QMİ SƏDRİ RAMAZAN MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINI TƏBRİK EDİB

0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan Bayramı Münasibətilə Azərbaycan xalqını və müsəlman aləmini təbrik edib. Təbrikdə deyilir:

Bismillahir-rəhmanir-rəhim!

Əziz müsəlman qardaş və bacılar, möhtərəm həmvətənlərim!

Dünya müsəlmanlarının əziz günü — Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.

Allah dərgahında rəhmət, bərəkət və məgfirəti ilə seçilən Ramazan ayının əzəmət və sevinci hədsizdir. Uca Allaha şükürlər olsun ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca ibadətlərini böyük ehtiram və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşurlar. Allaha dualar edirik ki, bu bayram insanlar üçün səadət və xeyir-bərəkətlərə vəsilə olsun!

Bu ilki Ramazan bayramını Azərbaycan xalqı davam edən Zəfər əhval-ruhiyyəsi ilə qeyd edir. Həmd olsun Allaha ki, Azərbaycan xalqı müdrik dövlət öndəri İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni təcavüzünə son qoyaraq tarixi ədaləti, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə Vətən müharibəsində şanlı əsgərlərimizin şücaətləri, Silahlı Qüvvələrimizin 44 günlük müharibə zamanı rəşadətlə həyata keçirdiyi əməliyyatlar Haqq işimizdə qələbəni bizlərə nəsib etdi. Bu şanlı zəfər yolunda şəhidlik məqamına yüksəlmiş qəhrəman övladlarımıza Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik!

Şükürlər olsun ki, işğaldan azad olunmuş torpaqlarımızda yenidən Azan səslənir. Azərbaycan xalqı bu Ramazanı işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq-bərpa işlərindən duyduğu qürur və nikbinliklə, düşmən tərəfindən dağıdılmış, təhqir olunmuş məscidlərimizin dirçəldilməsi üçün görülən böyük işlərin doğurduğu mənəvi fəxarət hissilə qarşılayır. Azərbaycan xalqının əbədi, əzəli torpaqlara Böyük Qayıdışını təmin etmək yönündə dövlətimiz fövqəladə işlər həyata keçirir, əsarətdən xilas etdiyimiz dağıdılmış mədəni-mənəvi irsimizi dirçəldir, tarixi abidələrə və ziyarətgahlara, yandırılmış torpaqlarımıza yeni nəfəs verir, abad kəndlər və şəhərlər salır. Azərbaycan Prezidenti İlham Əliyev cənabları ölkəmizin Birinci vitse-prezidenti möhtərəm Mehriban xanımla birlikdə Qarabağa hər bir səfəri zamanı dövlət əhəmiyyətli infrastruktur obyektlərinin təməlinin qoyulması ilə yanaşı dini-mənəvi abidələrin təmir, bərpa və yenidən qurulması ilə bağlı əsaslı layihə gerçəkləşdirilir. Xalqımız əmindir ki, Qarabağ tezliklə Azərbaycanın ən gözəl bölgələrindən birinə çevriləcək, inşallah, buradakı bütün məscidlərimiz, dini məbədlərimiz bərpa olunacaq. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada nəfis şəkildə bərpa edilmiş tarixi məscidlərlə yanaşı təməli qoyulmuş yeni məscid kompleksi qalib Azərbaycanın mənəvi Zəfər abidəsi olacaq, Zəfərimiz qədər möhtəşəm olacaqdır, inşallah! Necə ki, Şuşada Dünya azərbaycanlılarının Zəfər Qurultayı milli birlik və mənəvi vəhdətimizin təntənəsini təcəssüm etdirdi.

Allah-Təalanın Lütfü və Mərhəməti ilə Ramazan bayramına qovuşan xalqımız Vətənimiz, dünyanın salamatlığı, əmin-amanlığı üçün dualar edir Savab, məğfirət ayı olan Ramazan bəşər övladına səbr, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Uca Yaradanın rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu ülvi bayram günlərində valideynləri yad etmək və sevindirmək, qohum-əqrəbaya baş çəkmək, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərmək, küsülüləri barışdırmaq hər bir müsəlmanın borcudur.

Bu il Ramazan bayramı, inşallah, 2 may tarixinə təsadüf edəcəkdir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm. Allah-Təala bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun! Qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçəkləşsin! Bir daha müstəqilliyimiz, dövlətçiliyimiz uğrunda canını fəda etmiş cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirik. Uca Rəbbimiz müstəqilliyimizi əbədi, dövlətimizi, dövlət rəhbərimizi müzəffər, xalqımızı hər zaman qalibqərar versin! Allah-Təala Azərbaycanı qorusun! AMIN! 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ZAKİR HƏSƏNOV RAMAZAN MÜNASİBƏTİLƏ ŞƏXSİ HEYƏTİ TƏBRİK EDİB

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Təbrikdə deyilir: Cənab zabitlər,...

Bağla