Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun “Hər məsciddə kitabxana” layihəsi 2026-cı ildə də davam etdirilir. Cari ildə ölkənin müxtəlif bölgələrini əhatə etməklə 220 məscidin kitabxana ilə təmin olunması nəzərdə tutulur.
İlk mərhələdə respublikanın Quba-Xaçmaz bölgəsini əhatə edən Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında yerləşən bir sıra məscidlərə kitab rəfləri və hər birinə 100 ədəd olmaqla kitablar təqdim olunub.
Qeyd edək ki, 2025-ci ildən başladılan təşəbbüsün əsas məqsədi milli-mənəvi dəyərlərin təbliği, xüsusilə gənclər arasında mütaliə mədəniyyətinin inkişaf etdirilməsi, eyni zamanda məscidlərin yalnız ibadət yeri deyil, həm də ictimai-mədəni mərkəz kimi fəaliyyət göstərməsinə töhfə verməkdir. Ötən il 250 dini ibadətgahı əhatə edən layihə çərçivəsində 109 şəhər, 54 qəsəbə və 87 kənd məscidinə kitablar təqdim olunub. Nəşrlər arasında yalnız dini mövzulu əsərlər deyil, həm də fəlsəfə, tarix, ədəbiyyat və humanitar sahələrə aid kitablar, eləcə də Azərbaycan və dünya klassiklərinin nümunələri yer alıb.
2026-cı ildə ilk mərhələ siyahıda göstərilən məscidləri əhatə edib:
Şabran rayonu Əmirxanlı kənd məscidi
Şabran rayonu Aygünlü kənd məscidi
Quba rayonu Qacar Zeyid kənd məscidi
Quba rayonu Təngəaltı kəndi “Seyidlər” məscidi
Quba rayonu Ağbil kənd məscidi
Quba rayonu Dəlləkli kənd məscidi
Quba rayonu Xucbala kənd məscidi
Qusar rayonu Avaran kənd məscidi
Qusar rayonu Balaqusar kənd məscidi
Qusar rayonu Hil kənd məscidi
Qusar rayonu Mucuqoba kənd məscidi
Xaçmaz rayonu Çinartala kənd məscidi
Xaçmaz rayonu Mürşüdoba kənd məscidi
Xaçmaz rayonu Müşkür kənd məscidi
Xaçmaz şəhəri “Pirkənd” məscidi
Xaçmaz rayonu Qaraqurdlu kənd məscidi



