QÜDSÜN FƏTHİNİ TEZLƏŞDİRƏN DÖYÜŞ: HİTTİN MÜHARİBƏSİ

0

1099-cu ildə bulonlu Qodfridin rəhbərliyində Qüds mərkəzli xristian krallığı qurulduqdan sonra səlibçilər dövlətin sərhədlərini genişlətməyə davam etdilər. Qısa müddət ərzində Aralıq dənizinin sahil boyunca yerləşən şəhərləri və qalaları zəbt edərək krallığın sərhədlərini genişlətdilər. Eyni zamanda Qüds xaçlı krallığı bölgədəki müsəlman şəhər dövlətləri üçün ciddi bir təhdid idi. Cüzzamlı kral IV Baldvinin (1174-1185) hakimiyyəti illərində krallıq zəifləməyə başlamışdı. Səlahəddin Əyyubi və sələfi Nurəddin Mahmud Zəngi hər vəchlə səlibçilərlə mübarizə aparırdı. Qısa müddət ərzində ordusunu gücləndirən Səlahəddin Əyyubi 1179-cu ildə Mərciuyun müharibəsində səlib qüvvələrini yox edərək qələbə qazandı və Beytuləhzan qalasını geri aldı. Səlibçilərlə mübarizənin davam etdiyi dövrdə müsəlmanlar arasında ciddi bir çaxnaşma var idi. Hələ də müsəlman şəhər dövlətləri düşmənə qarşı birgə mübarizə apara bilmirdilər. Hətta bəzi müsəlman hökmdarları rəqibləri ilə girdiyi mübarizədə qalib gəlmək üçün səlibçilərlə ittifaq qurmuşdular. Səlahəddin Əyyubi bunu bildiyi üçün 1183-cü ildə Hələbi, 1186-cı ildə isə Mosulu vahid mərkəzi hökumətə tabe edərək çaxnaşmaları və taxt uğrunda gedən mübarizələri sonlandırdı.

            Səlahəddin Əyyubi, mərzəkə bağlı güclü dövlət idarəsi qurduqdan sonra ordu quruculuq işlərinə yönəldi. Daxildəki problemləri həll edərək əsl qayəsi olan Qüdsə doğru yönəldi. Həmin dövrdə Qüds xaçlı kralı lüsiqnalı Qay və Kerek-Şevbek bölgəsinin qrafı şatillonlo Reynald ilə müqavilə imzaladı. Müqaviləyə əsasən tərəflər ticarət karvanlarını qarət etməyəcəkdilər. Çox keçmədən şatillonlu Reynald ticarət karvanına hücum edərək müsəlmanları öldürdü və mallarını qarət etdi. Bunu eşidən Səlahəddin Əyyubi çox əsəbləşdi. Kraldan karvanın qan haqqını tələb etdi. Ancaq nə kral, nə də şatillonlu Reynald bu pulu ödəmədilər. Səlahəddin Əyyubi ordusunu toplayaraq Qüds xaçlı krallığı üzərinə hərəkət etməyə başladı. Bu əsnada oğlu əl-Məlikul-Əfdala məktub yollayaraq ordusunu hazırlamasını əmr etdi. Qısa müddət ərzində əl-Məlikul-Əfdalın rəhbərliyində Hələb, Mosul və Diyarbəkr ətrafından gələn ordular birləşdilər. Səlahəddin Əyyubi, Təbəriyyə gölünün ətrafında toplanan orduya özünə yaxın olan və etibarlı əmrlərini rəhbər təyin edərək xüsusi tapşırıqlar verdi. Nəhayət 4 iyul 1187-ci ildə Səlahəddin Əyyubinin rəhbərliyindəki ordu Təbəriyyə gölünün yaxınlığında yerləşən Hıttin adlı kənddə lüsiqnalı Qayın rəhbərlik etdiyi səlib ordusunu qarşıladı. Xristianlar müharibəyə Həzrət İsanın (ə.s.) çarmıxa çəkildiyi zənn edilən əsl xaçı da gətirmişdilər. Tərəflər arasında meydana gələn qanlı döyüş nəticəsində müsəlmanlar böyük bir zəfər qazandılar. Kral Qay və şatillonlu Reynald əsir düşdü. Hər ikisi Səlahəddin Əyyubinin otağına gətirildi. Səlahəddin Əyyubi kralın susuzluqdan əziyyət çəkdiyini gördükdə ona sərin su verdi. Bu, kralın bağışlandığından xəbər verirdi. Bu əsnada şatillonlu Reynald kralın əlindəki su qabını alaraq içməyə cəhd etdi. Səlahəddin Əyyubi buna çox əsəbləşdi. Şatillonlu Reynalda etdiyi yanlışları xəbər verərək İslama dəvət etdi. Şatillonlu Reynald etdiklərindən peşman olmadığını və yenə edə biləcəyini dilə gətirdi. Hirsi daha da artan sultan ordaca Reynaldı öldürdü.

            4 iyul 1187-ci ildə baş verən Hıttin döyüşü böyük əhəmiyyətə sahibdir. Belə ki, Hıttin döyüşü Qüdsün fəthinin önünü açdı. Bu, qəti bir şəkildə səlibçilərin bu coğrafiyada bir daha dövlət qura bilməyəcəklərinə işarə edirdi. Həmçinin səlib qüvvələri son güclərini Hıttin döyüşündə sərf edərək hücum mövqeyindən müdafiəyə keçdilər. Yəni, səlibçilər əllərində qalan son ordularını Qüdsə çəkərək müdafiə üçün hazırlanmağa başladılar. Eyni zamanda kral Qay əsir olduğu üçün Qüds xaçlı krallığı başsız qaldı. Qüdsdə kralın yoxluğunu fürsət bilən Templier və Hospitalier təriqəti döyüşçüləri ilə kral ailəsi arasında hakimiyyət uğrunda mübarizə başladı. Nəhayət, Səlahəddin Əyyubinin rəhbərliyindəki ordu 2 oktyabr 1187-ci ildə Qüdsü fəth edərək səlib hakimiyyətini sonlandırdı.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DAŞKƏNDDƏ TDT MÜSƏLMAN DİNİ İDARƏ RƏHBƏRLƏRİ ŞURASININ GÖRÜŞÜ KEÇİRİLİB

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatının Müsəlman dini idarə rəhbərlərinin 4-cü görüşü keçirilmişdir. Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam...

Bağla