Saloniki Aristotel Universitetinin alimləri aşkar ediblər ki, planetdə kütlənin yenidən bölüşdürülməsinin təsiri altında Yer kürəsinin forması tədricən dəyişir, planetin bərk qabığı qütblərdə daha az yastılaşır, cazibə qüvvəsi forması isə əksinə, daha yastılaşır.
“Report“un məlumatına görə, araşdırma “Journal of Geophysical Research: Solid Earth” (JGR) jurnalında dərc olunub.
Yer ideal kürə formasında deyil. Öz oxu ətrafında fırlanması səbəbindən planet ekvator ətrafında bir qədər genişlənib, qütblərdə isə yastılanıb. Tədqiqatçılar 1997–2015-ci illər ərzində qlobal peyk naviqasiya stansiyaları şəbəkəsinin (GNSS) məlumatlarından istifadə edərək bu formanın zamanla necə dəyişdiyini araşdırıblar.
Məlum olub ki, qütb bölgələrində Yer səthinin qalxma sürəti təxminən iki dəfə artıb. 1990-cı illərin sonunda qütblər ildə təxminən 0,5 mm qalxırdısa, 2015-ci ilə qədər bu göstərici təxminən 1 mm-ə çatıb.
Tədqiqatçılar dəyişikliklərin səbəblərindən biri kimi Qrenlandiya və Antarktidada buzlaqların əriməsini göstərirlər. Böyük buz kütlələri yox olduqda, onların altında yerləşən Yer qabığı yükdən azad olaraq tədricən qalxır. Eyni zamanda ərimiş sular okeanlara axaraq digər bölgələrdə, xüsusilə ekvatora yaxın ərazilərdə səthə düşən təzyiqi artırır və həmin ərazilərin tədricən çökməsinə səbəb olur.
Nəticədə Yerin bərk səthi daha az yastılanmış formaya keçir – sanki planet bir qədər “açılır”. Lakin kütlənin yenidən paylanması Yerin qravitasiya sahəsinə fərqli təsir göstərir: suyun qütblərdən aşağı enliklərə doğru hərəkəti planetin qravitasiya formasının daha çox yastılanmasına səbəb olur.



