Bəzən insanlar zənn edir ki, cəmiyyətlər bir-birindən xəbərsiz insan selindən ibarətdir. Cəmiyyətin sadəcə insan selindən ibarət olduğunu düşünmək səthi bir muhakəmə məhsuludur. Hər birimiz belə bir düşüncə qarşısında “insan və cəmiyyət arasında necə bir əlaqə vardır?” sualını ünvanlaya bilərik.
Bəli, insan və cəmiyyət arasında mürəkkəb bir əlaqə vardır. Bu əlaqələr mənzuməsi ailədən başlayır. Ana, ata və övladlarının birgə həyat fəaliyyətləri əslində cəmiyyəti meydana gətirir. Cəmiyyətin bu forması müqəddəsdir. İnsanın əqli cəhətdən yetişməsi və əxlaqi yöndən kamilləşməsi ailə daxilində baş verir. Ailə müəssisəsinin yetişdirdiyi fərdlər daha böyük cəmiyyətin/cəmiyyətlərin sağlam təməllər üzrə inkişafına şərait yaradır. Ona görə ailə müəssisəsi istisnasız bütün cəmiyyətlərin özülüdür.
İnsanın fərdi, həmçinin ictimai varlıqdır. Müsəlman müəlliflərinin bir çoxuna görə fərdlər cəmiyyət xaricində yaşaya bilməz. Onların, ehtiyaclarını qarşılaması, müdafiə olunması üçün başqa həmcinslərinə ehtiyacı vardır. Hər bir insan fərqli sənət sahibidir. Bir insan çörək ehtiyacını çörəkçidən təmin edir. Çörəkçi çörək bişirmək üçün buğdanı kəndli və ya sahibkardan alır. Kəndlinin buğdanı əkmək üçün traktora, əkin alətlərinə, zəmini biçmək üçün kombayına ehtiyacı vardır. Eyni zamanda texniki avadanlıqları idarə edən sürücü olmadan tarlanın əkin üçün hazırlanması çox çətindir. Məhz buna görə insanlar bir araya gələrək ehtiyaclarını qarşılamaq üçün cəmiyyətlər yaradırlar. Deməli, fərdlərin fərdi hərəkət trayektoriyalarını reallaşdırmaları üçün cəmiyyətin varlığı önəmlidir.
Cəmiyyətin əhəmiyyətini müqəddəs kitabımız Qurani-Kərim və onun praktikadakı yansıması olan Həzrət Peyğəmbərin (s.ə.v.) pak sünnəti də bəyan edir. Belə ki, Allah Təala qohumluq əlaqələrini gücləndirmək, ana-ataya yaxşı davranmaq, yaxın və uzaq qonşulara kömək göstərmək, yolda qalanların, yetimlərin və ehtiyac sahiblərinin əlindən tutmağı əmr edir (əl-Bəqərə, 2/215; Nisa 4;36). Həmçinin Allah Rəsulunun (s.ə.v.) mühacir və ənsar arasında qardaşlıq körpüləri inşa etməsi sonrakı nəsillərə stimul təşkil edir. Qardaşlıq müəssisəsi içi boş bir məhfum deyildir. Hər mənada qarşılıqlı köməkləşməyi əsas alan və cəmiyyətin necə təşəkkül edəcəyini göstərən predimetdir. Həzrət Muhəmmədin (s.ə.v.) hicrəti Məkkə müşriklərindən ayrı yeni bir cəmiyyətin qurulması üçün atılan addımdır. Onlara müxalifət edən müsəlmanlar hicət etdikləri Mədinədə Rəsulullahın (s.ə.v.) öndərliyində ənsardan olan müsəlmanlarla birgə yeni, güclü, iman və əxlaqi yöndən qüvvətli bir cəmiyyət inşa etdilər.
Habelə cəmiyyət təkcə birgə yaşayış forması deyildir. Onu ictimai formadan ibarət düşünsək cəmiyyətin sadəcə maddədən ibarət olduğunu iddia edə bilərik. Ancaq cəmiyyət, mənəviyyata, etiqad əsaslarına və əxlaq normalarına sahibdir. Fərdlərin etiqad əsaslarına yiyələnməsi cəmiyyət daxilində baş verir. Fərdi və ya ictimai əxlaq normalarının təcrübədən keçirilməsi, hətta tətbiqi yenə cəmiyyət daxilində baş verir. Deməli, cəmiyyət bir ruha sahibdir və onun əsasını fərdlərin sahib olduğu dəyərlər mənzuməsi müəyyən edir.
Murad Ağayev