Azərbaycanlı şagird: “Təyyarələrin altına termal kameralar quraşdırmaq istəyirik”

0

Avqustun 30-da Türkiyənin Samsun şəhərində işə başlamış və sentyabrın 4-dək davam edəcək “Teknofest Karadeniz” Aerokosmik və Texnologiya Festivalında Azərbaycandan 16 komanda iştirak edir ki, onlardan biri də Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin “GreenLines” komandasıdır.

Komandanın üzvü Xalid Nəsibov “Report”a açıqlamasında layihələri ilə bağlı məlumat verib.

“Green lines” komandası olaraq biz təyyarələrin altına termal kameralar quraşdırmaq istəyirik. Bu kameralarla təyyarələr meşə yanğınlarını görür və həyəcan siqnalı göndərir. Hazırda komandamız 4 şagird, 1 müəllimdən ibarətdir və gələcəkdə layihəmizi inkişaf etdirməyi düşünürük. Azərbaycanda keçirilən “Teknofest” tədbirində layihəmizlə maraqlanıblar və biz istəyirik ki, onu dövlət qurumlarına da təqdim edək. “Teknofest Karadeniz”də iştirak etməkdə məqsədimiz isə layihəmizi tanıtmaq, Azərbaycanı layiqincə təmsil etmək və yeni tərəfdaşlar tapmaqdır”, – o deyib.

Komandanın digər üzvü Üzeyir Baxışzadə isə bildirir ki, “Teknofest Azərbaycan”da qazandıqları uğurlar onları yeni tərəfdaşlar qazanmağa vadar edib: “Bakıdakı festivala qoşulanda qalib gələcəyimizə o qədər də inanmırdım. Amma iştirakçı olanda gördüm ki, bizim “Forest vision” adlanan layihəmiz ən yaxşılardan biridir. Qalib gəldikdən sonra isə Azərbaycan və Türkiyə prezidentləri bizi mükafatlandırdı. Ümumilikdə götürsək, “Teknofest Azərbaycan” çox həyəcanlı və maraqlı idi. Həmçinin festival çərçivəsində keçirilən aviaşouların da çox gözəl olduğunu bildirmək istəyirəm.

Türkiyədə təşkil olunan”Teknofest Karadeniz” daha böyükdür. Eyni zamanda ziyarətçilərin sayı həddindən artıq çoxdur. Stendimizə maraq var və gəlib bizim layihə ilə maraqlanırlar. Hətta Selcuk Bayraktarla da görüşmək imkanımız olub. Qısa şəkildə desəm, çox xoşumuza gəldi, maraqlı bir festivaldır.

Stendimizə yaxınlaşanlar daha çox soruşur ki, bizim hazırladığımız bu “Teplovizor” həqiqətən də istiliyi təyin edə bilərmi? Biz isə izah edirik ki, elə termal kameralar var, kosmosdan belə istiliyi təyin edə bilər”.

Xatırladaq ki, “GreenLines” komandası “Teknofest Azərbaycan” yarışmasında “Yaşıl” texnologiyalar kateqoriyası üzrə 1-ci yer qazanıb. Şagirdlərin hazırladıqları layihə meşə yanğınlarının qarşısını vaxtında almaq üçün nəzərdə tutulub. Layihənin ideyası 2021-ci ildə Türkiyədə baş verən meşə yanğınlarından sonra yaranıb. Komandanı Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Nobel mükafatı laureatı Əziz Sancar təltif edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ZAKİR HƏSƏNOV TÜRKİYƏDƏ MÜHİM MƏRASİMDƏ İŞTİRAK EDİB

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyənin Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının buraxılış mərasimində iştirak edib....

Bağla