ZAKİR HƏSƏNOV RAMAZAN MÜNASİBƏTİLƏ ŞƏXSİ HEYƏTİ TƏBRİK EDİB

0

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Təbrikdə deyilir:

Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik, bərabərlik rəmzi olan Ramazan bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətlərinizdə uğurlar arzulayıram.

İslami dəyərlərin qorunduğu ölkəmizdə hər il dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Ramazan bayramı insanlar arasında bərabərliyi, birliyi daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, humanizmin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə təcəssüm etdirir.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsini, milli-mənəvi dəyərlərimizi yüksək tutaraq adət və ənənələrin qorunub saxlanmasını reallığa çevirdi. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət nəticəsində dövlətçiliyimizin iqtisadi dayaqları möhkəmlənib. Azərbaycan demokratik dövlət quruculuğu prosesində böyük nailiyyətlər qazanıb. Dövlətin inkişafında prioritet istiqamətlərdən hesab edilən ordumuzun hərbi qüdrətinin gündən-günə artırılması məqsədilə atılan addımlar ölkədə həyata keçirilən islahatların əsas tərkib hissələrindəndir. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın dünyada nüfuzu daha da artaraq, xalq-dövlət-ordu birliyi ən yüksək səviyyəyə çatmışdır.

Ermənistan silahlı birləşmələrinin törətdiyi irimiqyaslı təxribatlara qarşı rəşadətli Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatlarında – 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqlar, fədakarlıq nümunələri sayəsində 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımız azad edildi. Müzəffər Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, qətiyyətli addımları, ordumuzun gücü sayəsində düşmən üzərində parlaq Qələbə qazandıq, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bu gün rəşadətli Azərbaycan Ordusu işğaldan azad etdiyi ərazilərdə öz mövqelərini daha da möhkəmləndirərək, ölkə Prezidentinin rəhbərliyi altında başlayan genişmiqyaslı yenidənqurma və bərpa-quruculuq işlərinə öz layiqli töhfələrini verməkdədir.

Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması, ərazi bötövlüyünün bərpası uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini hər zaman olduğu kimi Ramazan bayramı ərəfəsində dərin hörmət və ehtiramla yad edirik. Eyni zamanda, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, bu müqəddəs Ramazan bayramı gəlişiylə ailələrinizə firavanlıq, xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət gətirsin.

Bir daha hər birinizi Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram.

Ramazan bayramınız mübarək!

Azərbaycan Respublikasının müdafiə naziri

general-polkovnik Zakir Həsənov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÇAĞIRIŞ KİNOSU ƏSASINDA SƏNƏDLİ FİLM ÇƏKİLƏCƏK

Suriyalı rejissor Mustafa Akkadın çəkdiyi, İslam peyğəmbəri Hz. Muhammədin (ﷺ) təbliğ dövrünü əks etdirən “Çağırış” (The Message) kinosu əsasında sənədli...

Bağla