Maidə, 111) ayəsində qeyd olunan “vəhy” sözü də əmr etmək mənasındadır.

“Musanın anasına: “Onu əmizdir. Əgər onun üçün qorxsan onu dənizə burax, qorxma və qəmgin olma!. Çünki biz onu geri verəcəyik və onu peyğəmbər edəcəyik” deyə vəhy etdik” (əl-Qəsəs, 7). Bu ayədə keçən “vəhy” sözü də ilham və yuxu mənalarında işlədilmişdir.

Vəhyin Hz. Muhammədə (s.ə.s) gəlmə şəkilləri      

Vəhyin nazil olma şəkilləri haqqında Qurani-Kərimdə açıq bilgilər yoxdur. Vəhyin gəliş şəkilləri ilə əlaqədar məlumatları Hz. Muhammədin (s.ə.s) hədislərindən və səhabələrin şahidliklərindən öyrənə bilirik. Vəhyin gəliş şəkillərini belə sıralamaq olar:

1- Rəsulullahın (s.ə.s) gördüyü gerçəkçi yuxular. Bu yuxulara “sadiq yuxu” (ruyeyi-sadiqə) də deyilir. Peyğəmbərin (s.ə.s) gördüyü bu yuxular sonradan eynilə gerçək çıxardı. Hz. Aişə, “Peyğəmbər, heç bir yuxu görməzdi ki, səhər aydınlığı kimi açıq-aşkar zühur etməsin (baş verməsin)” (Buxari, Bədul-vəhy 3; Müslim, İman 252; Tirmizi, Mənaqib 6) deyərək bu yuxuların doğruluğuna işıq tutmuşdur.

2- Rəsulullahın (s.ə.s) oyanıq halda ikən vəhy mələyinin onun könlünə vəhyi yerləşdirməsi. Vəhyin bu şəkli bu hədisi-şərifdə bildirilir: “Ruhul-Qüds qəlbimə: “heç bir nəfs ruzisini bitirmədən ölməyəcək” deyə üfürdü. O halda Allahdan qorxun və ruzinizi halal  yoldan qazanın”(Hakim, Təbərani və Əbu Nuaym).Ruhul-Qüds Cəbrayıldır. Cəbrayılın orada göründüyü haqqında bir dəlil yoxdur. Hədisdən də mələyin görünmədən vəhyi nazil etdiyi aydın olur.

3- Cəbrayılın bir gənc və ya orta yaşlı bir insan şəklinə bürünərək Peyğəmbərə (s.ə.s) vəhy gətirməsi. Cəbrayılın bu yolla səhabələrdən Dihyənin surətinə bürünərək vəhy gətirdiyini bir çox səhabə nəql etmişdir. Vəhyin ən asan və ən məşəqqətsiz şəkli budur. “Cibril Hədisi” deyə bilinən hədis bu yolla gəlmişdir. (Buxari, İman 37; Müslim, İman 1; Əbu Davud,Sünnə 15)

4- Mələyin görünmədən Peyğəmbərə (s.ə.s) vəhy gətirməsi. Peyğəmbərimiz zəng səsinə bənzəyən bir səs eşidərdi. Vəhyin ən ağır şəkli budur. Vəhyin bu şəkli təhdid və vəd ehtiva edən ayələrə xasdır. Belə vəhyi Rəsulullah (s.ə.s) bu şəkildə izah edir: “Bəzən zınqırov səsinə bənzəyən bir səs gəlir. Beləsi mənə ən ağır olanıdır.” (Buxari, Bədul-vəhy 2) Belə vəhyin gəlmə anında Peyğəmbər (s.ə.s) titrəyər, tərləyər və narahat olardı. İbn Abbasdan rəvayət edilən bir hədisdə Rəsulullahın (s.ə.s) ayələri yadda tutmaqda çətinlik çəkdiyi, dodaqlarını tərpətdiyi qeyd edilməkdədir. Allah-Təala Peyğəmbərinə: “Vəhyi tez əzbərləmək üçün dilini tərpətmə, onu yığmaq və qiraətini təsbit etmək bizə aiddir. Elə isə sənə Quran oxununca sən onun qiraətinə tabe ol!” (əl-Qiyamə, 16-18) xəbərdarlığını etmişdir. Bu ayənin nazil olmasından sonra Rəsulullah Cəbrayılı dinləyər, gedişindən sonra onun kimi oxuyardı.

5- Mələyin əsl surətində görünərək Allahın əmrini Peyğəmbərə (s.ə.s) gətirməsi və oxuması. Cəbrayıl bu şəkildə iki dəfə vəhy gətirmişdir. Birincisi peyğəmbərliyin başlanğıcında olmuşdur. Peyğəmbər (s.ə.s) o anda huşunu itirmişdir. İkincisi isə merac hadisəsində olmuşdur. Bu hadisəyə dəlil olaraq: “And olsun ki, onu digər bir dəfə də sidrətül-müntəhanın yanında gördü” (ən-Nəcm, 12) ayəsi qeyd edilə bilər.

6- Rəsulullahın (s.ə.s) oyanıq halda ikən Allah-Təala ilə danışması. Belə bir danışıqda arada heç bir vasitə yoxdur. Namazın fərz olması bu şəkildədir. Vəhyin bu növü ilə əlaqədar olaraq aşağıdakı ayə qeyd edilə bilər. “Allah Musaya da xitab edərək danışdı” (ən-Nisa, 164).

7- Cəbrayılın Peyğəmbərə (s.ə.s) yuxu halında ikən vəhy gətirməsi. Kövsər surəsinin bu şəkildə nazil olduğu rəvayət edilmişdir.

Quranda vəhy sözü ilahi və qeyri-ilahi vəhy olmaq üzrə iki mənada işlədilmişdir: Qeyri-ilahi vəhy Zəkəriyyənin qövmünə işarə etməsi (Məryəm, 11) və şeytanların pıçıldaşması (əl-Ənam, 121) şəklində işlənib. İlahi vəhy mənasında işlədilən vəhy sözünün 71-i Hz. Peyğəmbərə (s.ə.s) edilən vəhy ilə əlaqədardır. Qalanları isə cansız olan “ərzə” edilən vəhy (əz-Zilzal, 4-5), səmaya edilən vəhy (Fussilət, 12), bal arısına edilən vəhy (ən-Nəhl, 68-69), mələklərə edilən vəhy (əl-Ənfal, 12), Hz. İsanın həvarilərinə edilən vəhy (əl-Maidə, 111) və Hz. Musanın anasına edilən vəhy şəklindədir (Qəsəs 28/7).

KAMRAN MƏMMƏDOV   

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BİR FİDAN ƏKDİK…

Dünyaya imtahan üçün gələn insan oğlunun sınaqlarından biri və bəlkə də ən mühümü Allah-Təalanın ona lütf etdiyi övladıdır.

Bağla