Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Mavriki Respublikasına səfəri davam edir.
“Dinlər Sülh Uğrunda” təşkilatının 2026-cı il Ümumdünya Şurasının 23-26 iyun tarixlərində “Müştərək Mübarək Tərəqqiyə Doğru Yolların Qurulması” mövzusunda toplantısında Şeyxülislam A. Paşazadə çıxış edib.
Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının salam və xeyir-dualarını tədbir iştirakçılarına, Mavriki dövlətinə və xalqına yetirən QMİ sərdi Azərbaycan dövlətinin sivilizasiyalar və dinlərarası dialoq və əməkdaşlıq prosesinin, habelə beynəlxalq sülh təşəbbüslərinin fəal iştirakçısı olduğunu və ölkəmizin bu istiqamətlərdə mötəbər beynəlxalq tədbirlərə mütəmadi evsahibliyi etdiyini vurğulayıb. Dünyanın ən böyük və genişşaxəli beynəlxalq dinlərarası sülhməramlı qurumunun işində həmprezident olaraq iştirakını Azərbaycana və şəxsinə böyük etimad olaraq dəyərləndirən Şeyxülislam A. Paşazadə «Dinlər Sülh Naminə» təşkilatında təmsil olunmağının dünyanın əlahiddə ehtiyac duyduğu sülh quruculuğu, sülhün təmin olunması işinə töhfə vermək, təcrübəsini bölüşmək imkanı kimi qiymətləndirib.
Şeyxülislam A. Paşazadə bildirib ki, qarşıdurmalar və artmaqda olan insan qırğını ilə səciyyələnən, geosiyasi, iqtisadi maraqlar müstəvisində, habelə etnik, dini, irqi zəmində toqquşmalar, nifrət çağırışları, nüvə təhdidi, silahlanma yarışı, humanitar fəlakətlər və iqlim dəyişiklikləri insan nəslinin mövcudluğunu sual altına almaqda olduğu müasir dövrdə bəşəriyyətin varlığına təhlükə yaradan problemlərin əsas mənbəyinin ilahi düzənin pozulması cəhdləri, fəsadlar törədilməsi, insanların mənəvi-əxlaqi köklərindən ayrılmasıdır. O bildirib ki, biz dünyada sülhün bərpası üçün dualar edirik və dini mərkəz olaraq, dinlərarası dialoq və əməkdaşlıq müstəvisində bütün beynəlxalq platformalarda bu mövqeni fəal müdafiə edirik.
Şeyxülislam A. Paşazadənin çıxışında vurğulayıb ki, zəmanəmizdə mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də süni intellekt fenomeninin həyatımıza nüfuz etməsi ilə bağlıdır: “Rəqəmsal texnologiyaların hədsiz inkişafı dövründə bu yeniliklərin həyatımızın bütün sahələrinə sərhədsiz sirayət etməsi yeni imkanlarla yanaşı bir çox fəsadlar yaradır. Bu məsələdə ən mühüm olan mənəvi-etik hədlərin gözlənilməsi, yaranma ehtimalı yüksək olan fəsadların önlənməsi və ən əsası, şəri-dini hökmlərin verilməsi zamanı insan intellektinə üstünlük verilməsidir. İslam elm və maarifi təşviq edən mütərəqqi dindir. Biz, din xadimləri, dindarlar da süni intellektin imkanlarından istifadə etməliyik. Süni intellekt insan hüquqları müstəvisində nəzərdən keçirilərkən mühüm məqam, dini dəyərlərin süni intellektə inteqrasiyası zamanı Allahla bəndəsi arasında olan ibadət azadlığına xələl gəlməməsidir. Biz din xadimləri insanlara bu həqiqəti çatdırmalıyıq ki, süni intellekt zəkalı olsa da, ruhu olmadığından ibadətdə insanı əvəz edə bilməz. Süni intellektin elm, təhsil, texnika, tibb, xidmət sektoru, istehsal və sair sahələrdə olduqca böyük imkanları var və bəşər övladı bu imkanlardan yararlanmalıdır”.
QMİ sədri Şeyxülislam A. Paşazadə öz çıxışında beynəlxalq tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanda multikulturalizm və məzhəblərarası anlaşmanın unikal modeli bizim həyat tərzimiz, dövlətimizin siyasəti və bütün dünya üçün uğurlu birgəyaşayış örnəyidir. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan dövləti bu gün işğaldan azad olunmuş Qarabağda quruculuq işləri və əhalinin qayıdış layihələrini həyata keçirir, ekosid və urbisidin nəticələrini aradan qaldırır, bölgəmizdə sülh və tərəqqi yönündə real səy göstərir.
QMİ sədri A. Paşazadə Mavrikidə beynəlxalq tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.
“Dinlər Sülh uğrunda” (DSU) təşkilatının Baş Katibi Dr. Frensis Kuria ilə görüş zamanı qurumun rəhbəri Şeyxülislam A. Paşazadənin DSU-nun Ümumdünya Şurasının həmprezidenti qismində tədbirdə iştirak etməsindən məmnunluğunu bildirib. Azərbaycanın zəngin multikulturalizm və toltrantlıq ənənələrinin rəhbəri olduğu qurumun fəaliyyətində faydalı ola biləcəyinə əminliyini ifadə edib.
Şeyxülislam A. Paşazadə DSU təşkilatının sülhpərvər məram və təşəbbüslərinə hərtərəfli dəstək verməyə hazır olduğunu ifadə etmiş, DSU-nun gələcək tədbirlərindən birinin Azərbaycanda keçirilməsi təklifini həmsöhbətinin diqqətinə çatdırmışdır.
İyunun 23-də Şeyxülislam A. Paşazadə Ekumenik Patriarxlığının Xalkedon Mitropoliti Emmanuel Adamakis və Müsəlman Ağsaqqalları Şurasının (MAŞ) Baş Katibi Məhəmməd Əbdülsalam ilə görüşüb.
Görüşlərdə QMİ-nin Ekumenik Kilsə və Müsəlman Ağsaqqalları Şurası ilə əlaqələrinin gələcək inkişaf perspektivləri və cari il ərzində müxtəlif ölkələrdə keçiriləcək beynəlxalq dinlərarası tədbirlərdə iştirak məsələləri müzakirə olunmuşdur. Şeyxülislamın müvafiq təklifi ilə MAŞ Baş Katibi cari ilin sentyabrında Bakıda keçiriləcək Azərbaycanın tanınmış orta əsrlər alim-mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş Beynəlxalq elmi-praktik konfransın həmtəşkilatçısı qismində MAŞ-ın iştirakına hazır olduğunu ifadə etmişdir.
Beynəlxalq tədbir çərçivəsində QMİ sədri A. Paşazadə Ümümdünya Kilsələr Şurasının sədri dr. Jerri Pilley ilə görüşmüşdür. Şeyxülislam A. Paşazadə Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin gündəmdə olmasını xüsusi vurğulayaraq, Qafqaz Müsəlmanları İdarəsinin bu istiqamətdə hər zaman səylərini əsirgəmədiyini diqqətə çatdırmışdır. Təəssüflə vurğulamışdır ki, erməni kilsəsi sülh quruculuğu işinə nəinki dəstək olmur, əksinə, revanşist mövqeyindən geri çəkilmir. Ümumdünya Kilsələr Şurasının yeni, sülhyönümlü reallıqlar müstəvisində bu mövzuya həssas münasibətinin vacibliyinə diqqəti çəkən QMİ sədri, bundan sonra ÜKŞ-nin tədbirlərində və qəbul olunan qərarlarında bu məqamın nəzərə alınacağına ümidvar olduğunu bildirib.
Səmimi şəraitdə baş tutan görüş ikitərəfli əlaqələrin inkişaf perspektivləri baxımından məhsuldar xarakter daşımışdır. Ümümdünya Kilsələr Şurasının sədri dinlərarası dialoq və əməkdaşlıq sahəsində qabaqcıl rol oynayan, bu işə əməli töhfələr verən Azərbaycan dövlətinin evsAhibliyi etdiyi beynəlxalq tədbirlərdə dini mərkəz – QMİ-nin dəvəti ilə iştirak etməkdə maraqlı olduğunu ifadə edib.
Şeyxülislam A. Paşazadə beynəlxalq tədbir çərçivəsində ABŞ Dini və Ənənəvi Sülhməramlılar Şəbəkəsinin direktoru Məhəmməd əl-Baqir əl-Sanusi, Avropa Ravvinləri Konqresi icraçı komitəsinin üzvü, Saloniki ravvini İzhak Dayan, Dinlər Sülh uğrunda təşkilatının sabiq baş katibi Vilyam Vendli və digər tanınmış forum iştirakçıları ilə ikitərəfli görüşlər keçirib.



