NECƏ YAŞASANIZ, ELƏ DƏ ÖLƏRSİNİZ!

0

Allah Rəsulu (s.ə.s) belə dua edərdi: “Allahım! Bütün işlərdə aqibətimizi (sonumuzu) gözəl eylə! Bizi dünyada rüsvay olmaqdan və axirətin əzabından qoru“. (“Müsnəd”, XXIX, 171). Allah-Təala Qurani-Kərimdə belə buyurur: Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün! (Ali-İmran, 3/102).

            Qeyd etdiyimiz ayə və hədisdən insanın əsas qayəsinin son nəfəsini necə vermək olduğu məlum olur. Son nəfəsi gözəlliklə təslim etmək isə insanın həyatını necə yaşamasına bağlıdır. Ömrünü iman, əxlaq, təqva, saleh əməllər üzərinə bina edən bir insanın son nəfəsini imanla, əxlaqla, təqva ilə verəcəyi bilinən bir həqiqətdir. Bunun əksi olaraq imansız bir ömür yaşayan insanın isə son nəfəsini iman üzərə verməsi çox çətindir. Çünki insanın mənəviyyatı onun aynasıdır. İmandan uzaq bir həyat yaşayan zalım kimsələrin ölüm anını Uca Allah Qurani-Kərimdə belə açıqlamışdır: “(Ey Muhəmməd!) Kaş sən zalımları ölüm əzabı içində olduqda, mələklərin də əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin! (Ənam, 6/93). Bu mənada belə bir söz nəql də olunmuşdur: “Necə yaşayarsınızsa, elə də ölərsiniz, necə ölərsinizsə, elə də həşr olunarsınız (dirilərsiniz)“. (Əliyyul-Qari, “Mirqatul-məfatih”, I, 219).

            Dünya insanın imtahan olunduğu yerdir. Axirət insana çox uzaq kimi görünsə də əslində sabahkı gün qədər ona yaxındır. Bu baxımdan insan ömründən keçən hər anın qiymətini bilməyə cəhd göstərməli və sabahı üçün nələr hazırladığına diqqət etməlidir. Uca Allah bu barədə belə buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!” (Həşr, 59/18). Alıb-verdiyimiz hər bir nəfəs, vaxtı məchul olan son nəfəsə hazırlıqdır. Belə bir hazırlıq içində olan insanın son nəfəsini imanla verəcəyini və axirətdə Allahın hüzurunda üzünün parıldayacağını Uca Allah belə bildirmişdir: O gün neçə-neçə üzlər nurlanacaq“. (Qiyamət, 75/22).

            Nəticə olaraq, sonunun (aqibətinin) xeyirli olmasını istəyən hər kəs bu gününün qiymətini bilməlidir. Çünki söyləmək asan, yaşamaq çətindir! 

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GECƏ TOVUZ RAYONU İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-i saat 22:30-dan etibarən dövlət sərhədinin Tovuzqala rayonunun Güləli yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun...

Bağla