XEYİR VƏ ŞƏRR ALLAHDANDIRMI?

0

İmanın şərtləri olan “Aməntu”da “xeyir və şər Allahdandır” ifadəsini “bunların hər birini yaradan Uca Allahdır” kimi başa düşmək lazımdır. Çünki yaradan Uca Allahdır və Ondan başqa yaradıcı yoxdur. İnsan baxımından isə xeyir və şər ona verilən cüzi iradə ilə seçilir. Məhz bu səbəbdən insanlar xeyir və şər, yaxşı və pis olmaqla bütün hərəkətlərdən və davranışlardan məsul olurlar. Başqa sözlə, imanın əsaslarının sadalandığı “aməntu”da qeyd edildiyi kimi hər bir müsəlman qədərə, xeyir və şərin Allahdan olduğuna inanmalıdır. Yəni aləmlərin yaradıcısı olan Uca Allah xeyri də, şəri də külli iradəsi ilə yaradır. Çünki hər bir şey onun iradə, təqdir və qüdrəti altındadır. Ondan başqa həqiqi mülk və qüdrət sahibi yoxdur. İnsan xeyri də, şəri də öz cüzi iradəsi ilə seçir. Uca Allahın xeyirə razılığı vardır, ancaq şərə isə qətiyyətlə yoxdur. Xeyri seçən mükafata nail olacaq, şəri seçən də cəzaya məruz qalacaqdır. Şərin Uca Allahdan olması insanın hərəkətinin meydana gəlməsi üçün Allahın təkvini (yaradıcılıqla bağlı) iradəsinin və yaratmasının həyata keçməsi deməkdir. Yəni insan cüzi iradəsi ilə seçib icra edir, Allah-Təala da onu yaradır. Yoxsa, Allah-Təala insanların pis əməllər etmələrindən xoşnud olmaz, şəri əmr etməz və şərlə bağlı dini baxımdan hər hansı iradəsi də yoxdur.

Bundan əlavə, İslam alimlərinə görə, şəri iradə edib onu yaratması pis və çirkin deyil. Lakin insanın şərlə məşğul olması, onu seçib onunla tövsif edilməsi isə pis və çirkindir. Məsələn, bir rəssam ustalıqla çirkin bir adam şəkli çəksə, onu təqdir etmək və onun peşəkarlığına heyranlığı dilə gətirmək məqsədilə “Nə qədər də gözəl şəkil çəkib!” deyilər. Məhz burada şəkli çəkilənin çirkin olması, şəklin də çirkin olması ilə nəticələnmir. Uca Allah mütləq mənada hikmətli və nizam-intizamlı olan yeganə varlıqdır. Onun şəri yaratmasında bir sıra gizli və açıq hikmətlər var. Canlı ölüdən, yaxşı pisdən, xeyir də şərdən ayırd edilsin deyə, Allah-Təala əşyanı zidləri ilə yaratmışdır. Eyni zamanda insana şər və pis şeylərdən qorunma yollarını göstərmiş, eləcə də ondan çəkinmək üçün güc və qüvvəti də vermişdir. Dünyada şər olmasa xeyrin mənası dərk olunmaz və bu dünyanın bir sınaq dünyası olmasındakı hikmət gerçəkləşməzdi. Belə olan təqdirdə, şər Uca Allahın ədalət və hikmətinin gərəyi və ya ondan sonra gələcək bir xeyirə vasitə olmaq, yaxud da daha pis və çirkin olan bir şəri dəf etmək üçün yaradılmışdır.

Onu da qeyd etmək lazımdır ki, Uca Allahın qüdrəti ilə meydana gələn hər bir işdə ya özümüz, ya başqaları, ya da cəmiyyət üçün bir sıra faydalar ola bilər. Bizim şər və ya xeyir olaraq gördüyümüz hər şey nəticə etibarilə gördüyümüz kimi olmaya bilər. “Bəqərə” surəsinin 216-cı ayəsində Uca Allah belə buyurur: “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz”.

f.f.d Anar Qurbanov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN: “BU İLAHİ MÜJDƏYƏ ŞAHİD OLDUQ…”

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikada keçirilən, dünyanın dörd bir tərəfindən müsəlmanların iştirak etdiyi MAS-ICNA qurultayında göndərdiyi video-mesajla iştirak edib....

Bağla