AYƏLƏRİ TƏVİL ETMƏK BİDƏTDİRMİ?

0

“Mütəşabeh” bir-birinə oxşayan iki ləfzin birini digərindən fərqləndirməkdə aciz qalmaq mənasına gəlir. Bunun ən məşhur nümunələri Uca Allahın sifətləri və qiyamət əlamətlərindən bəhs edən ayə və hədislərdir. Dini elmlərdən olan “Kəlam” elmində mütəşabeh ayə və hədislərin təvili və izahları ilə bağlı iki yanaşma ortaya çıxmışdır. Bunlardan biri sələfin, digəri isə Kəlam alimlərinin fikirləridir. Belə ki, sələf düşüncəsində ayə və hədislərdə qeyd edilən istiva/oturmaq, vəch/üz, yəd/əl və eyn/göz kimi Uca Allahın xəbəri sifətləri qətiyyətlə təvil edilməmiş, eləcə də təvil edənləri bidətçiliklə günahlandırmışlar. Məsələn, istiva kəlməsi ilə əlaqədar olaraq soruşulan suala məşhur İslam alimi Malik ibn Ənəs: “İstiva məlumdur, onun keyfiyyəti isə məchuldur, yəni ağıl ilə dərk edilə bilməz, ona iman gətirmək vacib, lakin bu mövzu haqqında soruşmaq bidətdir”, – deyə cavab vermişdir. Odur ki, onların fikrincə, mütəşabehin təvilini yalnız Uca Allah bilir və bu məsələdə fikir bildirməmək məqsədəuyğun olan davranışdır. Digəri isə Kəlam alimlərinin təvilin üsuluna uyğun şəkildə edilməsinin nəinki caizliyi, hətta vacibliyi və qaçınılmazlığı ilə bağlı fikridir.

Vurğulamaq lazımdır ki, sələfin yaşadığı İslamın ilkin dövrlərindəki təfəkkür ilə Kəlam alimlərinin yaşadığı dövrlərdəki təfəkkür bir-birindən çox fərqlənmişdir. Belə ki, İslamın əqidəvi məsələlərini ilk dəfə araşdırmağa başlayan İslam alimləri dinin anlaşılmasında yalnız nəqli dəlillərə əhəmiyyət vermiş əqli təvillərə isə qarşı çıxmışlar. İslamın ilkin dövrlərində təbii qarşılanan sələf metodu fəthlər nəticəsində fərqli din, mədəniyyət və müxtəlif elm sahələri ilə qarşılaşdıqdan sonra İslam inanclarının müdafiəsində kifayət etməmişdir. Məhz bu səbəbdən əqli dəlillərə və təvillərə ehtiyac duyulmağa başlanmış, beləliklə də İslam alimləri mütəşabeh olan ayə və hədisləri təvil edərək əqli dəlillərlə izah etməyə çalışmışlar. Eyni zamanda İslam düşüncəsində Müşəbbihə və Mücəssimə deyə adlandırılan cərəyanların mütəşabeh ayələri yanlış təvil etmələrinə əngəl olmaq məqsədilə Kəlam alimləri təvilin mahiyyətini və təvil etməyə səlahiyyətli olanlar barədə tutarlı metodlar ortaya qoymuşlar. Belə ki, onlar ortaya qoyulan təvillərin Quran və Sünnənin ruhuna müvafiq olması ilə yanaşı, Allahın təkliyinə – tövhid   əqidəsinə, əqli dəlillərə və ərəb dilinin qaydalarına uyğun olmasına diqqət etmişlər.

Odur ki, mütəşabeh ayə və hədislər digər nəqli və əqli dəlillərə müraciət etmədən təvil edilməməlidir. Əlbəttə, Kəlam alimləri ortaya qoyulan təvilin mütləq mənada Uca Allahın muradı olduğu iddiası ilə çıxış etməmişlər, lakin Onun muradına çox yaxın olduğunu vurğulamışlar. Məhz Kəlam alimləri ortaya qoyduqları bu metod çərçivəsində mütəşabeh ayə və hədisləri təşbeh və təcsimə yol vermədən Uca Allahı tənzeh etmə həssasiyyətini göstərərək təvildən istifadə etmişlər. Məsələn, böyük Kəlam alimi Maturidi mütəşabeh ləfzlərdən hesab edilən “ərş” kəlməsini mühkəm ayələrdən saydığı “Ənam” surəsinin “O Öz qulları üzərində tam və mütləq hakimiyyət sahibidir” mənasına gələn 18-ci ayəsi əsasında “hakimi-mütləq” şəklində təvil etmişdir. Bundan əlavə, məsələn, “ruyətullah/Allahın cənnətdə görülməsi” mövzusunda “Yaxşı işlər görənlər üçün ən gözəl mükafat və daha da ziyadəsi vardır” mənasına gələn “Yunis” surəsinin 26-cı ayəsindəki “ziyadə” ifadəsini mühkəm qəbul etdiyi və “Elə üzlər var ki, o gün parıldayacaq və öz Rəbbinə baxacaqdır” mənasına gələn “Qiyamət” surəsinin 22-23-cü ayəsi əsasında “Allahı görmək” kimi təvil etmişdir.

Nəticə etibarilə mütəşabeh ayə və hədislərin təvilinin düzgün edilməsi üçün dini elmlərin dərindən mənimsənilməsi qaçınılmazdır. Məhz Kəlam alimləri mütəşabeh ayə və hədislərin “Kəlam” elminin müəyyən etdiyi metodlar çərçivəsində təvil edilməsini yuxarıda qeyd olunan sələf alimləri kimi bidət kimi qiymətləndirməmiş, hətta təvil edilməsinin labüd olduğunu vurğulamışlar. 

f.f.d Anar Qurbanov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə və Azərbaycan alpinistləri Xocalı faciəsi qurbanlarının xatirəsinə zirvəyə çıxıblar

Türkiyə və Azərbaycan alpinistləri Naxçıvan Muxtar Respublikasındakı Xaça dağının zirvəsinə birgə qalxıblar. “Anadolu” agentliyi xəbər verir ki, aksiya 1992-ci ilin...

Bağla