ORUCUN ƏDƏBİ

0

Həqiqi bir oruc sadəcə dan yeri ağarandan gün batana qədər yeməyi, içməyi və nəfsani arzuları tərk etmək deyildir. Orucun əsl ruhu, bu bədənsəl məhdudiyyəti bir pillə edərək hər cür pisliyi də tərk etməkdir. Peyğəmbər Əfəndimiz (s.a.s) bu xüsusda bizləri sarsıdıcı bir üslubla xəbərdar edir: “Kim yalan danışmağı və yalanla iş görməyi tərk etməzsə, Allahın onun yeməyini və içməyini tərk etməsinə ehtiyacı yoxdur (qiymət verməz).” (Buxari, Savm 8, Ədəb 51). Bu hədis orucun Allah qatında qəbul olunmasının dürüstlük və əxlaq şərtinə bağlı olduğunu açıq şəkildə bəyan edir.

Mömin oruclu olduğu zaman sadəcə mədəsinə kilid vurmaqla qalmaz, gözünə, qulağına, dilinə və ən nəhayət, qəlbinə də oruc tutdurar. Əgər bir mömin oruclu ikən dili qeybətə, əli harama, qəlbi kinə və həsədə yönəlirsə, tutduğu oruc mənən zədələnmiş olar. Belə ki, Allah Rəsulu (s.a.s) bu acı mənzərəni belə təsvir edir: “Neçə oruc tutanlar vardır ki, orucundan onlara sadəcə quru bir aclıqdan başqa bir şey qalmaz!” (İbn Macə, Siyam 21).

Oruc bizləri dünyəvi və üxrəvi (axirət) təhlükələrə qarşı qoruyan möhtəşəm bir qalxandır (Buxari, Savm 9). Lakin hər qalxanın bir dözümlülük həddi vardır. Səhabələrin sualı üzərinə Əfəndimiz (s.a.s) bu qalxanın nə ilə zədələndiyini, “yalan və qeybətlə…” (Nəsai, Siyam 43) deyərək açıqlamışdır. Oruclu bir kimsənin ədəbi, özünə sataşılsa belə sükunətini: “Mən orucluyam” (Buxari, Savm 9) deyərək qorumaqdır.

Dilin bəlalarından qorunmağın və “susma ədəbinin” nə qədər uca bir ibadət olduğunu Məryəm surəsində də görürük. Həzrəti Məryəmə ilahi bir əmr olaraq; “Şübhəsiz, mən Rəhmana susmağı (oruc) nəzir eləmişəm. Bu gün heç bir insanla danışmayacağam, de” (Məryəm surəsi, 26) buyurulması, dilin sükutunun ruhun təmizlənməsindəki payına işarə edir.

Oruclu mömin; namusu, dürüstlüyü, səbri və sayğısı ilə Əhzab surəsinin 35-ci ayəsində təriflənən o seçilmiş topluluğun içinə girməyə namizəddir. Orada Rəbbimiz “oruc tutan kişilər və oruc tutan qadınlar” üçün böyük bir bağışlanma və mükafat hazırladığını müjdələyir. Gəlin bu Ramazanda sadəcə mədəmizə deyil, bütün üzvlərimizə oruc tutduraraq nəfsi-əmmarədən (pisliyi əmr edən nəfs) qurtulaq. Bu ədəblə quşanaq (silahlanaq) ki, cənnətin sadəcə oruclulara məxsus olan “Reyyan” qapısından çağırılan (Buxari, Savm 4) o seçilmiş zümrə arasında yerimizi alaq.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Dini komitənin sədr müavini: iftar süfrələrinin təşkili soydaşlarımızı bir araya gətirmək üçün fürsətdir

Ramazan ayında Türkiyədə təşkil edilən iftar süfrələrinin təşkili soydaşları bir araya gətirmək üçün vasitə deyil, fürsətdir. Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında...

Bağla