NİZAMİ YARADICILIĞINDA ALLAHIN TƏKLİYİ İDEASI

0

Nizami Gəncəvi (1141-1209) Azərbaycanın böyük şairlərindən biridir. Onun bədii irsi olan “Xəmsə”si (Xəmsə sözünün mənası “beşlik” deməkdir) ədəbiyyatımızın şah əsərlərindən sayılır. Dahi şair “Xəmsə”yə daxil olan hər bir əsərin əvvəlinə (Xəmsəyə daxil olan əsərlər bunlardır: Sirlər xəzinəsi, Xosrov və Şirin, Leyli və Məcnun, Yeddi gözəl, İsgəndərnamə) Allahın birliyi haqqında münacat yazmış və burada Allahın təkliyi, Allaha olan inancın (tövhid inancının) insan üzərindəki təsirlərini bədii dillə və dərin ifadələrlə açıqlamışdır.

Nizami Gəncəvi Allahın təkliyini vurğulamaq üçün fəlsəfi və əqli dəlillərdən istifadə etmişdir. Şairə görə, Allah, ilk yaradıcıdır. Onun başlanğıcı və sonu yoxdur. Başlanğıcı və sonu olmadığına görə, deməli, ən üstün (fəzilətli) olan odur. Üstün olan yaradıcı istər istəməz bütün nöqsanlardan uzaqdır (Gəncəvi: 2004/23-32). Nizami Gəncəvinin bu düşüncəsi Fərabinin düşüncələrinə bənzəyir. Belə ki, Fərabi, “İdeal dövlət” adlı kitabından Allahın təkliyini sübut etmək üçün məntiqi dəlillərdən istifadə etmişdir. Bizə görə, həm Fərabinin, həm də Nizami Gəncəvinin belə bir yol izləmələrinin kökündə dayanan faktorlardan biri müşahidədir. Onlar ətrafda baş verən hadisələri izləyərək belə bir nəticəyə gəlmiş ola bilərlər. Çünki ətrafımızda gördüyümüz hər şey zamana tabe olan yaradılmış varlıqlardır. İnsan da daxil olmaqla bütün canlı və cansız aləm zamana tabe olaraq inkişaf edir və bir müddət sonra yox olub gedir. Bu da bütün kainatın başlanğıcının olduğu kimi sonunun da olduğunu; yəni, nöqsanlı olduğunu göstərir. Lakin buna qarşılıq, Allah, yaradıcıdır. O, məxluqlarda mövcud olan bu qüsurlardan xalidir. Nəticə etibarilə, qüsurlu bir məxluqa tabe olmaqdansa, hər şeyi yaradan və bütün qüsurlardan uzaq olan Allaha inanmaq daha məntiqlidir.

Nizami Gəncəvi, “Xəmsə”də Allahı tanımaq üçün ağlın imkanlarından da bəhs edir. O, ağlın Allahı tanımaq üçün çoxlu cəhdlər etdiyini, onun bir bənzərini tapa bilmədiyini, bununla bərabər onun güc və qüdrətini qavramağa qüvvətinin yetmədiyini bildirir (Gəncəvi: 2004/26). Şairin ağıl haqqında bəhs etdiklərindən iki nəticə çıxara bilərik:

Birinci: Ağılla Allahın varlığı üçün dəlillər axtarmaq mümkündür. İnsan ağıl vasitəsi ilə Allahın mövcudiyyəti haqqında dəlillər axtarar. Axtarış əsnasında ağıl, təbiətdə gördüyü nizamdan, səbəb və nəticə prinsipinin işləyiş tərzindən heyrətə gələrək bunu idrak etməkdə çətinlik çəkdiyini etiraf edir. Yəni, kainatın birdən birə var olması mümkün deyildir. Mütləq onu yaradacaq və nizamlı hərəkətini təmin edəcək bir Yaradıcıya ehtiyac vardır. İnsan ağılla ətraf aləmi müşahidə edərək acizliyini dərk edir və Allahın varlığını təsdiq edir.

İkinci: Nizami Gəncəvinin yaşadığı dövrdə ağlı ön plana alan və onunla hər şeyi dərk etməyə çalışan insanlar var idi. Onlar, ağıl vasitəsilə hər şeyin idrak ediləcəyinə inanırdılar. Dahi şair, ağıl üzərindən bütün varlıqların bir sərhəddinin olduğunu izah etmək istəyir. Yəni, ağlın da təbii sərhədləri vardır. O, bəzi prinsipləri anlaya bilər. Lakin bu sərhəddin fövqündəki şeyləri dərk etməsi mümkün deyildir. Məsələn; İnsan ağılla təbiət qanunlarının necə işlədiyini öyrənə bilər. Ancaq bu qanunların “nə üçün?”, “niyə?” və ya “nəyə görə?” yaradıldığını dərk etməsi mümkün deyildir. Nəticə etibarilə ağlın bu suallara cavab verə bilməməsi onun Allah qarşısında aciz olduğunu sübut edir.

Nizami Gəncəvinin Allahın varlığını isbat edərkən kövni dəlillərdən (yaradılış dəlilləri) istifadə etdiyini görə bilərik. O, Allahın insanlara yol göstərməsi və haqqında düşünmələri üçün günəşi, ayı və ulduzları yaratdığını qeyd edir. İnsanların ruzi qazanmaq üçün günəşə, zil qaranlıq gecələrdə yollarını tapmaları üçün aya və ucsuz bucaqsız dənizlərdə hərəkət edərkən hansı istiqamətə gedəcəklərini təyin etmək ulduzlara ehtiyacı vardır. Nizami Gəncəvi asan dillə insanlara Allahın varlığını izah etməyə çalışmışdır. “Xəmsə”də yer alan bu və buna bənzər bir çox dəlil Nizami Gəncəvinin nə qədər dərin elmə sahib olduğunu göstərir.

Dahi şair Nizami Gəncəvinin “Xəmsə”sini oxuduqda onun, dövrünün bir çox elm sahəsində ad qazandığını görürük. Bəlkə də o, bundan dolayı həkim olaraq adlandırılmışdır. Nizami Gəncəvi yaradıcılığı sadəcə ədəbiyyat baxımından önəmli deyildir. “Xəmsə” eyni zamanda tibb, fəlsəfə, məntiq, dini elmlər, sosial və psixoloji elmlər baxımından da olduqca dəyərlidir. Buna görə fərqli elm sahələrinə mənsub tədqiqatçılar “Xəmsə”ni fərqli prizmalardan dəyərləndirməlidirlər. Əgər, onlar, belə bir yol izləyərsə, Nizami Gəncəvi yaradıcılığının gizli tərəfləri aşkar ediləcəkdir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RUHSUZ BƏŞƏR

“Ruhsuz bəşər” deyərkən insana bənzər, ruhu olmayan, eyni zamanda insandan həm zahiri olaraq, həm də bəzi hərəkətləri ilə seçilməyən “məxluqları”...

Bağla