QÜBBƏTUS-SAXRA

0

Qübbətus-saxra İslam mədəniyyətinin ilk örnəklərindən biridir. Qüds, 637-ci ildə Həzrət Ömər (r.a.) tərəfindən fəth edildikdən sonra tikdirdiyi məscidin üzərinə inşa edildiyi üçün Qərb qaynaqlarında “Ömər Məscidi” olaraq bilinir. Rəvayətə görə məscidin içində yerləşən müqəddəs qaya (səhre/həcərul-müəlləq) Həzrət Musanın (ə.s.) qibləsidir (Təbəri, 26/183). Qiblənin dəyişdirilməsi ilə bağlı ayələr nazil olana qədər (əl-Bəqərə 2/143-145, 149-150) Həzrət Muhəmmədin (s.ə.v.) Qüdsə yönələrək namaz qılmasındakı məqsəd budur (Bozkurt, 26/304). Kitabı-Müqəddəsdə və Qurani-Kərimdə səhre haqqında məlumatlar yer almır. Ancaq Talmudda və mişnalarda yer alan “even-şətiyya” və Əhdi-ətiqdə yer alan “dünyanın təməlindəki künc daşı”ndan (Əyyub, 38/4-6) məqsədin səhre olduğu qeyd edilir. Yəhudi etiqadına görə səhre, dünyanın mərkəzində yerləşən, Həzrət Nuhun (ə.s.) gəmisinin üzərinə endiyi, Həzrət İbrahimin (ə.s.) qurban kəsdiyi, Həzrət Davudun (ə.s.) tövbə etdiyi yerdir (Bozkurt, 26/305).

            Bəzi İslam mənbələrində səhredən “Beytul-Məqdis” olaraq bəhs edilir (Bəkri, 826). Belə ki, Həzrət Ömər (r.a.) Qüdsü fəth etdikdən sonra Kəb əl-Əxbarın şahidliyi ilə yeri müəyyənləşdirilmiş və xarabalıqdan təmizlətdirmişdir. Həzrət Ömər (r.a.) burada məscid inşa etmək istəyəndə Kəb əl-Əxbar Həzrət Ömərə (r.a.) məscidi saxranın arxasında inşa etməsini istəmişdir. Belə olduğu təqdirdə Həzrət Musa (ə.s.) və Həzrət Muhəmmədin (s.ə.v.) qiblələrini təyin etmiş olacağını demişdir. Ancaq Həzrət Ömər (rə.a.) Kəb əl-Əxbarın dediklərini onun irqi düşüncəsinə yozaraq məscidi səhrenin önünə inşa etmişdir (İbn Kəsir, 757).

            Qübbətus-saxranın inşa edilməsi ilə bağlı fərqli fikirlər vardır. Bu fikirlərdən birinə görə Abdullah ibn Zübeyr Məkkə və çevrəsinə hakim olduğu dövrlərdə suriyalı hacılardan beət almaq üzrə Əməvi hökmdarı Əbdülməlik ibn Mərvan tərəfindən Kəbəyə alternativ olaraq inşa edilmişdir. İnsanlar həc ibadətlərini icra etmək üçün xəlifəyə qarşı dirəndiyi vaxt Əbdülməlik ibn Mərvan “Ancaq üç məscidə ibadət niyyəti ilə səfərə çıxıla bilər” hədisini oxuyaraq Məscidi-Haram yerinə Beytul-Məqdisi, Kəbə yerinə də Merac gecəsi Həzrət Peyğəmbərin (s.ə.v.) ayaq basdığı (ayaq izinin olduğu) səhreni ziyarət edə biləcəklərini bildirmişdir. Bunun üzərinə xəlifənin əmri ilə səhre üzərinə qübbəli bina inşa edilmişdir. Beləliklə, səhre ətrafında təvafa başlanmışdır (Yəqubi, 2/261). Məqdisinin nəql etdiyi bir rəvayətə görə xəlifə Əbdülməlik ibn Mərvan, xristianlar kimi müsəlmanların əsərlərinə heyranlıqla tamaşa etməsinin qarşısını almaq üçün “Qübbətus-saxra”ni inşa etdirmişdir (Əhsənut-təqasim, 159).

            1948-ci ildə İsrail dövləti qurulduqdan sonra sentyabr-oktyabr aylarında yəhudilərlə fələstinlilər arasında meydana gələn qarşıdurmalar nəticəsində Qübbətus-saxraya ziyan dəymişdir. Məscidi-Əqsa ətrafında hələ də qarşıdurmalar davam edir. Təəssüf ki, İslamın ilk qibləsi və üç müqəddəs məsciddən biri olan Məscidi-Əqsa yox olmaqla üz-üzədir. Hər bir müsəlman öz tarixini və önəmli dini mərkəzlərini yaxşı bilməlidir. Məscidlərdən mədrəsələrə, ziyarətgahlardan qələmə alınan elmi əsərlərə qədər önəmli eksponatlar İslam mədəniyyətinin tərkib hissəsidir. Müsəlmanlar olaraq bizim tariximizə və mədəniyyət abidələrimizə sahib çıxmalıyıq. Əgər dəyərlərimizə sahib çıxmasaq gələcəkdə bizi təmsil edəcək şeylərdən yoxsun qalacağıq.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident Azərbaycanın Cəmmu və Kəşmir məsələsində hər zaman Pakistanı dəstəklədiyini bildirib

Prezident İlham Əliyev Azərbaycanın qardaş Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəklədiyini bir daha qeyd edib. Dövlət başçısı bu...

Bağla