QULLUĞA AÇILAN QAPI

0

İnsanın əsas inkişafı zahiri görünüşündən deyil, daxili aləmindən başlayır. Bu dəyişiklik ruhun, niyyətin və qəlbin saflaşması ilə baş verir. Qurani-Kərimdə bu prinsip belə ifadə olunur:
“Şübhəsiz ki, bir qövm özlərində olanı dəyişməyincə, Allah onlarda olanı dəyişməz” (Rad, 11). Bu ayə göstərir ki, insanın daxilindəki dəyişiklik onun taleyini, həyatını və ilahi nemətlərə olan münasibətini formalaşdırır.

İnsanın qəlbindəki niyyətlər onun davranışlarını və nəticədə Allahla olan münasibətini müəyyən edir. Əgər bir insan qəlbində paxıllıq, həsəd və təkəbbür kimi mənfi hisslərə yer verərsə, Allah onun yolunu mənfiyə doğru asanlaşdırar: “Onlar haqq yoldan azdıqları zaman Allah da onların qəlblərini azdırdı. Allah fasiqləri doğru yola yönəltməz” (Saff, 5).
Bu, Musanın qövmünün öz peyğəmbərinə əziyyət verməsi nəticəsində baş verən mənəvi süqutun nümunəsidir.

Əksinə, tövbə və daxili dönüşüm insanı ucaldır. Adəm əleyhissalam xəta etdikdən sonra tövbə etdi və Allah onu bağışladı (Taha, 121–122). Yunus əleyhissalam da öz xətasını anlayaraq tövbə etdi və Allah onu izzətləndirdi (Saafat, 143–146). Onun qövmü də iman gətirərək daxili dəyişiklik etdi və Allah onları əzabdan qorudu (Yunus, 98).

Bir gün, içki içən, yanlış yolda həyatını keçirən bir adamın evinin qapısı döyülür. Qapını evin xidmətçisi açır. Gələn adam: “Bu evin sahibi hürdür, yoxsa qul” deyə soruşur. “Bu evin sahibi hürdür” cavabını alan əcnəbi: “Bəlli məsələdir, əgər qul olsaydı qulluğunun gərəyini yerinə yetirərdi” deyir və çıxıb gedir. Xidmətçi qapıya qədər gələn adamın dediklərini ev sahibinə çatdırır. Bunu eşidən ev sahibi adamın arxasınca gedir və onun özündən bu sözləri dinləyir. Adam bir müddət əvvəl dediyi sözləri təkrarlayır; “Sən qul olsaydın, qulluğunun gərəyini yerinə yetirərdin”. Bu sözlərdən təsirlənən adam tövbə edərək saleh bir mömin olur.

Allah məni seçdi, təmizlədi və tövbəmi qəbul etdi. Niyə məhz məni?” Bu sual, hər birimizin öz həyatında verməli olduğu sualdır. İnsan olmaq, müsəlman olmaq və son peyğəmbərin ümmətindən sayılmaq – bu üç böyük nemət bizə üç böyük məsuliyyət yükləyir.

Bu məsuliyyətləri yerinə yetirmək üçün insanın “qul” olduğunu dərk etməsi vacibdir. Qulluq, sadəcə ibadət deyil, həm də Allahın rizasını qazanmaq üçün batindən zahirə doğru bir dəyişiklikdir. Bu dəyişiklik insanı kamilliyə aparan yoldur.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Dövlət Komitəsinin sədri Özbəkistanda keçiriləcək I Beynəlxalq İslam Forumunda iştirak edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov 6–8 iyul tarixlərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO)...

Bağla