İSMAYIL RACİ ƏL-FARUQİYƏ GÖRƏ VƏHY VƏ AĞIL ARASINDAKI BİRLİK

0

Böyük İslam mütəfəkkiri İsmayıl Raci əl-Faruqi hazırladığı orjinal çalışmaları ilə İslam fikir dünyasına böyük töhvələr bəxş etmişdir. Həyat yoldaşı Luis Lamiə əl-Faruqi ilə birlikdə hazırladığı “İslam Mədəniyyət Atlası” bu çalışmalardan sadəcə biridir.

İsmayıl Raci əl-Faruqinin qələmə aldığı önəmli əsərlərdən biri “Biliyin İslamlaşdırılması”dır. O, bu əsərdə vəhy və ağıl arasındakı münasibətə toxunmuşdur. Əl-Faruqiyə görə İslamda vəhy və ağıl bir bütündür. Nə iman ağıldan üstündür, nə də ağıl imanın önündədir. Vəhy və ağıldan birini seçmək və ya absurd düşüncələri qəbul etmək İslama ziddir (İsmayıl Raci əl-Faruqi, 2016, 58). Ancaq bu bir həqiqətdir ki, bu gün İslam dünyasında vəyh və ağıl arasında bir ayrılıq vardır. Əl-Faruqiyə görə ayrılığın kökü müsəlmanların Yunan fəlsəfəsi ilə tanışlığına əsaslanır. Yunan fəlsəfəsi ətrafında meydana gələn müzakirələr müsəlmanlar üzərində ciddi təsirlərə səbəb olmuşdur. Ellinizm mədəniyyətini mənimsəyən yəhudilər və xristiyanlar müsəlman olduqda əsrlər boyunca təsiri altında qaldıqları müzakirələri də özləri ilə bərabər gətirdilər. Müsəlman alimlər İslamı müdafiə etmək üçün qeyri-müsəlmanlara cavab verərkən əsasən əqli dəlillərə əsaslanmağa başladılar. Tənəzzül dövründə isə “ilham”ı bilik qaynağı olaraq qəbul edən, bəzən də batini üsulu (düşüncəni) əsas alan təsəvvüf, vəhy və ağıl arasındakı bölünməni müsbət qarşıladı. Beləliklə, vəhy və ağıl arasında meydana gələn uçurum yavaş-yavaş böyüyərək İslam dünyasının hər tərəfinə nüfuz etdi (İsmayıl Raci əl-Faruqi, 2016, 46-47).

Vəhy və ağlı bir-birindən ayırmaq qəbul ediləcək bir şey deyildir. Hər şeydən əvvəl ağla üstünlük vermək və hər mövzunu ağıl mühakiməsindən keçirmək Qurani-Kərimin üslubuna və İslamın ruhuna ziddir. İslam ağıla bu nöqtei nəzərdən yanaşmır. İslam, insanı ağlını istifadə etməyə, məsələlərə tənqidi yanaşmağa, alternativ fikirləri dəyərləndirməyə, hər zaman ağlabatan və inandırıcı olanı seçməyə, əgər fikir tam mənada doğru isə həqiqəti dilə gətirməyə dəvət edir (İsmayıl Raci əl-Faruqi, 2016, 47).

Qurani-Kərimin hər səhifəsində insanın ağlını istifadə etməsi dəfələrlə vurğulanır. İnsan ağlını istifadə etmədən vəhyin həqiqətini qavraya bilməz. İlahi vəhyin başa düşülməsi və qəbulu ağıl olmadan mümkün deyildir. Əgər vəhyin qəbulu şəxsi həvəslərə əsaslanırsa, bu vəhy subyektiv və ixtiyaridir. Çünki şəxsi həvəslərə əsaslanan heç bir dini məzmunlu fikir insanlar və cəmiyyət arasında uzun müddətli mövcud ola bilməz. Əl-Faruqiyə görə müsəlmanlar “ilham”ı əsas alıb ağlı arxa plana ataraq küfrün qapısını açmışdır (İsmayıl Raci əl-Faruqi, 2016, 47).

Xülasə ilə, İsmayıl Raci əl-Faruqiyə görə vəhy və ağıl bütövdür. Necə ki, Qurani-Kərim insana ağlını istifadə etməyi əmr edirsə, ağıl olmadan vəhyin həqiqətinin başa düşülməyəcəyini də vurğulayır. Məhz buna görə İslamda vəhy və ağıl ayrı deyildir, bütövdür.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycandakı dini konfessiyalar ABŞ-nin Azərbaycanla bağlı hesabatını pisləyib

Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Məşvərət Şurasının üzvləri ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) hesabatına istinadən Dövlət Departamentinin ölkəni...

Bağla