Azərbaycanda bu gün də yüzlərlə tarixi-dini abidə fəaliyyət göstərir.
Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
O bildirib ki, bunların sırasında məscidlər, kilsələr və sinaqoqlar var:
“Həmin tarixi-dini abidələrdə dini icmalar mövcuddur və icmalarımız öz fəaliyyətlərini fəal şəkildə davam etdirirlər.Bildiyiniz kimi, ölkəmizdə tarixi-dini abidələr dövlət tərəfindən xüsusi qorunur. Keçmişimizdən bu günümüzə qədər gəlib çatan və hazırda fəaliyyət göstərən yüzlərlə belə abidəmiz var. Eyni zamanda onların təmiri və bərpası, qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması və tarixi həqiqətlərin öyrədilməsi də mühüm məsələlərdəndir”.
Sədr müavini qeyd edib ki, tarixi-dini abidələrimizin hər birinin özünəməxsus hekayəsi var:
*Bu hekayələr bu gün cəmiyyətimiz, xüsusilə dindarlarımız üçün böyük əhəmiyyət daşıyır. Onlar keçmişimizlə bu günümüz arasında mühüm bir bağ yaradır. Məhz bu məsələləri müzakirə etmək, tarixi-dini abidələrin qorunmasında dini icmaların və din xadimlərinin rolunu, eləcə də bu istiqamətdə mövcud imkanları birlikdə nəzərdən keçirmək bugünkü fəaliyyətimizin əsas məqsədlərindən biridir. Hesab edirik ki, bu fəaliyyətin daha da gücləndirilməsi tarixi-dini abidələrimizin həm ölkə əhalisinə, həm də xarici ziyarətçilərə daha geniş şəkildə təqdim olunmasına imkan verəcək”.



