PEYĞƏMBƏRİN ƏXLAQI İLƏ ƏXLAQLANMAQ

0

“Gəl, ey könül! Həqiqi bayram Həzrət Məhəmmədin (s.ə.s.) vüsalına qovuşmaqdır. Çünki cahanın işıqlanması, O mübarək varlığın camalının nurundandır”.

(Həzrət Mövlana)

Yaradılış olaraq kainatdakı varlıqların ən şərəflisi olan insanın həqiqi qiyməti maddi quruluşundan daha çox,  mənəvi dünyasında, yəni əxlaqında gizlədilmişdir. İnsanlığın əxlaq və fəzilət tarixi, eyni zamanda haqq dinlərin tarixidir. Çünki gözəl əxlaq dinin könüldə yaxşı həzm edilməsinin, yetişib kamala çatmasının  nəticəsidir. Bu baxımdan islam əxlaqı dinimizin kökü, əsası və özüdür.

Fanilərin qənaət və anlayışları kamil bir əxlaq  nizamında ölçü ola bilməz. Bir əxlaq nizamının qiyməti onun nə qədər ilahi mənşəli olmasından asılıdır. Çünki insan təbiətini ən yaxşı bilən onun yaradıcısı olan Allah Təaladır. Bu baxımdan insanlıq aləminin əxlaqı özü tərəfindən heç bir şey söyləmədiyi ilahi bəyan ilə sabit olan Həzrət Peyğəmbər (s.ə.s.) və onun qəlbinə nazil olan Qurani-Kərim ilə kamala yetmişdir.

      Belə ki, ayədə:

      Allahın razı olduğu  xasiyyət və davranışlardan ibarət olan gözəl əxlaq Həzrət Peyğəmbərin (s.ə.s.) mübarək dili və əməlləri ilə bəşəriyyətə təbliğ olunmuşdur.

      Allah Rəsulunun (s.ə.s.) əxlaqını soruşanlara Həzrət Aişə (r.a.) “Onun əxlaqı Qurandır” (Müslüm, Müsafirin 139)  buyurduğu kimi, peyğəmbər əxlaqı tamamilə “Quran əxlaqı”ndan ibarətdir. Allah Rəsulunun (s.ə.s.) canlı bir Quran mahiyyətindəki ömrü boyunca hər hal və hərəkətinə pak qəlbi şərəfinə endirilən Qurani-Kərimin faktiki bir təsiri olmuşdur.

      Allah Təala islam ilə istədiyi “kamil insan” modelini Həzrət Peyğəmbərin (s.ə.s.) şəxsində nümayış etdirmiş, onu bütün bəşəriyyət üçün nümunəvi şəxsiyyət  etmişdir.

      Yenə onun əxlaqını tərənnüm etmək üçün belə buyurmuşdur: 

Gozəl əxlaqın Haqq qatındakı qiymətini anlamaq üçün Allah Təalanın uca kəlamı Qurani-Kərimə baxmaq kifayətdir. Əxlaq Qurani-Kərimdə ən böyük və əsaslı yer tutan xüsuslardan biridir. Qurani-Kərimdə əsas yer tutan qissələr (hekayələr) də bu baxımdan əxlaqi əsasları tamamlayıcı mahiyyətdədir.

Həzrət Mövlana bu həqiqəti necə də gözəl ifadə edir:

“Gözünü aç və Allahın kəlamına başdan-başa bax! Ayə-ayə bütün Quran ədəb təlimindən ibarətdir!”

Allah Rəsulu Peyğəmbərimiz (s.ə.s.) də:

“Mən başqa bir məqsədlə deyil, ancaq gözəl əxlaqı tamamlamaq üçün göndərildim”. (Müvatta, Hüsnül-xülq, 8) buyuraraq vəzifəsinin əsasını qısaca ifadə etmişdir.

Həqiqətən, o Varlıq Nurunun ülvi təşrifi ilə dünyanın qaralmış üfüqlərı nura qərq oldu, insanlığın gözlədiyi yeni bir səadət günəşi doğdu, qəlblər nurlandı, bəsirətlər (qəlb gözü) açıldı, həyatın bulanıq axarları duruldu. O uca Peyğəmbərin feyz və bərəkəti ilə aləm əbədi bir bahara qovuşdu. İnsanlığı həqiqi şərəf və heysiyyətinə, gözəl və xeyirli əməllərə, haqqa, ədalətə və bərabərliyə o çatdırdı. Həyat və əbədiyyətin sirrini o öyrətdi.

O uca Peyğəmbər ümumi bir cəmiyyətdə yetişdi. Lakin gətirdiyi uca kitabla dünya kitabxanalarında işıq mənbəyi oldu. Könülləri hikmət, sirr və  lədünni elmlə (ilahi elm, ağıl və nəql yolu ilə deyil, qəlblə və Haqdan öyrənilən elm) doldurdu. O Kitabın gəlişi ilə minbərlər, mehrablar, kürsülər Haqqın həqiqət dərslərini oxumağa başladı.

Onun məhəbbətinə nail ola bilmək əbədi bir səadət xəzinəsi, cənnət icazəsi və ilahi hüzura qəbul vəsiqəsidir. Şübhəsiz ki, onun ülvi məhəbbəti onda fani olanların nəsibi və faydasıdır. Bəşəriyyətin ən böyük əxlaq qəhrəmanı olan Həzrət Peyğəmbərin (s.ə.s.) ən yaxşı davamçısı da səhabələr və Haqq dostlarıdır. Bunların izi ilə getməyi borc bilən möminlər də həqiqi insanlıq heysiyyətinə yaraşan bir əxlaqa  sahib olmuşlar.

Səhabələr könüllərini Allah Rəsulunun məhəbbəti ilə doldurub ona hər xüsusda itaət etməklə onun əxlaqı ilə əxlaqlandığı üçün Allah Təala onları tərifləmişdir. Belə ki, bir ayədə:

 “(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!” (ət-Tövbə, 100) buyurulur.  

Biz indi səhabə olmaq imkanında deyilik. Ancaq ayədə buyurulduğu kimi “onlara gözəlliklə tabe olan” möminlərdən olub, Allah Təalanın rizasına nail olmaq imkanı və ehtimalımız həyatımız boyu davam edir.

Səhabələrdən sonrakı əsrlərdə də Peyğəmbərimizin (s.ə.s.) əxlaqını bizlərə ən gözəl əks etdirənlər Allah dostlarıdır, hansı ki, Allah Təala onları bizə nümunə olaraq göstərir. Onlar:

 “Bilsəniz ki, Allahın dostlarına qorxu yoxdur; onlar üzülməyəcəklər” (Yunus surəsi, 62)

ayəsində buyrulduğu kimi Haqq qatında pak ülvi bir  mövqeyə sahibdirlər. Şübhəsiz ki, bu ilahi təminata nəsib ola bilmək üçün o Haqq dostlarının izilə getmək lazımdır.

Səhabələr və Haqq dostları Allah Rəsulunun mübarək şəxsiyyətindən layiqli şəkildə pay alaraq Onda faniləşdikləri  üçün həyatları boyunca göstərdikləri bütün davranış gözəllikləri, əsasən O “Varlıq Nuru”nun gözəl əxlaqından əks edən fəzilət nümunələri hökmündədir. Çünki harada gözəllik varsa, bu Onun  əksidir. Onun nuru olmadan aləmdə bir çiçək belə açmaz. Biz Onun üzündən varıq. O, solmayan, əksinə, gün geçdikcə təzəlik və təravəti daha da artan, başdan-ayağa nurdan meydana gələn ilahi bir qönçədir.

    Səhabələr Allah Rəsulunun (s.ə.s.) tələbələridir. Onun nəbəvi əxlaqını öyrənmək istəyən səhabələr göydəki ulduzlar kimi insanlığa fəzilət nümunələri göstərmişlər.

nəbəvi əxlaqın səhabələrdəki təzahürlərindən ibarət olan saysız fəzilət nümunələrindən  bir neçəsi belədir:

  Əbü Dücanə (r.a) xəstə ikən ziyarətinə gedən biri onun simasının nur kimi parladığını gördü və ona:

“- Çöhrən niyə belə parıldayır?, – deyə soruşdu. O da:

– Mənim iki, bəlkə də üç əməlim var ona görə, – deyə cavab verdi:

  1. Məni maraqlandırmayan mövzularda susuram.
  2. Könlüm möminlərə qarşı sui-zənndən (birisi haqqında pis düşünmək) uzaqdır.
  3. Hər möminə qarşı hüsni-zənnim (birisi haqqında yaxşı düşünmək) vardır”. (İbni Səd, III,557)

   Allah Rəsulunun iman qardaşlığı xüsusundakı təbliğ və təkidlərinin  səhabədəki təzahürlərindən bir başqası olan İbn Büreydə əl-Əsləmə belə nəql edir:

    “Bir nəfər İbn Abbasa pis sözlər söyləyir. İbn Abbas (r.a.) isə sakit dayanır. O şəxs heyrət içində İbni Abbasa nə üçün  cavab vermədiyini soruşduqda, İbni Abbas:

“- Məndə üç xasiyyət var ki, bunlar sənə cavab verməyimə mane olur”, – deyərək onları saymağa başlayır:

“1. Allahın Kitabından bir ayə oxuyanda: kaş ki, bütün insanlar bu ayədəki məna və hikmətləri biləydilər, deyərək dua edirəm.

  1. Müsəlman bir hakimin ədaləti bərpa etdiyini eşidəndə çox sevinirəm. Halbuki o hakimlə heç bir maddi-mənəvi əlaqəm yoxdur.
  2. Müsəlmanların məskənlərinə yağış yağdıqda da çox sevinirəm, halbuki o yerlərdə nə otlayan bir heyvanım, nə də bir ərazim vardır”. (Heysəmi, IX, 284)

Həzrət Əli (r.a.) belə buyurur:

“İki nemət var ki, məni hansının daha çox sevindirdiyini bilmirəm. Birincisi,  bir kimsənin etiyacını qarşılayacağımı ümid edərək mənim yanıma gəlməsi və bütün səmimiyyətilə məndən kömək istəməsidir. İkincisi də, Allah Təalanın o kimsənin arzusunu mənim vasitəmlə yerinə  yetirməsi, yaxud asanlaşdırmasıdır. Bir müsəlmanın sıxıntısını azaltmağı dünya dolusu qızıl və gümüşə  sahib olmaqdan üstün tuturam”. (Əli əl-Müttəqi, VI, 598/ 17049).

Günümüzdə də biz səhabələr kimi Peyğəmbərin məhəbbəti ilə dolub onun yüksək əxlaqını öyrənmək məcburiyyətindəyik. Aradan keçən əsrlərə baxmayaraq, onların heç bir zaman azalmayacaq, solmayacaq gözəlliklərini yaşayıb yaşatma gücündə olmalıyıq. Çünki Kainatın fəxri Peyğəmbərimizin həqiqi ümməti olmağın şərəf və bəxtiyarlığının layiqli əvəzi budur.

Ömər ibn Xəttabın (r.a.) bu rəvayəti səadət əsrindən sonra gəlib Quran və Sünnə istiqamətində həyat yaşayanlar üçün böyük bir nəbəvi müjdəni əhatə edir.

“Bir gün Həzrət Peyğəmbərimizlə birlikdə oturmuşduq. Allah Rəsulu (s.ə.s.) bu vaxt:

“- İman edənlər arasında ən üstün imana sahib olanlar kimlərdir bilirsinizmi?” – deyə soruşdu.

Səhabələr əvvəlcə mələkləri, sonra peyğəmbərləri və daha sonra şəhidləri ən üstün iman sahibi kimi göstərsələr də Peyğəmbər (s.ə.s.) hər dəfə:

“- Bəli, onlar elədir və bu onların haqqıdır. Allah onları belə uca mərtəbəyə çıxarmışsa, bu payın onlara verilməsinə nə mane ola bilər? Amma mən bunları soruşmuram”, – buyurdu.

Səhabələr:

“- Onda kim olduğunu siz söyləyin, ya Rəsulallah!” deyəndə Peyğəmbər (s.ə.s.) belə cavab verdi:

  • Onlar indi ata və babalarında mövcud olan bəzi kəslərdir ki, məndən sonra gələcəklər, məni görmədikləri halda mənə iman gətirəcəklər, məni təsdiq edəcəklər və Quranı oxuyub onun əmr etdiyi kimi ona əməl edəcəklər. Bax, iman edənlər içində ən üstün imana sahib olanlar onlardır”. (Hakim, IV 96/6993; Heysəmi, X, 65)

Allah Təalaya şükürlər olsun ki, biz aciz qullarını heç bir əvəz ödəmədən Həzrət Peyğəmbərin (s.ə.s.) ümməti olmaqla şərəfləndirdi. Bu ilahi lütfün həqiqətlərinə çataraq Rəsulullahın (s.ə.s.) məhəbbətinə -“qardaşlarım”- iltifatına layiq olmağın yolu  Onun sünnəsinə sıx-sıx sarılmağa və əxlaqı ilə əxlaqlanmaqdan keçir.

Ya Rəbb! Rəsulunun uca əxlaq və ruhaniyyətindən qəlb-lərimizə paylar nəsb et! “Anam, atam, canım sənə fəda olsun, ya Rəsulallah!” deyən mübarək qəlblərin dərin hissiyyatları ilə könüllərimizi islah et!

Amin!

Osman Nuri Topbaş

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KİMDİR MƏNİM MÜƏLLİMİM?

Dünyanı içindəki canlılarla birlikdə yaradan, yaşamaları üçün hər şeyi onların istifadələrinə verən Allah Təala məxluqatı müəyyən ahəng və nizam içində...

Bağla