BƏYAN NEMƏTİ

0

Bəyan, insanın iç dünyasındakı (qəlbindəki və ağlındakı) mücərrəd düşüncələri konkret sözlərə tökərək xarici dünyaya ötürməsidir. Bu ötürmə olmasa, insanlar arasında yaxınlıq çətin qurular, yaxud davam etməz. Yaxınlıq qurulmasa, hər kəs öz evinə (içinə) qapanmış bir ada olaraq qalar.

İnsan təkcə həmcinsləri ilə deyil, əşya və təbiət ilə də bəyan vasitəsilə əlaqə qurur. Əşyaları adlandırmaq, təbiəti mənalandırmaq bəyan nemətinin bir nəticəsidir.

“Bəyan” sözü qapalılığı aradan qaldırmaq və bir şeyi üzə çıxarmaq deməkdir. Rəhman Surəsində bu qabiliyyətin “öyrədildiyinin” vurğulanması (Rəhman, 4), insanın komunikasiya qurmaq qabiliyyətinin təsadüfi olmadığını, ilahi bir proqram olduğunu göstərir.

Duyğusal yaxınlıq ilə bir insanın dərdini anlada bilməsi – bəyan, qarşı tərəfin də bunu hiss edə bilməsi ruhlar arasında bir ünsiyyət körpüsü qurur. Zehni əlaqə ilə fikirlərin bəyan edilməsi insanların ortaq bir zehin ətrafında birləşməsini və mədəni bir yaxınlıq – mədəniyyət qurmasını təmin edir.

Rəhman Surəsində bəyanın öyrədilməsi göyün yüksəldilməsi və mizan (tarazlıq) ayələrindən əvvəl zikr edilir. Bu vəziyyət, bəyan nemətinin ümumbəşəri tarazlıqla olan əlaqəsini göstərir. Allah insanı yaratmış (bioloji varlıq təzahürü), ona bəyanı öyrətmiş (sosial varlıq təzahürü) və bu sayədə onu həm Rəbbi ilə, həm də kainatla ünsiyyət qura biləcək bir məqama (ruhani varlıq təzahürünə) yüksəldərək üç nemətlə şərəfləndirmişdir.

Bəyan insanın “tənhalıq” qaranlığından çıxıb “yaxınlıq” işığına qovuşduğu ilahi bir pəncərədir. Bəyan insanın hansı şüur səviyyəsində yaşadığını, həyata haradan baxdığını və var olmanın hansı müstəvidə qurduğunu üzə çıxaran mütləq bir güzgüdür. İnsanın dili onun ruhunun çölə daşan əks-sədası, xarakterinin isə dəqiq görüntüsüdür.

Ağzımızdan çıxan hər söz əslində bu həyatda hansı mənəvi mərtəbədə məskunlaşdığımızı göstərir. İnsanın kəlamı həm özümüzü tanımağımıza, həm də qurduğumuz bağların keyfiyyətini ölçməyimizə imkan verir.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət...

Bağla