ZİLHİCCƏ ORUCU

0

İslama görə Zilhiccə ayının ilk on günü fəzilətli günlər sayılır. Bu günlərdə edilən saleh əməllər digər günlərdə edilən saleh əməllərdən qat-qat üstün qəbul edilir. Həm həc mövsümünün həm də haram ayların arasında olan Zilhiccə ayının ilk on gününün fəzilətini Allah Rəsulu (s.ə.s) bir hədisində belə açıqlamışdır: “Saleh əməllərin Allah qatında ən dəyərli olduğu günlər (Zilhiccənin) ilk on günündə edilən əməllərdir“. (Tirmizi, Sövm, 52). Bu səbəblə də Allah Rəsulu (s.ə.s) Zilhiccə ayının ilk doqquz gününü oruc tutmuş, onuncu gün isə Qurban bayramı olduğu üçün oruc tutmamışdır. Həzrət Aişə (r.anha) bu barədə belə demişdir: “Mən Rəsulullahın (s.ə.s) (Zilhiccə ayının) onuncu günü oruc tutduğunu heç görmədim”. (Müslim, Etikaf, 4). İslam alimləri bu rəvayətdən yola çıxaraq Zilhiccə ayının ilk doqquz günü oruc tutmağın müstəhəb bir əməl olduğunu lakin onuncu gün oruc tutmağın isə sünnəyə uyğun olmadığını açıqlamışdırlar. Başqa bir hədisdə Allah Rəsulu (s.ə.s) bu günlərdə tutulan hər bir orucun bir ilin orucuna, gecələrində qılınan hər bir namazın isə Qədir gecəsində qılınan namaza bərabər olduğunu buyurmuşdur. (Tirmizi, Sövm, 52).

Bir çox İslam alimi Qurani-Kərimdə keçən “On gecəyə and olsun“, – ayəsindəki (Fəcr, 89/2) “on gecə” ifadəsi ilə Zilhiccə ayının ilk on gününün nəzərdə tutulduğunu irəli sürmüşdürlər. Bundan əlavə: “Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər“, – (Həc, 22/258) ayəsində keçən “məlum günlər” ifadəsi ilə zilhiccə ayının ilk on gününün nəzərdə tutulduğu da irəli sürülmüşdür.

Həccə getməyib lakin qurban kəsmək istəyən kimsələrin Zilhiccə ayının ilk günündən başlayaraq qurban kəsilən günə qədər dırnaqlarını və saçlarını kəsməmələri Peyğəmbərimizin (s.ə.s) sünnəsidir. Bu barədə Allah Rəsulu (s.ə.s) belə buyurub: “Kimin kəsəcək qurbanı varsa, Zilhiccənin hilalı göründükdən sonra ta qurban kəsənə qədər saçını və dırnağını kəsməsin“. (Müslim, Ədahi, 42).

Nəticə olaraq, Zilhiccə ayının ilk on günündə möminlər həcc, oruc, sədəqə və başqa bir çox ibadəti eyni vaxtda etmə imkanına sahib olurlar. İlin başqa günlərində belə bir fürsət yoxdur. Zilhiccə ayının üstünlüyü səbəbilə bu ay içində çox-çox tövbə və istiğfar etmək, nafilə ibadətləri çoxaltmaq, dua etmək, gecə namazları qılmaq, sədəqə vermək, qohumları ziyarət etmək, Quran oxumaq, təfəkkür etmək, yaxşılığı əmr edib pisliklərdən çəkindirməklə mənəviyyatı yüksəltmək lazımdır. Unutmamalıyıq ki, saleh əməllər insanın mənəviyyatının yüksəlməsinə və əməllərimizin Allah tərəfindən qəbul edilməsinə yol açan vasitələrdir.

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ MÖVQELƏRİMİZİ ATƏŞƏ TUTUB

İyulun 9-da saat 21:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu ərazisində yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndi istiqamətində yerləşən...

Bağla