HƏYATA İSTİQAMƏT VERƏN DÖRD HƏDİS

0

Rəsulullah (s.ə.s)-in bütün hədisləri müsəlmanlara yol göstərən nişanələrdir. Bu səbəblə də müsəlmanlar Allah Rəsulunun (s.ə.s) hədislərinə baxaraq öz həyatlarına istiqamət verərlər. Lakin hədislər arasında dörd hədis vardır ki, bu hədislər bütün hədislərin xülasəsi sayılır. Tanınmış hədis alimi Əbu Davud əs-Sicistani bu haqda belə demişdir: “Mən kitabıma Rəsulullah (s.ə.s)-dən nəql edilən 4800 hədis yazdım. İnsana dinini yaşaması üçün bu hədislərin arasından dörd hədis kifayətdir”. Əbu Davudun bəhs etdiyi hədislər aşağıdakılardır:

                1-ci hədis: Həzrət Ömər (r.a)-dan rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Əməllər niyyətlərə görədir. Hər kəs üçün niyyətinin qarşılığı vardır“. (Buxari, Bədül-vəhy, 1). İslam alimləri yeni bir əsər yazmağa başlayarkən əsərlərinə ümumiyyətlə bu hədislə başlamağa üstünlük vermişdirlər. Çünki bu hədis hər hansı bir işdən nəticə əldə etmək üçün niyyətin təmiz olmasını şərt qoşmaqdadır.

                2-ci hədis: Əbu Hüreyrə (r.a)-dan rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Özünə aid olmayan şeyləri (boş işləri) tərk etməsi insanın yaxşı müsəlman olmasındandır“. (Tirmizi, Zöhd, 11). Çünki boş işlərdən uzaqlaşmaq insanı kamilliyə çatdırar. İslamın məqsədi insanı kamilliyə çatdırmaqdır. Rəsulullah (s.ə.s) bu hədisi ilə kamillik yolunda mane təşkil edən hər bir şeydən uzaq durmağa diqqət çəkir.

                3-cü hədis:  Ənəs (r.a)-dan rəvayət edildiyinə görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Sizlər özünüz üçün istədiyinizi (din) qardaşınız üçün də istəmədikcə (həqiqi) iman etmiş olmazsınız“. (Buxari, İman, 7). Bəşəri münasibətlərinin hər zaman canlı qalması üçün insan fərdiyyətçi olaraq deyil, digər insanları da düşünməlidir. Bu hədis möminlər arasında qardaşlıq duyğularının çox yüksək səviyyədə olmasına diqqət çəkir.

                4-cü hədis: Numan ibn Bəşir (r.a)-dan rəvayət edildiyinə görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Halal da haram da bəllidir. Bu ikisinin arasında çox insanın halal yoxsa haram olduğunu bilmədiyi şübhəli şeylər var. Kim şübhəli şeylərdən uzaq durarsa, dinini və namusunu qorumuş olar. Kim də şübhəli şeylərdən uzaq durmazsa, get-gedə harama düşər“. (Buxari, İman, 39). Bu hədisdə möminlərin şübhəli olan şeylərə qarşı həssas olmalarına diqqət çəkilmişdir. Çünki həssaslıq təqvanın tələbidir. İnsanın təqvası artdıqca halal və haram sərhəddinə daha çox riayət edər.

                Nəticə olaraq, qeyd etdiyimiz bu dörd hədis İslamın əsas prinsiplərini gözəl bir şəkildə xülasə etməkdədir. Bu hədislərlə əməl edən hər bir kəs həm özünün mənəvi inkişafına nail olar həm də cəmiyyətə faydası toxunar.

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BİNƏLİ YILDIRIM AZƏRBAYCAN PREZİDENTİNƏ TƏŞƏKKÜR EDİB

"Qəza anından etibarən mənimlə çox yaxından maraqlanan, dəstək verən dost və qardaş Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm". Bu fikirləri...

Bağla