ÖLƏN ŞƏXSİN SON ANLARI

0

NECƏ YAŞASANIZ O CÜR ÖLƏCƏKSİNİZ, NECƏ ÖLSƏNİZ O CÜR DİRİLƏCƏKSİNİZ

Həyat sanki bir stəkanı dolduran su damcıları kimidir. Son nəfəs isə stəkanı daşdıran axırıncı damcıdır. Stəkanda olan suyun şəffaflığı, damcıların şəffaflığından asılıdır. Alla-Taalanın hüzuruna tərtəmiz çıxa bilmək üçün həmin damcıları günah və itaətsizlik palçığı ilə çirkləndirməmək lazımdır.

Hal-hazırkı nəfəsimizdən necə istifadə etməyimiz, son nəfəsimizdəki mənəvi vəziyyətimizin ən böyük xəbərçisidir. Elə isə bu fani dünya ilə yaxşı vidalaşa bilmək üçün hər nəfəsimizin, son nəfəsə hazırlıq mahiyyəti daşıdığını bilməliyik. Çünki hədisi-şərifdə, “Bir insan yaşadığı vəziyyətdə öləcək və öldüyü vəziyyətdə də dirildiləcək.” – buyurulur. (Münâvî, Feyzü’l-Kadîr Şerhu’l-Câmii’s-Sağîr, V, 663)

Yəni bu dünya həyatında yaşadığımız ibadət, rəftar və əxlaq ilə alıb-verdiyimiz bütün nəfəslərin mənəvi keyfiyyəti, sanki son nəfəsimizin bələdçisi kimidir. Həmçinin axirətdəki vəziyyətimizin də bu dünyadakı tərcüməçisi kimidir.

Bu hadisə həmin vəziyyəti çox gözəl izah edir: Bəhlul Danəndə həzrətləri yolunun üstündəki bir xarabalığın uçmaq üzrə olan divarına baxaraq öz aqibəti barədə fikrə qərq olurdu. Yenə bir gün təşvişlə baxarkən qəfildən divar uçdu. Bəhlul Danəndənin üzündə sevinc ifadəsi əmələ gəldi. Onun bu sevincini başa düşməyən insanlar maraqla bunun səbəbini soruşdular:

  • Görmədiniz? Divar meylli olduğu tərəfə uçdu!
  • Burada təəccüblü nə var ki?
  • Madam ki, dünyada olan hər şey meyl etdiyi tərəfə yıxılır, mənim meylim də Haqqa tərəfdir. Deməli mən də öləndə Haqqa vasil olacağam. Ey əhali! Rüku və səcdələrimizlə (namazla) Haqqa meylimizi çoxaldaq ki, başqa tərəflərə yıxılmayaq!

SON NƏFƏSDƏ NƏ İLƏ MƏŞĞUL OLMAQ İSTƏYİRSƏN

Xacə Ubeydullah Əhrar həzrətləri belə rəvayət edir:

“Bəhaəddin Nəqşibənd həzrətləri vəfat etdikdən sonra bir nəfər onu yuxuda görür soruşur:

  • Əbədi qurtuluş üçün nə ilə məşğul olaq? Nəqşibəndi həzrətləri belə cavab verir:
  • Son nəfəsdə nə ilə məşğul olmaq lazımdırsa ömür boyu o işlə məşğul ol! Yəni son nəfəsdə necə Allah-Taalanı düşünmək lazımdırsa, ömür boyu da bu hal üzrə omaq lazımdır.”[1]

Bu bir həqiqətdir ki, Allah-Taalaya həsr olunmalı ürəklər bu həyatda ən çox nə ilə məşğul olsalar, böyük əksəriyyəti öləndə də onunla məşğul olurlar. Yəni yaşadıqları vəziyyətdə ölmüşdürlər. Bunun çoxlu nümunələri vardır:

Misal üçün hədis alimlərindən olan Abduləziz Rəvvad həzrətləri başına gələn ibrətli bir hadisəni belə rəvayət edir:

“Mədinə şəhərində idim. Bir gecə Məscidi-Nəbəviyə gedirdim. Bir qadın təşvişlə yaxınlaşıb, “Ey əfəndi! Əgər savab qazanmaq istəyirsənsə yanıma gəl. Burada bir xəstə var. Can çəkir və ölmək üzrədir. Ona kəlimeyi-şəhadət təlqin et, dedir!” – dedi.

Tez oraya getdim. Ölmək üzrə olan bir nəfərə kəlimeyi-şəhadəti dedirmək nə qədər cəhd etsəm də həmin şəxs heç cürə bu sözü deyə bilmirdi. Sonra gözlərini açaraq, “Kəlimeyi-şəhadəti söylə deyə mənə təlqin verirsən. Xeyli vaxtdır ki, mən kəlimeyi-şəhadətdən və İslam dinindən üz çevirmişəm. İndi də heç cürə deyə bilmirəm.” – dedi və birazdan da öldü.

Həmin şəxsin kim olduğunu araşdırdım və hər gün içki içən bir nəfər olduğunu öyrəndim. Özüm-özümə dedim ki, “Rəsulullahın – Sallallahu Aleyhi və Səlləmin – , “İçki içməyi adət etmiş bir nəfər, bütlərə sitayiş edənlər kimidir” – sözü doğrudur.”[2]

Deməli, qaranlıq bir həyatın nurlu ölümü ola bilməz!..

ÖLMƏK ÜZRƏ OLAN ŞƏXSİN SON ANLARI

Rəbi bin Haysəm həzrətləri də bu xüsusda bir müşahidəsini belə rəvayət edir:

“Bir dəfə can verən bir nəfərin yanına getmişdim. Mən “La ilahə İllallah!” – deyib təlqin verdikcə, o elə bil bu sözü eşitmirdi və barmaqları ilə pul sayırmış kimi hərəkətlər edir, hesablar aparırdı. (Yəni son nəfəsini yaşadığı hal üzrə verirdi)”

Elə isə, “ölümlə harada və hansı şəraitdərastlaşmaq istəyirik? Ölüm mələyi ilə mütləq olan görüşümüz görəsən hansı mənzərə daxilində həyata keçəcək?..” Məhz bu cür suallar bir mömini daim narahat etməlidir.

Çünki; məsciddə səcdə edəndə, halal ruzi qazanmaq üçün işləyəndə, salehlərin məclisində olanda, bir yalqızın dərd ortağı olanda və bir kimsəsizin kimsəsi olanda, Allahın rizasını əldə etmək üçün qazancını  Allahın qullarına infaq edərkən ölmək də var, (Allah qorusun) bütün bunların əksinə uyğun olmayan bir yerdə, kimisə “iynələyərkən”, həqiqəti müdafiə etmək əvəzinə qəzəbli halda batilin tərəfini tutarkən, nəfsani arzuların pəncəsində, Allah düşmənləri və ya fasiqlərlə birlikdə, şəri müşahidə edərkən və harama baxarkən ölmək də var!..

HƏR İNSAN ÖLDÜYÜ HAL ÜZRƏ DİRİLDİLİR

Sözsüz ki, bütün insanlar öldüyü hal üzrə dirildiləcək. Necə ki, Abdullah ibni Amr (RA) bir dəfə,

“Ey Allahın elçisi, mənə mənə cihad və döyüş barədə məlumat verə bilərsən?” – deyə soruşur. Rəsulullah (SAV) belə dedi:

“Ey Abdullah ibni Amr! Əgər sən səbr edərək və savabını sadəcə Allahdan gözləyərək ixlasla döyüşsən, Allah da səni səbr edən və savabını sadəcə Allahdan gözləyən ixlaslı qul kimi dirildər. Əgər sən özünü göstərmək üçün, malının və cəsarətinin çoxluğu ilə öyünmək üçün döyüşsən Allah-Taala da səni özünü göstərən və öyünən məğrur bir insan kimi dirildər.

Ey Abdullah ibni Amr! Hansı hal üzrə döyüşsən və öldürülsən, Allah-Taala səni o hal üzrə dirildəcək!” (Əbû Dâvûd, Cihâd, 24/2519; Hâkim, II, 95/2437)

Bu mövzudakı digər hədisi-şəriflər belədir:

“İnsanlar qiyamət günü öldükləri hal üzrə dirildiləcəklər!” (Müslim, Cənnət, 83)

“Allah-Taala bir qövmə əzab etmək istəyəndə, orada olanların hamısına əzab göndərir, sonra onlardan hər biri öz əməlinə görə dirildilir!” (Müslim, Cənnət, 84)

Mənbə:

[1] Rəşahât, s. 130.                                                                                                                                                             [2] İbn-i Mâcə, Əşribe, 3.

/Osman Nuri TOPBAŞ “Əbədiyyət Yolçuluğu”/

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANLI OXUCULARIN GÖZLƏDİYİ KİTAB NƏŞR OLUNDU

Ölkəmizdə son illər bütün dünyanın bəlasına çevrilmiş Deizm cərəyanına qarşı mübarizə yolunda önəmli addım atılıb. İslamveirfan.com xəbər verir ki, “Ağlın...

Bağla