İSLAMDA BƏDNƏZƏR VARMI?!

0

“Nəzər” kəlməsi lüğəvi olaraq “baxmaq, görmək, düşünmək” mənalarına gəlir. Kəlmənin önünə gələn “bəd” sözü kəlməyə mənfi bir məna yükləyir və beləliklə bu söz mənfi məna daşıyır. Dilimizdə bu kəlmə “göz dəyməsi” şəklində də istifadə olunur. Termin olaraq “bədnəzər” insanın bəyəndiyi bir şeyə qısqanclıqla baxması və baxışları ilə həmin varlığa təsir göstərməsidir. Göz dəymə anlayışı ta qədimdən bəri insanlığa məlumdur. Bu anlayışın tarixi miladdan 4000 il öncəyə qədər çatır.

İlk öncə onu qeyd etmək lazımdır ki, kainatda baş verən hər bir şey Allahın təqdir etdiyi qədər üzərə baş verir. Uca Allah bu həqiqəti Qurani-Kərimdə belə açıqlamışdır: “Biz hər bir şeyi bir qədər (nizam) üzərə yaratdıq!” (Qəmər, 54/49). Bu səbəbdən də Allah nə diləyərsə o olar, nəyi diləməzsə o əsla ola bilməz. Bu inanca sahib olan bir mömin bilməlidir ki, “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə, 9/51). Lakin bütün bunlarla yanaşı Allah-Təalanın gözə təsir edici bir qüvvəni verdiyi də danılmaz bir həqiqətdir. Bu haqda həm Qurani-Kərimdə həm də hədisi-şəriflərdə müəyyən məlumatlar görə bilərik. Qurani-Kərimdə Yəqubun (ə.s) oğlanlarına xitabən: (Yəqub) dedi: “Ey oğullarım! Şəhərə eyni qapıdan deyil, ayrı-ayrı qapılardan girin! (Sizə göz dəyməsin). Yenə də Allahdan gələn heç bir şeyi mən sizdən dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən Ona təvəkkül etmişəm. Qoy təvəkkül edənlər də yalnız Ona təvəkkül etsinlər!” (Yusuf, 12/67). Alimlər Yəqubun (ə.s) belə deməsini övladlarına göz dəyməsi qorxusuyla olduğunu söyləmişdirlər. (Sabuni, Səfvətut-təfasir, II, 54) Bundan əlavə Qələm surəsində gözün təsirinin olduğuna işarə edən bir ayədə Uca Allah belə buyurur: “Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman az qala səni gözləri ilə yıxalar (gözə gətirələr)”. (Qələm, 68/51)

Hədis mənbələrində də göz dəyməsinə dair rəvəyatlari görə bilərik. İbn Abbasın (r.a) rəvayət etdiyi bir hədisdə Rəsulullah (s.ə.s) belə buyurur: “Göz dəyməsi haqdır. Əgər qədəri dəyişən bir şey olsaydı o göz dəyməsi olardı“. (Müslim, Salam, 41). Cabir ibn Abdullahdan (r.a) rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Göz insanı qəbrə, dəvəni qazana salar!” (İsfəhani, Hilyətül-övliya, VII, 90). Rəsulullah (s.ə.s) nəvələri Həsən və Hüseyni pis gözlərdən qoruması üçün Allaha belə dua etmişdir: “Bütün şeytanların, həşəratların və pis gözlərin şərrindən Allahın tam olan kəlmələrinə sığınıram!”  (Buxari, Ənbiya, 10).

Buraya qədər qeyd etdiyimiz ayələrdən və hədislərdən İslamda göz dəymə (bədnəzər) anlayışının mövcud olduğu nəticəsi ortaya çıxır. İslam alimləri tərəfindən gözdəyməsinə qarşı oxunması tövsiyə olunan müəyyən dualar vardır. Bu duaların bəzilərini hədis mənbələrində də görmək mümkündür. Göz dəyməsinə qarşı Qurandan Fatihə, İxlas, Fələq, Nas surələri, Ayətəl-kürsi və Tövbə surəsinin 129-cu ayəsinin oxunması tövsiyə olunur. Bundan əlavə Rəsulullahın (s.ə.s) nəvələri Həzrət Həsən və Həzrət Hüseyin üçün oxuduğu duanı da oxumaq mümkündür.

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan vətəndaşlarının Türkiyəyə hansı sənədlərlə səfər edəcəyi məlum olub

Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib. Bu barədə “Azərbaycan Respublikası Hökuməti...

Bağla