ABŞ Prezidenti Donald Tramp Ağ Evin saytında Ramazan ayı ilə bağlı dərc olunmuş mesajında Amerika müsəlmanlarına müraciət edib. Ramazanın mənəvi yenilənmə və düşüncə ayı olduğunu vurğulayan Tramp bildirib ki, “Ramazan Allahın saysız-hesabsız nemətlərinə görə şükür etmək üçün müqəddəs bir vaxtdır. Bir çox amerikalı üçün bu müqəddəs vaxt dua və orucu vurğulayır, ailə və ictimai əlaqələrini gücləndirir və ortaq dəyərlərimiz olan şəfqət, xeyirxahlıq, mərhəmət və təvazökarlığı bir daha təsdiqləyir”.
Tramp qeyd edib ki, Allah tərəfindən verilən imanı sərbəst şəkildə yaşamaq hüququ ABŞ millətinin müəyyənedici xüsusiyyəti və ölkənin rifahının və gücünün əsas elementidir. Administrasiyasının bütün vətəndaşların imanlarını sərbəst şəkildə yaşamalarını təmin etməyə çalışdığını vurğulayan Tramp deyib: “Bu lütf və xeyirxahlıq mövsümündə evlərdə xoşbəxtlik və əmin-amanlıq, dünyada birlik və sülh, gələn ildə isə bərəkət üçün dualar edirəm”.



