Uca Allah insanları doğru yola yönəltmək və onların dünya ilə axirət səadətini təmin etmək üçün müxtəlif vasitələrlə tərbiyə etmişdir. Ağıl sahibi olan hər bir insan özünə fayda verən həqiqətlərə bağlı qalmağa çalışar. Lakin bəzən insan nəfsi və keçici arzularının təsiri altında xeyirdən uzaqlaşaraq fani həzzlər naminə özünü zərərə sürükləyər. İnsanın hansı meyarlara əsasən bu cür davranmasını tam şəkildə izah etmək çətindir. Çünki hər bir insanın özünəməxsus həyat ölçüləri və dəyərləri vardır. Təəssüf ki, müasir dövrdə insan çox vaxt idarə edən mövqedən uzaqlaşaraq müxtəlif təsirlərin idarə etdiyi bir varlığa çevrilmişdir. Şübhəsiz ki, bunun başlıca səbəbkarı yenə insanın özüdür.
Allah-Təalanın bəşərə olan rəhməti Onun ən uca sifətlərindəndir. O, insanın doğru yolu tapması üçün son ana qədər tövbə və hidayət qapılarını açıq saxlayır. İlahi mərhəmətə sığınan insanın qəlbi arxayın, ruhu isə sakit olar. Çünki o, hadisələrin zahiri görünüşü ilə kifayətlənməz, onların arxasında duran hikməti dərk etməyə çalışar.
Uca Allah peyğəmbərlər, səmavi kitablar və mələklər vasitəsilə bəşəriyyətlə əlaqə qurmuş, insanlara bilmədiklərini öyrətmişdir. Biz mələkləri dünya gözü ilə görə bilmirik. Son peyğəmbər Həzrət Məhəmməd (s.ə.s.) də artıq aramızda deyildir. Bəs Allahın buyruq və göstərişlərini necə öyrənirik? Bu sualın cavabı qısa və aydındır: müqəddəs kitab vasitəsilə. Qurani-Kərim Allah ilə insan arasında ilahi rabitəni təmin edən ən mühüm mənbədir. Onun dərinliklərində saysız-hesabsız hikmətlər və ilahi həqiqətlər mövcuddur. Lakin bu hikmətləri dərk etmək və onlardan faydalanmaq baxımından insanlar arasında fərqlər vardır.
Bu baxımdan Qurani-Kərimin ikinci surəsi olan əl-Bəqərə surəsi müxtəlif insan qruplarının ilahi həqiqət qarşısındakı mövqelərini diqqətə çatdırır. Surənin ilk iki səhifəsində üç fərqli insan qrupu – möminlər (müttəqilər), kafirlər və münafiqlər – Allahın hidayətinə münasibətləri baxımından ardıcıl və son dərəcə bəlağətli şəkildə təqdim edilir.
Surənin ilk beş ayəsində möminlərin xüsusiyyətlərindən bəhs olunarkən əsas vurğu müttəqi, yəni Allahdan layiqincə qorxan və Ona səmimi qəlbdən iman gətirən insan anlayışı üzərində cəmləşdirilir. Şübhəsiz ki, Allah-Təala başqa ifadələrdən də istifadə edə bilərdi. Lakin ikinci ayədən başlayaraq həmin hissənin əsas məfhumunun məhz müttəqi anlayışı üzərində qurulması bu sözün xüsusi məna yükünə malik olduğunu göstərir.
Surənin ikinci səhifəsinin əvvəlində yer alan iki ayədə isə kafirlərin mənəvi vəziyyətindən bəhs edilir. İlk baxışda bu ayələrin mənasını tam şəkildə qavramaq hər kəs üçün asan olmaya bilər. Lakin ayələrin ardıcıllığına, ifadə tərzinə və bəlağətinə diqqət yetirildikdə onların müəyyən bir məqsədə xidmət etdiyi aydın olur. Allah-Təala burada kafirlərin həqiqət qarşısındakı mövqeyini qısa, lakin son dərəcə təsirli şəkildə təsvir edir və müttəqilərə onların acınacaqlı mənəvi vəziyyətini göstərir.
Surənin davamında isə ən geniş şəkildə üçüncü insan qrupu – münafiqlər haqqında danışılır. Tarix boyu cəmiyyətlərə ən böyük zərəri vuran təbəqələrdən biri məhz münafiqlər olmuşdur. Kafirlərin düşmənçiliyi açıq şəkildə bəlli olduğundan onlara qarşı mövqe müəyyənləşdirmək nisbətən asandır. Lakin münafiqlər daxilən bəslədikləri kin və düşmənçiliyi gizlətməkdə son dərəcə mahirdirlər. Onlar zahirdə dost və xeyirxah kimi görünür, lakin öz çevrələrində haqqı və onun tərəfdarlarını məsxərəyə qoyur, fitnə və fəsad yaymağa çalışırlar.
Allah-Təala surənin davamında on üç ayə boyunca münafiqlərin xüsusiyyətlərini, davranışlarını və mənəvi durumlarını ətraflı şəkildə bəyan edərək möminləri onlardan xəbərdar edir. Bu ayələrdə, əvvəlcə, onların daxili ziddiyyətləri və ikiüzlü xarakterləri təsvir edilir, daha sonra isə törətdikləri fitnə və fəsadın nəticəsiz qalacağı bildirilir. Uca Allah onların söz və əməllərinin puç olacağını bəyan edir və bütün cəhdlərinin ilahi həqiqət qarşısında dəyərsiz olduğunu bildirir.
Məhz bu səbəbdən əl-Bəqərə surəsinin başlanğıcı xüsusi əhəmiyyət daşıyır. Burada təkcə fərdi xarakterlər deyil, cəmiyyətin əsasını təşkil edən müxtəlif düşüncə və dünyagörüşləri də təsvir olunur. Qurani-Kərim iman gətirənlər üçün hidayət rəhbəridir. Onun hökmlərində nə xalqa, nə cəmiyyətə, nə də dövlətə qarşı hər hansı pis niyyət mövcuddur. Əksinə, onu səmimiyyətlə oxuyan, anlayan və həyatına tətbiq edən hər kəs yalnız xeyir və hikmət əldə edər. Çünki həqiqi mömin üçün cəmiyyətin əmin-amanlığı, firavanlığı və mənəvi sağlamlığı əsas məqsədlərdəndir. İlahi həqiqətdən üz çevirənlər isə çox vaxt insanlar arasındakı etimadı sarsıtmaq, fitnə və qarşıdurma yaratmaq yolu ilə cəmiyyətin mənəvi dayaqlarını zəiflətməyə çalışırlar.
Murad Ağayev



