ZƏKAT NƏDİR?

0

Zəkat kəlmeyi-şəhadət və namazdan sonra İslamın üçüncü əsası və fundamental şərtidir. Quranda iyirmi yeddi yerdə namazla birgə eyni ayələrdə qeyd olunmuşdur.

 Zəkat fərz bir ibadət və İslam binasının üzərinə inşa olunduğu

beş rükndən biridir.

İslamdakı ibadətləri üç ana qrupda cəm etmək olar: bədənlə bağlı ibadətlər, mal ilə bağlı ibadətlər, həm bədən, həm də mal ilə müştərək edilən ibadətlər. Namaz İslamın dirəyidir və bədənlə bağlı olan ibadətlərin əsas təmsilçisidir. Zəkat mal ilə bağlı olan ibadətləri təmsil edir. Həcc isə həm bədən, həm də mal ilə müştərək əda edilən bir ibadətdir.

Namaz və zəkatın hər ikisi əhəmiyyət baxımından eyni səviyyədədir. Həm Quran, həm də sünnə namaz qılmağı və zəkat verməyi mömin, muhsin, əbrar və müttəqi qulların sifətləri arasında saymışdır. Rəbbimiz bu ibadətləri yerinə yetirənləri Allahın lütfi ilə cənnət bağçalarına varis edəcəyi haqda verdiyi vədin əhatəsinə daxil olacaqlarını bəyan etmişdir. Deməli, möminlər, müttəqilər və əməlisalehlərlər zümrəsində yer almaq istəyən hər bir varlı müsəlman zəkatını verməlidir və namazını qılmalıdır. Allah-Təala buyurur:

“Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!) O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər; O kəslər ki, zəkat verərlər; O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar…” (əl-Muminun, 1-5.)

“(O Quran) yaxşı əməllər edənlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və rəhmətdir. O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar.” (Loğman, 3-4)

Görkəmli İslam hüquqçusu İbn Abidin  (v.1252/1836) zəkatın termin mənasını belə tərif etmişdir:

“Zəkat qanun qoyucu Allahın təyin etdiyi bir malı Haşimi ailəsi üzvü olmamaq və ya bu ailənin himayəsi altında olmamaq şərtilə, yoxsul müsəlmanlara təmlik etməkdir (mülkiyyətinə verməkdir). Zəkatı ödəyən bundan hər hansı bir (maddi) mənfəət gözləməz, Allah rizası üçün edər”. (İbn Abidin, Rəddul-Muxtar, c.2, s. 3-4, İstanbul -1307.)

İslam dinində paylaşmaq, qaynaşmaq, yardım və sosial təminat sferası başqa toplumlardan daha geniş, daha güclü və çoxşaxəlidir. Bütün bunların məqsədi insanın doğuşdan ona bəxş olunan hüquqlarını qorunması, müdafiəsi, insan kimi, dolayısıyla müsəlman kimi yaşaması üçündür.

Allah insanı məxluqatın ən şərəflisi olaraq yaratmış, onların qardaş olduqlarını bəyan etmişdir. Buna görə də İslamda mövcud olan fərdlərarası xeyriyyəçilik və yardımlaşmaya “qardaşlıq” xaricində hər hansı bir məfhumla anlam vermək nöqsan fikirdir. Qardaş sadəcə qardaşının qarnını doyuran, yedirən və geyindirən deyil, o, eyni zamanda onun şərəfini qoruyan, haqlarını müdafiə edən, sevinci ilə sevinən və kədərinə ortaq olandır.

Zəkatın lüğət mənasındakı “təmizlənmə” mal və zəkatdan istifadə edənlər baxımından əxlaqi, iqtisadi və sosial təmizlənməyi ifadə edir. Termin mənası olan “artmaq (nəma)” isə zəkat ödəyənin malının, zəkatdan istifadə edənin də satın alma gücünün artması mənasına gəlir. Beləcə, tələbdə yaranan artış istehsalda artışa, bu da öz növbəsində istehlakda və iqtisadi həyatda canlılığa səbəb olur. Sonuncu göstərici eyni zamanda sərmayə yatırımlarına təkan verir.

Zəngin olub zəkat verməyən bir şəxs Allahın rəhmətinə və Onun Peyğəmbərinin (s.ə.s) dostluğuna layiq ola bilməz, çünki Allah Təala belə buyurur:

“…Mərhəmətim hər şeyi ehtiva etmişdi. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam!”  (əl-Əraf, 156.)

“Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər.” (əl-Maidə, 55)

Qeyd olunan bütün bu ayələr zəkatın nə qədər əhəmiyyətli bir yerə sahib olduğunu göstərir.

Zəkat hər şeydən əvvəl bir ibadətdir. Müsəlman bu ibadəti Allahın əmrinə tabe olaraq, onun rizasına nail olmaq ümidilə xatircəmlik və ixlas ilə yerinə yetirməlidir. Ancaq bu şəkildə əda edilən zəkat Allah yanında məqbul olur.

Simiclik fərd və cəmiyyət üçün qorxulu xəstəlikdir. Bu xəstəlik insanı mal uğrunda qan tökməyə, vətənə xəyanət etməyə, dövlətin malını qeyri-qanuni yeməyə sürükləyə bilir. Zəkat vermək insanı mala düşkün olmaq və ona boyun əymək zillətindən təmizləyir, pula qul olmaqdan azad edir.

İslam dini insanın sadəcə Allaha qul olmasını istəyir və beləcə məxluqatın baştacı olma xüsusiyyətini qorumasını arzu edir. Bunu da hər il malının zəkatını vermək vərdişini aşılmaqa ilə həyata keçirir.

Məqalənin hazırlanmasında Prof. Dr. Mehmet Erkalın “Zəkat” kitabından istifadə edilmişdir.

Arif HƏŞİMOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RƏSULULLAHIN VƏSİYYƏTİ

İrbad bin Sariyə radiyallahu anhu belə nəql edir:- Rəsulullah (s.ə.s) bir gün bizə namaz qıldırdı, sonra duyğu yüklü bir vəz...

Bağla