Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Club Diplomatic” sarayında keçirilən tədbirdə Rumıniya Senatının sədri Mirça Abrudyan, hökumət nümayəndələri, deputatlar, senatorlar, ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, ictimai-siyasi xadimlər, elm və mədəniyyət nümayəndələri, media təmsilçiləri, türk və tatar icmalarının, eləcə də Rumıniyada yaşayan və təhsil alan azərbaycanlıların nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Qonaqlar, həmçinin Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbəni, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini və mina problemini əks etdirən fotosərgi ilə tanış olublar.
Rəsmi qəbulun sonunda iştirakçılara Azərbaycan milli mətbəxinin nümunələri təqdim edilib.



