İMANIN AÇARI NƏDİR?

0

İnsanın yaradılış qayəsi “Allah-Təalaya ibadət, yəni qulluq”dur. Ancaq ibadət səhih bir imanla məqbul olur. Səhih iman üçün də “mərifətullah”, yəni qəlbən Haqq-Təalanı tanımaq zəruridir. Zatı mutəal, yəni hər şeyin fövqündə olan, yaradılanlara bənzəməkdən münəzzəh olan Haqq-Təalanı tanımaq yalnız Onun Kəlamullahdakı ayələri və kainatı bəzədiyi ilahi əzəmət təcəllilərini qəlbən oxumaqla mümkündür.

Bu oxuma ancaq vəhylə tərbiyə olunmuş bir ağılın təfəkkürü ilə mənfi hal və xislətlərdən təmizlənmiş səlim bir qəlbin hissiyyatı ilə hasil ola bilər.

Belə bir təfəkkür imanın açarıdır. “Oxu!” əmrini təqib edən ayə insana özünü və yaradılışını xatırladır:

“O, insanı “aləqa”dan (aşılanmış yumurtadan) yaratdı”. (əl-Aləq, 2)

Yenə bir çox ayeyi-kərimə insanı öz mahiyyəti üzərində təfəkkürə səsləyir:

فَلْيَنْظُرِ الْإِنْسَانُ مِمَّ خُلِقَ

“Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın!”. (ət-Tariq, 5)

İnsanı dəyərsiz bir sudan yaradan kimdir? Ona ən gözəl surəti verən, ruziləndirən, yaşadan kimdir?

“Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir? O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı. Sənə Özü istədiyi surətdə biçim verdi”. (əl-İnfitar, 6-8)

Bir stəkan su verənə təşəkkür etmə ehtiyacı hiss edən insan oğlunun Yaradanı təfəkkür etməməsi, yaradılışına görə təşəkkürdən boyun qaçırması nə böyük bir qəflət, necə də nadanlıqdır!

Bursəvi həzrətlərinin bu ifadələri necə də mənalıdır:

“Qığırdaq parçası olan qulağa eşitmə gücü verən,

Yağdan ibarət olan gözə görmə qabiliyyəti bəxş edən,

Bir ət parçasından ibarət dili danışdıran,

Bitkiləri meyvə və toxumları ilə, heyvanları ət və yağları ilə, (həmçinin) yer üzünü ağacları və çayları ilə, səmanı ulduzlar və onların işıqları ilə təchiz edən,

Gecəni insanların istirahətinə verən,

Gündüzlər saysız-hesabsız nemətlərindən istədiyi qədə­rini lütf edən Allahın şəni necə də ucadır!”

Sən Ona layiqincə qulluq edə bilmədiyin halda O, sanki səndən başqa qulu yoxmuş kimi sənə qiymət verib, maddi və mənəvi ruzilər bəxş edir.

Sənsə qulluqda sanki Ondan başqa biri varmış kimi qəflətdəsən. (Bu necə də dəhşətli nadanlıq, özündən bixəbər olmaqdır!) (Bax. Ruhul-Bəyan, Quran Məalı və Təfsiri, c. I, s. 94-95, Erkam Yayınları)

Aləq surəsinin sonrakı ayələri də Allah-Təalanın insana lütflərinə diqqət çəkir:

“Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi”. (əl-Aləq, 3-5)

Haqq-Təala məxluqat içərisində yalnız insana qələm tuta biləcək qədər incə, həssas işləri görə biləcək zəriflikdə əllər, o əlləri işlədə biləcək, qələm və bənzəri elm və təfəkkür vasitələrini inkişaf etdirə biləcək qabiliyyətə malik beyin lütf etmişdir.

Haqq-Təala buyurur:

عَلَّمَهُ الْبَيَانَ

“Rəhman ona bəyanı (danışmağı) öyrətdi”. (ər-Rəh­man, 4)  

Mənbə: “KAİNAT, QURAN VƏ İNSAN”, OSMAN NURİ TOPBAŞ.

İPƏKYOLU NƏŞRİYYATI.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SƏMİMİYYƏTİN  4   FAYDASI…

Səmimi bir ürəklə bəslənməyən sözlər  qabıqdan ibarətdir.

Bağla