İKİ GÜNÜ EYNİ OLAN ZİYANDADIR!

0

“İki günü eyni olan ziyandadır” sözü tez-tez eşitdiyimiz kəlamlardandır. Məna baxımından gözəl bir kəlam olan bu söz çox vaxt Həzrət Peyğəmbərin hədisi imiş kimi nəql edilir. Bəs görəsən həqiqətən bu söz Həzrət Peyğəmbərə aiddirmi?

Klassik mənbələrə nəzər saldığımız zaman bu sözün müxtəlif şəkillərdə nəql edildiyinə rastlayırıq. Belə ki, Əbu Nuaym əl-İsfəhaninin (430/1038) “Hilyətül-övliya” adlı əsərində bu sözün Həsən əl-Bəsrinin (110/728) yuxusunda Həzrət Peyğəmbərdən eşitdiyi bir söz olaraq nəql edildiyi qeyd olunur. Orada həmin rəvayət bu şəkildə nəql olunmuşdur: Həsən əl-Bəsri yuxuda Həzrət Peyğəmbəri görmüş və: “Ya Rəsuləllah mənə nəsihət et!” – demiş və Həzrət Peyğəmbər də ona belə nəsihət etmişdir: “İki günü eyni olan ziyandadır. Gələn günü keçən günündən şərli olan lənətlənmişdir. Kim pis əməllərdən uzaqlaşmazsa ziyanda olar. Ziyanda olan kəs üçün isə ölüm daha yaxşıdır “. (Əbu Nuaym, “Hilyətül-övliya”, VIII, 35). Bu rəvayət Beyhəqinin (458/1066) “əz-Zöhd” adlı əsərində də bənzər ifadələr ilə nəql olunmuş lakin orada bu sözün Həsən əl-Bəsrinin deyil, Əbdüləziz ibn Əbi Rəvvadın yuxusu olduğu qeyd olunmuşdur. (Beyhəqi, “əz-Zöhd“, s. 367). Deyləminin (509/115) əsərində isə bu söz Həzrət Əlinin sözü olaraq nəql olunmaqdadır. (Deyləmi, “əl-Firdövs“, III, 611). Bu söz şiə məzhəbinin hədis mənbələrində də keçməkdədir. Şiə mənbələrində bu söz həm Həzrət Əli, həm Cəfər əs-Sadiq həm də Musa əl-Kazımın sözü olaraq nəql olunmuşdur. (Reyşəhri, “Mizanul-hikmə”, IV, 114).

Buraya qədər qeyd etdiklərimizdən bu sözün Həzrət Peyğəmbərə aid olmadığı nəticəsi ortaya çıxmaqdadır. Çünki yuxuda Həzrət Peyğəmbəri görərək ondan hədis dinləmək hədis elmi baxımından qəbul edilən bir üsul deyildir. Bu sözün uydurma hədisləri bir yerə toplayan bəzi əsərlərdə mövzu/uydurma hədis olaraq qeyd olunmasının (Əliyyül-Qari, “əl-Məsnu“, s. 174) səbəbi yuxu yolu ilə rəvayət edilməsidir. Çünki yuxuda Həzrət Peyğəmbəri görərək ondan hədis dinləmək hədis elmi baxımından qəbul edilən bir üsul deyildir. Yuxunun şəri bir dəlil olmadığı da məlum məsələdir. Ancaq görülən yuxu şəri dəlillərlə təzad təşkil etməzsə yuxunu görən şəxs gördüyü yuxu ilə əməl edə bilər. Bu sözün məna baxımından gözəl bir kəlam olduğunu söyləmək, mənasının isə; “bacardığınız qədər hər keçən gün daha çox faydalı və saleh əməllər işləyin” şəklində olduğunu düşünmək mümkündür. Ancaq bununla yanaşı unutmamaq lazımdır ki, mənası nə olursa olsun Həzrət Peyğəmbərin söyləmədiyi bir sözü ona nisbət etmək onun adından hədis uydurmaq mənasına gəlir ki, bu da hədis elmi baxımından qəbul edilən bir addım deyildir.

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÜMRƏ ZİYARƏTİNİN BAŞLAYACAĞI TARİX AÇIQLANDI

Qlobal pandemiya səbəbindən 6 aydır dayandırılan Ümrə ziyarətinin başlayacağı tarix açıqlandı. Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyinin Daxili İşlər Nazirliyindəki mənbəyə...

Bağla