“Mənəvi dəyərlər” həftəsi çərçivəsində Gəncə şəhərində yerləşən Ulu Öndər Heydər Əliyev adına parkda Azərbaycan İlahiyyat İnstitutu və Gəncə Dövlət Universitetinin tələbələrinin iştirakı ilə ağacəkmə aksiyası təşkil olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Dövlət Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyası zamanı parkın ərazisində əvvəlcədən müəyyənləşdirilmiş sahədə 300-dən çox sərv ağacı əkilib. Əkin işlərindən sonra tinglər suvarılıb, onların sağlam inkişafının təmin edilməsi məqsədilə zəruri aqrotexniki qulluq göstərilib.



