İnsan qeyri-adi bir varlıqdır. Lakin o, çox vaxt bunun fərqinə varmır və həyatını bu baxış bucağından qiymətləndirmədən davam etdirir. Düşünmək insan təbiətinin ayrılmaz xüsusiyyətidir. Ancaq düşündüklərini xəyalında canlandırmaq, onları yeni məna qatları ilə zənginləşdirmək yalnız insana məxsus olan bir keyfiyyətdir. Bu xüsusiyyət bəşər tarixi boyunca təbii bir hal alaraq günümüzədək davam etmişdir.
İnsan həyat boyu qazandığı təcrübələr sayəsində düşüncə qabiliyyətini inkişaf etdirir və hadisələrə müxtəlif baxış bucaqlarından yanaşmağı öyrənir. Uşaqlıq dövründə ətrafımızdakı varlıqları sadəcə tanımağa çalışırıq. Zaman keçdikcə və elm öyrəndikcə isə onlara münasibətimiz daha da dərinləşir. Məsələn, əvvəllər meyvə verən ağacın yalnız meyvəsini dərməyə can atırdıqsa, bu gün həmin meyvənin insan orqanizmi üçün hansı faydaları daşıdığını araşdırırıq. Bu sadə nümunə insanın zehni və təxəyyül baxımından ömrü boyu inkişaf etdiyini göstərir.
İnanc da eyni mahiyyətə malikdir. O, ən saf və təmiz şəkildə uşaqlarda təzahür edir. Uşaqların məsum siması iman nuru ilə qovuşduqda bu mənzərə ətrafdakılara təsvirəgəlməz bir mənəvi zövq bəxş edir. Elə buna görə də inanc dairəsində qalmaq insanın xoşbəxtliyinin əsas amillərindən biri hesab edilə bilər.
Lakin insanın zehni imkanları inkişaf etdikcə o, bəzən sahib olduğu mənəvi dəyərlərdən uzaqlaşa bilir. Təsadüfi deyildir ki, ərəb dilində “insan” və “nisyan” (unutmaq) sözlərinin eyni kökdən gəldiyi qeyd edilir. Belə məqamlarda insan qarşılaşdığı çətinliklərdən qurtulmaq üçün mənəvi dayaq axtarmağa başlayır. Kimi bunu motivasiya, kimi daxili stimul, kimi təbiətin ruhu, kimi isə inanc adlandırır. Sokrat insan ruhunun daim özündən daha uca məqama və daha üstün əxlaqi keyfiyyətlərə sahib olana doğru meyl etdiyini bildirir. Əslində filosofun bu fikirlərini inanc anlayışı çərçivəsində dəyərləndirmək mümkündür. Çünki inancın fərd və cəmiyyət həyatına təsiri yalnız zahirdə müşahidə etdiklərimizlə məhdudlaşmır.
Məsələyə Qurani-Kərimin işığında nəzər saldıqda bu həqiqət daha aydın görünür. Peyğəmbər qissələri insanın inancını möhkəmləndirən və ona istiqamət verən nümunələrlə zəngindir. Məsələn, Həzrət Yusifin (ə.s.) qanlı köynəyi Həzrət Yəquba (ə.s.) gətirildikdə o, ümidini itirmir, Allaha təslim olur və inancına sığınaraq ümidsizlik bataqlığına düşməkdən xilas olur (Yusif, 12/83).
Eyni şəkildə Həzrət Musanın (ə.s.) çətin və məşəqqətli peyğəmbərlik yolu bütün möminlər üçün böyük bir ibrət nümunəsidir. Onun qarşısında Allaha asi olan Firon dayanırdı. Allah-Təala Həzrət Musanı (ə.s.) Firona haqq dini təbliğ etmək üçün göndərərkən ona bir sıra göstərişlər verdi. Bu göstərişlərin ən mühümlərindən biri Fironla danışarkən “qövlən ləyyinən”, yəni yumşaq və nəzakətli söz söyləməsi idi (Taha, 20/44). Bu ilahi əmr inancın insan davranışına təsirini göstərən ən əhəmiyyətli dəlillərdən biridir. Fironun bütün azğınlığına baxmayaraq Allah-Təalanın ona tövbə və hidayət qapısını açması, əslində ilahi mərhəmətin təzahürü olmaqla yanaşı, inancın insanı dəyişdirə biləcək gücə malik olduğunu da göstərir.
Həzrət Əyyubun (ə.s.) həyatı da bunun başqa bir nümunəsidir. O, ağır sınaqlara və uzun sürən əzablara baxmayaraq heç vaxt Allaha asi olmadı. İnsan maddi və mənəvi yönləri olan bir varlıqdır. Buna görə də bədənimizin hiss etdiyi ağrılar ruhumuza da təsir edir. Xəstəlik zamanı çəkilən iztirablar insanın mənəvi dünyasında da dərin iz buraxır. Lakin inanc insanı sarsıdıcı zərbələr qarşısında qoruyan möhkəm bir sipərdir. O, insana yaşadığı çətinliklərin əbədi olmadığını, hər sıxıntının bir sonunun gəldiyini təlqin edir. Nəticə etibarilə sevinc gələcəyə yönəlmiş bir duyğudur. Bu gün yaşadığımız əzab və xəstəliklər bizi nə qədər yorsa da, zaman keçdikdən sonra onları ya təbəssümlə xatırlayır, ya da həmin sınaqların bizə qazandırdığı hikmətləri minnətdarlıqla yad edirik.
Mövzunu daha geniş şəkildə izah etmək mümkündür. Lakin oxucunu yormamaq üçün deyilənləri aşağıdakı kimi ümumiləşdirə bilərik:
- İnanc insana mənəvi güc və yaşamaq əzmi bəxş edən ilahi bir hikmətdir.
- İnanc insanın sonradan qazandığı bir xüsusiyyət deyil; o, insan fitrətində yaradılışdan mövcuddur.
- İnanc insanı daxili və xarici təhlükələr qarşısında mənəvi baxımdan qoruyur.
- İnancın maddi və mənəvi baxımdan müalicəvi təsiri vardır.
- İnanc insana həyatın sərhədlərini, məsuliyyətini və doğru davranış yollarını öyrədir.
- İnanc insanın sahib ola biləcəyi ən böyük mənəvi qüvvə və ən güclü silahdır.
Murad Ağayev



