Azərbaycanda birgəyaşayış mədəniyyətinə təhdid yaradan qrupların, eyni zamanda, buna təhdid yarada bilən “ideoloji” təbliğatların qarşısının alınması üçün din xadimlərinin, dini icmaların fəaliyyətinin koordinasiya edilməsi vacibdir.
“Report”un Qərb bürosunun məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Göygöldə keçirilən “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda regional konfrans çərçivəsində jurnalistlərə açıqlamasında Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.
O, Göygöldə keçirilən konfransın mövzusunun birgəyaşayış mədəniyyətinə həsr edilməsinin təsadüfi olmadığını bildirib:
“Azərbaycan əsrlərdir, bəlkə də minilliklərdir ki, müxtəlif xalqların və dinlərin nümayəndələrinin bir arada yaşadığı unikal bir ölkədir. Azərbaycanda yəhudiliyin 26 əsrlik tarixi var. Eyni zamanda, xristianlığın meydana çıxdığı birinci əsrdən etibarən bu coğrafiyada yayılmağa başlayıb. İslam isə artıq 13 əsrdir ki, burda aparıcı dindir. Amma İslamın bu müddət ərzində aparıcı din olmasına baxmayaraq, yəhudilik və xristian konfessiyaları da burada öz mövcudluqlarını qoruyub saxlayıblar”.
G.İsmayılovun sözlərinə görə, Azərbaycan xalqının həyat tərzi olan birgəyaşayış mədəniyyəti həm də hökumətin dövlət siyasətidir:
“Yəni birgəyaşayış mədəniyyətini qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək bu gün dövlət siyasətidir, eyni zamanda, həm dövlət məmurlarının, həm də din xadimlərimizin üzərinə düşən mübarək missiyadır. Bu baxımdan, biz birgəyaşayış mədəniyyətimizə təhdid yaradan qrupların, həmçinin təhdid yarada bilən “ideoloji” təbliğatların qarşısının alınması üçün din xadimlərinin, dini icmaların fəaliyyətinin koordinasiya edilməsini, onların vaxtında bu proseslə bağlı məlumatlandırılmasını vacib hesab edirik. Regional konfransların əsas məqsədi həm də budur”.



