İÇİNDƏ İT VƏ ŞƏKİL OLAN EVƏ MƏLƏKLƏR (ƏSLA) GİRMƏZLƏR

0

عَنْ أَبِي طَلْحَةَ رَضِيَ اللَّهُ عَنْهُمْ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: لاَ تَدْخُلُ المَلاَئِكَةُ بَيْتًا فِيهِ كَلْبٌ وَلاَ صُورَةٌ

Əbu Talhadan (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: İçində it və şəkil olan evə mələklər (əsla) girməzlər”. (Buxari, Bədul-xəlq, 17; Müslim, Libas, 26)

Qeyd olunan hədisi-şərifdə, insanların məskunlaşdığı evlərdə it və şəklin saxlanılmamasına diqqət çəkilmiş, belə evlərə rəhmət mələklərinin girməyəcəyi vurğulanmışdır. Üzərində diqqəti cəlb edəcək böyüklükdə canlı varlıqların şəkilləri olan xalça, pərdə, adyal, səccadə kimi əşyaların ev daxilində istifadə olunması İslam alimlərinin əksəriyyətinə görə xoş qarşılanmamışdır. Belə əşyalar evin daxilində ibadət edən insanın diqqətini yayındırdığı və onlara qarşı insanın daxilində bir meyl əmələ gətirdiyi üçün qadağan olunmuşdur. Lakin bəzi alimlər üzərində canlıların şəkli olan əşyaları ayaq altına atıb istifadə etməkdə hər hansı bir problem görməmişlər. Onu da qeyd etmək lazımdır ki, divarlarda qabardılaraq əmələ gətirilən büst və heykəl formasındakı əşyalar da İslam dini tərəfindən qətiyyətlə qadağan olunmuşdur.

İçində it olan evlərə mələklərin girməməsinin səbəbi itin nəcis olmasıdır. Alimlərin əksəriyyəti hədisdə hər hansı bir təxsis olmadan it adı keçdiyinə görə, buraya bütün it növlərini aid etmişlər. Lakin Xəttabi (v. 388/998) başda olmaqla bəzi alimlər hədisdə keçən “it” ifadəsinin ov, əkinçilik və heyvandarlıq üçün istifadə edilən it cinslərinə aid olmadığını söyləmişdirlər. Əkinçilik, heyvandarlıq və ov məqsədi ilə saxlanan itlərin yalnız qeyd olunan məqsədlər üçün istifadə olunması lazımdır. Bunun xaricində hər hansı bir səbəb olmadan evdə itin bəslənməsi qəti qadağan edilmişdir. (İbn Həcər, Fəthül-bari, X/381-382) Bu səbəblə də müasir dövrümüzdə tez-tez rastlanan əyləncə və keyfi məqsədlərlə evin içində it bəsləmə alışqanlığının İslamla heç bir əlaqəsi yoxdur. İslam dini heyvanların hüquqlarının öz təbii yaşantıları içində qorunmasının tərəfdarıdır. Heyvanların öz təbii mühitlərindən uzaqlaşdırılaraq insanlarla eyni məkanı bölüşmələri əslində heyvana qarşı yaxşılıq deyil, onun öz təbiətindən uzaqlaşdırılması səbəbilə əziyyət verməkdir.

Mələklərin it və şəkil olan evlərə girməməsi mövzusuna gəlincə, burada qəbul edilən ümumi qənaətə görə, bunlar “hafaza” mələkləri deyə adlanan qoruyucu mələklərə aid deyildir. Bəzi alimlərə görə, bu vəhy gətirən mələklər, xüsusilə də Cəbrayıldır (ə.s). Çünki bir rəvayətə görə, evdəkilərdən xəbərsiz olaraq evə girən bir it səbəbilə Cəbrayıl (ə.s) Hz. Peyğəmbərin (s.ə.s) yanına daxil olmamışdır. (Buxari, Libas, 94) Nəticə etibarilə, bir çox gərəksiz məşğuliyyətlər kimi, şəkil və it də insanları lüzumsuz yerə məşğul etdiyi üçün Hz. Peyğəmbər bu ikisinə eyni vaxtda işarə etmişdir. İslama görə, insanın faydasız işlərdən uzaq durması onun gözəl müsəlman olduğunun əlamətidir.

SƏFA MURADOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NƏBƏVİ KƏLAMIN CAZİBƏSİ

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:    “(Nemətimizi tamamlamaq məqsədi ilə) Sizə ayələrimizi oxumaq, sizi (günahlardan) təmizləmək, Kitabı (Quranı), hikməti (şəriəti, halalla haramı) və bilmədiklərinizi öyrətmək üçün...

Bağla